azia.az
azia.az

Siz niyə estetik əməliyyat etdirirsiniz? - REPORTAJ

4-03-2016, 15:15

Siz niyə estetik əməliyyat etdirirsiniz? - REPORTAJ Sorğu

- Estetik əməliyyata münasibətim normaldır. Mən də estetik əməliyyat etdirərdim. Məsələn, burnum xoşuma gəlmir. Bircə burnumu bəyənmirəm. Uğursuz əməliyyatlar hamıda olmur. Müğənnilərdən Sevinc və Sevil bacılarını deyək. Onlarda, məsələn, normaldır, amma elələri var ki, onlarda pis çıxıb. Yəni yaxşı həkimin yanına getsək, yaxşı da alınar. Məsələn, Maykl Ceksonda alınmayıb.
- Estetik əməliyyatlara münasibətim pis deyil. Yəni ehtiyacı olan insan plastik əməliyyat eləməlidir, məncə. Belə pis bir şey görmürəm bunda. Mənə lazım olsa, etdirərdim. Hazırda görünüşümdə heç nəyi dəyişmək istəməzdim. Amma bəlkə gələcəkdə nə isə lazım olar yaşla bağlı. Edərəm yəni. O, həkimdən asılıdır. Biri var ki insana lazımdır edir, biri də var ki, artıq vərdiş halını alıbdır, onda baxanda pis görünür. Aygün Kazımovada öyrəşmişik bəlkə də, Rəqsanədə pis görünür, çox uğursuz əməliyyatlar olubdur.
- Plastik əməliyyatlara fikrim təbii ki, etirazdır. Allah nə veribsə, görünüş elə də qane olmalıdır. Allahdan gözəl rəssam yoxdur.
- Allah necə veribsə, insan o cür olmalıdır. Kompleks yaradırsa, adaptasiya olmalıdır. Psixoterapevtə getməlidir. Çünki Allah onu yaradıbsa, o cür yaradıb, heç bir halda estetik əməliyyatı qəbul etmirəm, normal bir şey deyil.
- Artıq dərəcədə qüsur yaradırsa, o olar, ona pis baxmıram. Burnu çox yekədirsə, onu plastik əməliyyat edirsə, o olar, sadəcə, gözünü dartdırmaq, çənəsini kəsdirmək artıq şeylərdir. Lazımlı miqdarda etmək olar, qadınlar edə bilər. Kişilərdə heç yaxşı baxmıram, kişi pis görünsə də olar. Meymundan bir damcı fərqli olsa, bəsdir.
Kimi keçirdiyi estetik əməliyyatlardan razı qalıb, özünü dünyanın ən xoşbəxti hiss edir, kimi isə illərlə bu əməliyyatın fəsadlarını yaşayır, depressiyaya düşür. Əvvəlki dövrlərə nisbətən son illər Azərbaycanda estetik əməliyyat edənlərin sayı durmadan artır. Plastik rekonstruktiv və estetik cərrah Rauf Kərimov deyir ki, buna səbəb son vaxtlar ölkəmizdə yetəri qədər mütəxəssislərin olmasıdır. Onun sözlərinə görə, hər bir ölkənin estetik əməliyyata fərqli tələbatı var. Bizdə isə estetik cərrahiyyə deyildiyi zaman ilk ağıla gələn burun əməliyyatı olur: "100 faiz götürsək, haradasa onun 50 faizi burun əməliyyatıdır. Geridə qalan 50 faizinin deyək ki, 20 faizi, ya da 15 faizi süd vəzisi, qalanları qarın əməliyyatdır. Geri qalan 10 faizi qulaq əməliyyatı və s."
Plastik cərrah qeyd edib ki, dünyanın hər yerində uğursuz əməliyyatlar var. Onun sözlərinə görə, bu sahədə peşəkarlıq mütləqdir. Amma bəzən işini bilən həkimlərin də uğursuz əməliyyatları olur. Yəni burada istisnalar mövcuddur: "Hətta deyirlər sənin uğursuz əməliyyatın yoxdursa, deməli, sən əməliyyat etmirsən. Deyək ki, xəstə çox irəli dərəcədə əyri bir burunla gəlir. Biz bütün xəstələrə deyirik ki, bu irəli dərəcənin dərəcəsini azaltmaq mümkündür, burun əməliyyatından sonra daha yüngül nəfəs ala biləcəksiniz, amma əyrilik də qismən qala bilər, qalmaya da bilər. Bəzən həqiqətən də nə etsən, olmur. Çünki qığırdaqda və sümükdə elə bir deformasiyalar baş verir ki, onları düzəltmək mümkünsüzdür. Düzdür, biz qığırdaq sümüyü də köçürdürük. Buna baxmayaraq, ikinci-üçüncü əməliyyat keçirməli oluruq. Burnun forması bir az daha kobudlaşır. Birinci seansda bəzən həmin uğuru əldə edə bilmirsən. İkinci, üçüncü seansda artıq xəstə də deyir ki, mənim üçün yetərlidir bu. Əvvəlki halını bildiyi üçün indiki halı onun üçün daha yaxşıdır. Ətrafdan baxan bunu uğursuz kimi qəbul edir".
Rauf Kərimov məsləhət görür ki, əməliyyat etdirmək istəyənlər ilk növbədə sınanmış həkimlərə müraciət etsinlər. Müayinəyə gedərkən isə mütləq həkimin ixtisası, harada təhsil aldığı ilə maraqlansınlar. Onun sözlərinə görə, Azərbaycanda 10 nəfərə yaxın bu sahənin mütəxəssisi var ki, onlar həqiqi ixtisas almış cərrahlardır: "Bəzən həkim ümumi cərrahdır, amma burun əməliyyatı edir. Deyək ki, ginekoloqdur, süd vəzisi əməliyyatı edir. Həkimə demək olar ki, siz haranı bitirmisiniz. Elə-belə gedib 6 ay, 1 il kurs keçmək deyil, ixtisası keçmək çox önəmlidir. Mən də gedib Almaniyada kurs keçə bilərəm. Onu ixtisas aldıqdan sonra getməyin faydası var. İxtisasını plastik cərrah kimi alan həkimlərə müraciət etsinlər".
Müsahibimiz plastik əməliyyatla bağlı müraciət edənlərin daha çox qadınlar olduğunu deyib. Kişilər isə daha çox qulaq, burunda olan çəpər əyriliyinə, saç əkimi, üz-göz qapaqlarının düşməsinə görə müraciət edirlər. Bundan başqa, kişilərdə süd vəzilərinin böyüməsi hallarına rast gəlinir ki, bu da onlarda kompleks yaratdığı üçün əməliyyata üz tuturlar. Qiymətlər isə hər bir xəstəyə görə individualdır.
Məşhurların Azərbaycanda deyil, xaricdə estetik əməliyyat etdirməsinə gəlincə, Rauf Kərimov bildirib ki, bu, Azərbaycanda plastik cərrahlara etibarsızlıqla əlaqəli deyil, sadəcə, əməliyyatı gizlətmək məqsədilə xaricə üz tuturlar.
Psixoloq Təhminə Çələbi isə deyib ki, əgər insan özünü bəyənmirsə, bunun çox dərinliyinə gedirsə, onda dismorfofobiya var. Belə insanlar adətən plastik əməliyyatlara meylli olur. Psixoloq deyib ki, buna görə də xaricdə əgər insan təkidlə plastik əməliyyat etdirmək istəyirsə, mütləq onu psixoloqa, ya da psixoterapevtə yönləndirirlər: "Onunla söhbət edirlər. Psixoloji durumu qaydasındadırsa, bu fobiya komplekslərdən söhbət zamanı əgər canını qurtara bilirsə, artıq plastik əməliyyata ehtiyac olmur. Plastik əməliyyatlara meyllilik insanın özünü olduğu kimi qəbul etməməkdən irəli gəlir. Hər bir insanın öz düşüncələrində müəyyən bir ideal var. Onu gözəl hesab edir və bu bəzən absurd olur. Heç cür öz cizgilərinə uyğun olmayan bir insan hansısa fotoşəkili aparıb deyə bilər ki, məni məhz belə edin və bu zaman artıq orada psixoloji durumda demək ki, müəyyən əskikliklər mövcuddur".
Psixoloq deyib ki, insan əgər özünü bəyənmirsə, bu, özünəinamın aşağı olması ilə bağlıdır və bütün sahələrdə insana təsir göstərir: "Əməliyyatdan sonrakı görüntü insanın beynində bir növ canlanmağa başlayır. Təxəyyülündə təsvir etdiyi fiziologiyaya sahib olmaq istəyir və təbii ki, əməliyyatdan həmən sonra bunun olması mümkün deyil. Ola bilər ki, müəyyən müddət sonra, üzdə cizgilər artıq oturuşandan sonra istədiyi bir şey olacaq, lakin əməliyyatdan sonra təbii ki, orada şişlər olur və insan ilk güzgüyə baxdığı zaman istədiyi görüntünü görmürsə, burada artıq affekt hal da keçirə bilər. Bəzən nevroz, isterik insanlar olur ki, əməliyyatdan sonra onların reaksiyaları qeyri-adekvat olur. Onlar bunu bəyənmir, bəyənmədiyi zaman ruh düşkünlüyü yaranır, bu isə gətirib xroniki depressiyaya, stressə çıxardır ki, bundan sonra artıq müəyyən patoloji xəstəliklər də əmələ gələ bilər".
Təhminə Çələbi deyib ki, əgər xarici görünüş insanı doğrudan da narahat edirsə, psixoloji, bioloji və fizioloji durumu buna imkan verirsə, əməliyyat etməkdə heç bir mənfi cəhət yoxdur.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə plastik cərrahiyyə əməliyyatı etdirən məşhur xalq artisti, bədii qiraətçi Əminə Yusifqızı olub. O, burnunu əməliyyat etdirib. Onun ardınca xalq artisti, müğənni Flora Kərimova əməliyyat stoluna uzanıb. İfaçı SSRİ dövründə iki dəfə plastik əməliyyat etdirib və hər iki əməliyyat Gürcüstanda baş tutub.
İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı isə mərhum müğənni Nəzakət Məmmədova olub. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi