azia.az
azia.az

Aleksey Fenenko: Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu - MÜSAHİBƏ

19-05-2020, 10:06

Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı keçirərək, bir çox açıqlamalar verib. Onun ən maraqlı açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aid idi. Ermənistan liderinin sözlərinə görə, inqilabdan sonra (söhbət 2018-ci ilin yaz hadisələrindən gedir - red.) Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sənədlər yoxdur, “köhnə sənədlərin hamısı isə rədd edilib, çünki onlar bizim üçün qəbuledilməzdir”.
Aleksey Fenenko: Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu - MÜSAHİBƏ
Nikol Paşinyan məhz bu şəkildə bir neçə həftə əvvəl danışıqlar masasında mərhələli həll planı ilə bağlı sənədin olduğunu bildirən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Qarabağ nizamlanması ilə bağlı açıqlamasına münasibət bildirib.

Tanınmış rusiyalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının mütəxəssisi, Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Media.Az-ın bu məsələlərlə bağlı suallarını cavablandırıb.

- Baş nazir Nikol Paşinyan böyük mətbuat konfransı keçirdi və Ermənistanın Qarabağ tənzimlənməsi ilə bağlı bütün “köhnə sənədləri” rədd etdiyini bildirdi. Beləliklə, o, Rusiya Xarici İşlər nazirinin danışıqlar masasında bir planın olması barədə açıqlamasına münasibət bildirdi...

- Bunu dərhal Rusiyanın mövqelərinə zərbə adlandırmaq olar. Rusiya Federasiyası Qarabağ məsələsində vasitəçi olub və hələ də bu missiyanı davam etdirir. 2016-cı ildə məhz Rusiyanın vasitəçiliyi ilə Qarabağ tənzimlənməsinin yeni mərhələli planı barədə Sankt-Peterburq və Vyana sazişləri imzalanıb.

İndi məlum olur ki, Ermənistan rəsmi şəkildə Rusiyanın vasitəçiliyindən imtina edib. Bununla da Rusiya diplomatiyasını ciddi şəkildə pis vəziyyətdə qoyub. Bəli, Nikol Paşinyan əvvəllər də razılaşmanı hər şəkildə pozurdu, imtina edirdi, uzadırdı. Ancaq bu vaxta qədər Ermənistanın razılaşmalardan imtina etdiyini eşitməmişdik, bunu vurğulayıram. İndi bu baş verdi. Ermənistan Rusiyanın vasitəçiliyi ilə əldə olunan bütün razılaşmaların üstündən xətt çəkir.

- Bəs bundan sonra nə olacaq? İllərdir davam edən danışıqlar, güzəştlər sadəcə, sıfırlanacaq? Hər şey sıfırdan başlamalıdır?

- Bəli, belə çıxır ki, hər şey sıfırdan başlayır. Ermənistan Azərbaycana NATO-nun Yerevanla birlikdə olduğunu göstərmək üçün ABŞ və Fransanı bu prosesə cəlb edəcək. Eyni zamanda, bunu Rusiyaya da göstərəcək. Bu bir erməni strategiyasıdır.

Bundan əlavə, hesab edirəm ki, Nikol Paşinyan Qarabağ münaqişəsinin həllinə başlamamaq üçün ləngitmə taktikasını seçir. O, gah sazişlərlə razılaşır, gah razılıqların olmadığını bəyan edir. Eyni zamanda, sülh danışıqlarının davam etdirildiyi görüntüsünü yaradır.

- Bəs dünyanın bir çox ölkələri kimi iqtisadi böhran və koronavirus pandemiyası səbəbindən çətin vəziyyətə düşən Ermənistana bu sərf edirmi?

- Düşünürəm ki, Ermənistan tərəfi yaranan çətin iqtisadi vəziyyətə görə dəymiş ziyanı elə “millətçilik partlayışı” ilə ödəmək istəyir. Yəni, xarici problemlərin köməyi ilə insanları daxili problemlərdən yayındırmaq və bununla da, cəmiyyəti birləşdirmək arzusundadır.

- Başqa sözlə, “ümumi düşmən” təklif etmək...

- Bəli, tamamilə doğrudur. Bu, hələlik təbliğatla tamamlanacaq: guya Rusiya Ermənistana xəyanət edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi