azia.az
azia.az

Bakıda dollar satışına qadağa - Nə baş verir?

11-01-2021, 13:35

Bakıda dollar satışına qadağa - Nə baş verir?

Benzinin və dizelin qiymət artımından sonra bir çox sahələrdə bahalaşma hiss olundu. Eyni zamanda, ölkədə dollara tələbatda çoxalma müşahidə edildi. Hətta, dünəndən etibarən bəzi banklarda dollar satışına qadağa qoyulmasına dair məlumatlar da yayılır. Bu, onunla əlaqələndirilir ki, cəmiyyət xarici valyutanın bahalaşacağını düşünür, beləcə dollara təlabat artır.
Bəs real vəziyyət necədir, ölkədə devalvasiya gözlənilirmi?

Məsələ ilə bağlı bir neçə bankla əlaqə saxladıq. Azərbaycan Beynəlxalq Bankından bildirildi ki, bir fiziki şəxs müştəriyə nağd və nağdsız xarici valyutanın satışı üzrə limit bütün xarici valyutalar üzrə 20.000 (iyirmi min) manat ekvivalenti həddində təyin edilib və mübadilə saat 14.00-dək aparılır. Hazırda dolların alışı 1.6970, satışı isə 1.7020 AZN təşkil edir.

“Günay Bank”dan bildirildi ki, hazırda dollar satışı həyata keçirilir. Satış qiyməti nağd şəkildə 1.7025, nağdsız isə 1.7050 AZN təşkil edir. Həmçinin, məzənnə bəzi filial və şöbələr üzrə fərqli təyin edilə bilər.

“Bank of Baku”da dollar satışı gün ərzində 13.00-dək həyata keçirilir. Bir şəxs üçün günlük limitin olmadığını bildirdilər. Dollar satışı nağd şəkildə 1.7025, nağdsız isə 1.7030 AZN təşkil edir.

“Bank BTB”də də hazırda dollar satışı var. Satış saat 14.00-dək Baş ofisdə, 13.00-dək isə filiallarda həyata keçirilir. Dolların alışı 1.7000, satışı isə 1.7025 AZN təşkil edir. Banklar üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “BakuPost”a bildirdi ki, prinsipcə benzinin və dizelin bahalaşmasının birbaşa milli valyutanın məzənnəsinə təsiri yoxdur: “Sadəcə insanlar düşünür ki, bu sahədə bahalaşma oldusa, bu da olacaq. Benzin qalxdısa, əhalidən daha çox pul çıxacaq. Eyni zamanda, qiymət artımından əldə olunan gəlir faktiki olaraq dövlətin hesabına gedəcək. Çünki SOCAR dövlətə məxsusdur. Bu baxımdan əhalidə manat azalacaq, o zaman hansı pulla dollar alacaqlar ki? Devalvasiyanın olub-olmayacağı birbaşa siyasi qərardan asılıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir. Manatın məzənnəsini sabit də saxlaya bilərik. Amma bunun da müəyyən ziyanı var. Ziyanlardan ən əsası ondan ibarətdir ki, dövlət manat kütləsini artırmaqdan qorxur, çünki hamı dolllar almağa başlayar. Yəni dövlət istəsə, manatın sabitliyini saxlaya da bilər, devalvasiyaya uğrada da bilər. Digər ziyan isə valyuta ehtiyatlarının xərclənməsi ilə bağlıdır”.

Ə.Həsənov əlavə etdi ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən ilin sonunda devalvasiyaya getməyəcəklərini demədi, əvəzində hökumətin belə bir planı yoxdur dedi:

“Halbuki, Azərbaycanda formal olaraq devalvasiya ilə bağlı qərarı Nazirlər Kabineti yox, məhz Mərkəzi Bank verir. Dolayısı ilə dedi ki, yaxın vaxtlarda gözlənilmir. Əhali bir qayda olaraq onun sözünə etibar etmir. Çünki bununla bağlı 2015-ci ildə xalqa qeyri-dəqiq məlumat vermişdi. Mərkəzi Bank, gərək, banklara kifayət qədər dollar versin ki, hamı dollar ala bilsin. Dollar satışına məhdudiyyət qoyulması əvvəla qanunsuzdur. Nəyin əsasında məhdudiyyət qoyurlar ki? Kim nə qədər istəsə, dollar ala bilər. Düşünürəm ki, bu yolla kimsə qara bazara köməklik edir. İnsanlar görsün ki, banklarda dollar yoxdur, deməli, devalvasiya olacaq və qara bazara üz tutsunlar. Onsuz da dövriyyədə elə də çox manat kütləsi yoxdur. Mərkəzi Bankın və Neft Fondunun kifayət qədər dollar ehtiyatı var. Onlar banklara versinlər ki, əhaliyə satılsın və təşviş də yaranmasın. Bunu etmirlərsə, deməli, hansısa pis niyyətləri var. Əhaliyə təkidlə tövsiyə edirəm ki, son pulunuzu gedib dollara çevirməyin. Sabah devalvasiya olmasa, sizə manat lazım olacaq. Aldığınız dolları təzədən manata çevirmək məcburiyyətində qalacaqsız. Belə olan halda hər dəfə alışda da, satışda da itkiyə məruz qalacaqsınız. Kiminsə çox pulu varsa, əlbəttə, gedib dollar ala bilər, lakin son qəpiyini verib dollar almaq düzgün deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi