azia.az
azia.az

Reyhanın vurulduğu yoldakı təhlükə... - Günahkar kimdir?

30-06-2017, 12:55

Reyhanın vurulduğu yoldakı təhlükə... - Günahkar kimdir?


Azərbaycan çempionu Reyhan Məmmədovanın piyada zolağında vurularaq öldürülməsini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.

Gənc idmançı yol hərəkət qaydalarına tam əməl edərək piyada keçidindən keçsə də, sürətlə gələn maşın onun həyatına son qoyub.

Məlum hadisədən sonra sərnişinlər Nobel prospektindəki piyada zolaqlarının təhlükəli yerlərdə qoyulduğunu iddia edirlər.

Çoxzolaqlı yollarda piyada zolaqlarının salınması nə dərəcədə doğrudur?

“Qafqazinfo” bu suala cavab tapmaq üçün ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.

O bildirib ki, piyada keçidlərinin yaşayış məntəqələrinin yaxınlığındakı yollarda olması qaçılmazdır. Kim ki, yolun sürətli olduğunu və orada piyada zolaqlarının çəkilməməsini iddia edirsə, yanlışdır:

“Ümumiyyətlə, şəhərdaxilində sürətli yol ola bilməz. Küçədən istifadə edən həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi üçün bütün qaydalara əməl etmək vacibdir. Hazırda ölkəmizdə yol hərəkətinin çoxsaylı iştirakçıları piyadalardır. Dedik ki, həmin yolda piyada keçidi ola bilər. Ancaq necə olmalıdır, bir də ondan danışaq.

Sözügedən yol çoxzolaqlıdır və iki hərəkət hissəsi, hər hissədə isə 4 zolaq var. Belə yollarda işıqforsuz piyada keçidi çox təhlükəlidir. Hətta piyada axını çox olduğu təqdirdə yaxşı olar ki, yeraltı və yerüstü piyada keçidi tikilsin. Bu, ən təhlükəsiz variantdır. Maddi baxımdan imkan olmadıqda isə, qeyd etdiyim kimi ən azı hərəkət işıqforla tənzimlənməlidir”.

Videoya çox diqqətlə baxdığını vurğulayan ekspert yolda işıqlandırma probleminin olmadığını deyib:

“Düzdür, video məhdud bir sektoru göstərir, avtomobilin əvvəlki dinamikası barədə məlumat olsaydı, hadisəyə tam dəqiq hüquqi qiymət də vermək olardı. Burada incəliklər nələrdir? Prospektdə işıqlar normal qaydada yanır və burada hadisənin qaranlıq olduğu üçün baş verdiyini iddia etmək qəti olmaz. Paytaxtın elə küçələri var ki, işıqlar yoxdur və yaxud söndürülür. Ancaq burada işıqlandırma normal qaydada olub. Kamerada qız da, iti də açıq-aydın görünür”.

Bəs sürücülər nə vaxt piyadalara yol verməlidir?

Ə. Hüseynov bildirib ki, videoda açıq-aşkar görünür ki, avtomobilin sahibi Yol Hərəkəti Haqqında Qanunun 54-cü maddəsinin piyadalara yol verməklə bağlı tələbini pozur:

“Qanun deyir ki, əgər nizamlanmayan piyada keçidi varsa və piyada həmin keçidə daxil olubsa, sürücü sürətini azaltmalı, hərəkətə mane olacaqsa, tam dayanmalıdır. Biz həmişə sürücülərə belə yerlərdə daha diqqətli olmağı məsləhət görürük.

Orada yol hərəkətinin tənzimlənməsi ilə bağlı başqa bir məqam da ondan ibarətdir ki, orada piyada keçid nişanı yolun sağ və sol tərəfində qoyulub. Bu kimi çoxzolaqlı yollarda yolayrıcı hissəsədə də nişan qoyulmalıdır.

Son olaraq qeyd edirəm ki, yol hərəkəti qaydaları normal dünyagörüşü, düzgün həyat tərzi olan, cəmiyyətdəki dəyərlərə normal yanaşan insanlar üçündür. Əks halda insanlıq problem olan şəxs hər bir qaydaya düzgün əməl olunan yolda belə piyadanı öldürəcək”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi