azia.az
azia.az

İlham Əliyev: Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilib

15-01-2020, 12:11


“Bir məsələni də bildirmək istəyirəm, vaxt keçdikcə bunların hamısı unudulur. O da “Şahdəniz” yatağının işlənməsi ilə bağlıdır. 1996-cı ildə kontrakt imzalanmalı idi, bütün danışıqlar başa çatmışdı. Ancaq iqtidar üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmamalıdır. Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətlə, neft-qaz sənayesindən xəbəri yox idi”.
İlham Əliyev: Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilib
Virtualaz.org bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 14-də akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

Prezident bildirib ki, həmin şəxs sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu: “Ancaq heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin bütün rəhbərliyini dəvət etdi, hər birinə söz verdi. Hər biri çıxış edərkən dedi ki, bu kontrakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir, o cümlədən Xoşbəxt müəllim”.

Dövlət başçısı xatırladıb ki, Ulu Öndər Xoşbəxt müəllimin sözünə böyük diqqətlə qulaq asırdı: “Məhz Xoşbəxt müəllimin, eləcə də ümumi fikir belə idi ki, kontrakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, əgər “Şahdəniz” kontraktı 1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də Cənub Qaz Dəhlizi olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı? Əgər “Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz ixrac edən ölkəyə çevrilibdir”.

Ölkə başçısı onu da bildirib ki, neft-qaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaq: “Əlbəttə, biz çalışacağıq və əminəm buna nail olacağıq ki, qeyri-neft sektoru da inkişaf etsin. Keçən ilin göstəriciləri bunu əyani şəkildə sübut edir. Ancaq hər kəs bilməlidir ki, neft-qaz sektoru aparıcı sektordur. Bu da təbiidir. Çünki neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan yeni texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işə salıb: “Nəhəng neft-qaz kəmərləri inşa olunubdur, neftdən əldə olunmuş gəlirlər hesabına böyük nəqliyyat layihələri icra edilibdir. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün gələcək Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini tapacaqdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi