azia.az
azia.az

İlham Əliyevi qarşılayan Prezident - Böyrəyinin birini xanımına verən LİDER

Bu gün, 14:25

Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Berlindəki "Villa Borsig" iqamətgahında bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən qarşılanıb.
Azərbaycan və Almaniya prezidentlərinin əvvəlcə təkbətək sonra geniş tərkibdə görüşü keçirilib.

Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer xanımı Elke Büdenbender ilə 2025-ci ilin aprelində Bakıda səfərdə olmuşdu.

O zaman Frank-Valter Ştaynmayer və birinci xanım Elke Büdenbender Bakıda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak etmiş, İçərişəhəri gəzmiş, Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertə baxmışdılar.
Frank-Valter Ştaynmayer Bakıda verdiyi bəyanatda "Qarabağ Azərbaycan ərazisidir" deməklə erməniləri də məyus etmişdi.

Məlumata görə, Frank-Valter Ştaynmayer Avropada böyrəyinin birini xanımına verən Prezident kimi tanınır.

70 yaşlı alman Prezident Frank-Valter Ştaynmayerlə 64 yaşlı birinci xanım Elke Büdenbenderin 1996-cı il təvəllüdlü Merit adlı bir qızı var.

Ştaynmayer ailəsi ilə birlikdə Berlinin ən prestijli ərazilərindən biri olan Zehlendorfda yaşayır.

Birinci xanım Elke Büdenbender 2010-cu ildə böyrək transplantasiyası əməliyyatı keçirib.
Donor onun əri olub. Həmin vaxt böyrəyinin birini xanımına bağışlayan Frank-Valter Ştaynmayer müvəqqəti olaraq siyasi arenanı tərk etmək məcburiyyətində qalmışdı.

O zaman Frank-Valter Ştaynmayer xanımı üçün donor olmasını belə izah etmişdi:

"Alternativin olmamasına və analizlərin nəticələrinə görə mən özüm böyrək donoru oldum".


Siyasətçinin sözlərinə görə, cütlük donor böyrəyini gözləməmək qərarına gəlmişdi, çünki həkimlərin fikrincə, transplantasiya təcili lazım idi və bu proses gecikməməliydi.

2010-cu ilin oktyabrında Frank-Valter Ştaynmayer yenidən aktiv siyasi fəaliyyətə qayıdıb.

Almaniyanın birinci xanımı Elke Büdenbender inzibati işlər üzrə hakimdir. O, mümkün qədər şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır. Maraqlıdır ki, Elke Büdenbender 1995-ci ildə Ştaynmayerlə evləndikdən sonra soyadını dəyişməyib. Şəxsi həyatını nə qədər diqqətdən kənarda saxlamağa çalışsa da, 2010-cu ilin yayında Elke Büdenbender istəmədən özünü ictimaiyyətin diqqət mərkəzində tapmışdı. O zaman böyrək çatışmazlığından əziyyət çəkirdi. Vəziyyət o qədər mürəkkəbləşmişdi ki, Elkenin yalnız iki yolu var idi: ya həyatının qalan hissəsi üçün həftədə bir neçə dəfə dializ müalicəsi qəbul etmək, ya da böyrək transplantasiyası. Bununla belə, uyğun bir orqan üçün orta gözləmə müddəti beş-yeddi il idi - Elkenin isə vaxtı yox idi. Donor məsələsində əri onun köməyinə çatdı.

O zaman Frank-Valter Ştaynmayerin hərəkətləri ona dərin ictimai hörmət qazandırdı. O, nə etdiyini yaxşı bilirdi: artıq bir neçə onilliklərdir ki, Frank-Valter Ştaynmayer ölümündən sonra orqan donoru olmağa razılığını təsdiqləyən xüsusi kart daşıyır.

Tələbəlik illərində Ştaynmayerin özü də oxşar vəziyyətlə üzləşmişdi: ağır infeksiyaya yoluxan gələcək siyasətçi görmə qabiliyyətini itirə bilərdi və yalnız riskli buynuz qişasının transplantasiyası sayəsində bundan xilas olması mümkün idi. O zaman onun gözünü əməliyyat etdilər.

Frank-Valter Ştaynmayer 19 mart 2017-ci ildə Almaniya Prezidenti seçilib. Bundan öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləyib, 2007-2009-cu illər isə vitse-kansler olub. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur.

Ə.Qafarlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi