azia.az
azia.az

İlham Əliyev: “Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”

29-09-2016, 12:38

İlham Əliyev: “Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”
V Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başladı
Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. İki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu ildən keçirilən Forumun təşəbbüsçüləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın sabiq prezidenti, hazırda bu ölkənin baş naziri olan Dmitri Medvedev olublar.

Forumda prezident İlham Əliyev açılış nitqi ilə çıxış edib. Prezident bildirib ki, V Bakı Beynəlxalq Humanitar Forumu nda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Onun sözlərinə görə, forum beynəlxalq aləmdə böyük hörmət qazanıb.

“Azərbaycan bu yolla gedir...”

İlham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa hər zaman böyük önəm verir: “Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan həm də mötəbər idman yarışlarına əməkdaşlıq edir. Bu il Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan bu yolla gedir ”.

İlham Əliyevin sözlərin görə, bu tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır: “Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir. Bu gün dünyanın müxtəlif nöqtələrində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq bunun qarşısının alınmasında mühüm rol oynaya bilər”.

Avropa Şurası və İƏT arasında əlaqə

Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib.

“Biz Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna "Bakı Prosesi" adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”-İlham Əliyev deyib.

Prezident çıxışında bildirib ki, Azərbaycan bundan sonra da mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verməyə çalışacaq: “Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Azərbaycan dövləti məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd edilir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik”.

Bədbin fikirlər haqda

İlham Əliyevin dediyinə görə, bu gün dünyanın bir neçə yerində multikulturalizmlə bağlı bədbin fikirlər səslənir: “Bəzilər imultikulturalizmə yol verilməsini düzgün saymır, bəziləri bu ideyanı iflasa uğramış hesab edir. Lakin multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir, bunlar isə çox təhlükəli meyllərdir. Tarixdə bu meyllərin güclənməsinin hansı faciələrə yol açdığını görmüşük. Ona görə də dünya multikulturalizmlə bağlı vahid mövqe nümayiş etdirməlidir. Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır”.

Təhlükəli proseslər

Azərbaycan prezidenti çıxışında vurğulayıb ki, dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onun sözlərinə görə, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: “Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq”.

Prezident İlham Əliyev islamofobiyanın təhlükəli olduğunu söyləyib: “Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.

İşğal amilinə baxmayaraq Azərbaycan güclənir

Prezident çıxışında ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində törətdikləri əməlləri də forum iştirakçılarının nəzərinə çatdırıb. Xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur. Ermənistan isə buna məhəl qoymur. “Bu, böyük ədalətsizlikdir. Qətnamələrin icra mexanizmi yoxdur. Bəzən BMT qətnamələri saatlar, günlər ərzində icra edilir, işğalçı cəzalandırılır. Bizə gələndə, bu qətnamələr 20 ildir, icra edilmir”-dövlət başçısı deyib.

İlham Əliyev vurğulayıb ki, işğal amilinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi güclənir. Prezident deyib ki, son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib. Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir.

“Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”-İlham Əliyev nitqində deyib. (rəsmi KİV-lərin materialları əsasında)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi