azia.az
azia.az

Rəşad Həsənov: “Hesablama Palatasının müstəqilliyi kağız üzərindədir”

16-10-2018, 08:41

“Effektiv maliyyə nəzarəti mexanizmi yaradılmalıdır”
Son günlər ölkə gündəmində əsas müzakirə mövzusu olan iki korrupsiya halı diqqəti cəlb edir. Bunlardan biri Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın London xərcləmələridir ki, ondan dünya mətbuatı da geninə-boluna yazır.

Gündəmimizdəki digər məsələ Bakə Şəhər İcra Hakimiyyətinin “Lift-Təmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürovun yol verdiyi korrupsiya əməlidir.

C.Hacıyev və xanımının mənimsəmələri barədə Azərbaycan cəmiyyətində az-çox məlumat vardı. Lakin Böyük Britaniyada çirkli pullarla bağlı başladılan proses nəticəsində açıqlanan detallı bilgilər nəinki Azərbaycanda, elə dünyanın hər yerində oxuyanları heyrətə gətirdi.

Q.Şükürovun dəbdəbəli həyatı barədə son bir ildə Azərbaycan mətbuatı çox yazmışdı. Lakin yazılanlar diqqəti cəlb etmədi. Və onun ABŞ-dakı partnyor şirkəti korrupsiyada ittiham olunanadək Q.Şükürov rahatca öz postunda əyləşdi. Məhz ABŞ-da başladılan prosesdən sonra məlum oldu ki, sabiq baş liftçi tender oyunlarından, sözün həqiqi mənasında, qaz vurub, qazan doldururmuş...

Hər iki hadisədən görünən budur ki, Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarət elə də yetərli səviyyədə deyil. Yəqin elə buna görə də ölkə rəhbərliyi nəzarəti gücləndirmək üçün Hesablama Palatasına əlavə səlahiyyətlər verdi. Qurum haqqında yeni qanun artıq qüvvəyə minib.

Baş verən hadisələr bir məsələni aktuallaşdırır: korrupsiya əməlləri baş tutub, dövlətin yüz milyonlarla manatın talanmasını önləyəcək maliyyə nəzarətini necə təmin etmək olar?

Bu sualı “Yeni Müsavat”a cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, ölkəmizdə dövlət vəsaitlərinin xərclənməsinə nəzarət iki istiqamətdə həyata keçirilir: “Birincisi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətidir, ikincisi isə Hesablama Palatasıdır. Bundan əlavə, dövlət satınalmaları ilə bağlı da nəzarət imkanları vardır. Azərbaycanda dövlət vəsaitləri üzərində ictimai nəzarət zəif inkişaf edib. Bu sahədə informasiya çatışmazlığı, vətəndaş cəmiyyəti institutlarının nəzarət imkanlarının məhdudluğu, informasiyalara çıxışın, məlumatların açıqlığının təmin olunmaması xərcləmələr üzərində nəzarəti məhdudlaşdıran əsas faktorlardır. Bütün bunların nəticəsində biz əksər hallarda milyonlarla manat vəsaitin səmərəsiz xərclənməsini, yaxud da ki, mənimsənilməsini çox sonralar bilirik. Bu da o zaman baş verir ki, hansısa məmur vəzifədən kənarlaşdırılır”.

Ekspertə görə, şəffaflığı təmin etmək dövlətin öhdəliyidir: “Dövlətin bu istiqamətdəki fəaliyyətlərinə nəzarət edəcək əsas qurum isə Hesablama Palatasıdır. Düzdür, son illərdə bu qurumun işində irəliləyişlər var: hesabatlarının sayı, informasiya tutumu artıb. Məsələn, 2012-2013-cü illərdə Palata dövlət büdcəsinə 15-20 səhifəlik rəy verirdisə, indi bu rəyin həcmi 200-400 səhifəyə çatıb. Amma müşahidə etdiyimiz bundan ibarətdir ki, Hesablama Palatasının müstəqilliyi, sadəcə, kağız üzərindədir, praktikada bu qurum müstəqil deyil. Bu qurumun yanaşmasında, qiymətləndirməsində, auditlərin təyin olunmasında, auditlərin nəticələrinin ictimailəşdirilməsində subyektivlik, sifariş xarakterli yanaşmalar müşahidə olunur”.

R.Həsənovun fikrincə, dövlət vəsaitlərinin xərclənməsində neqativ halları aradan qaldırmaq üçün ilk növbədə ictimai nəzarət təmin olunmalıdır: “2007-ci ildə Böyük Britaniyada dövlət xeyli vəsait ayırıb böyük layihə həyata keçirdi: dövlət büdcəsinin hazırlanması və dövlət vəsaitlərinin xərclənməsi istiqamətlərinin müəyyənləşməsində vətəndaş iştirakçılığının artırılması üçün. Bu layihədən hökumət ciddi nəticələr əldə etdi: əgər əvvəlcə cəmi 36 faiz vətəndaş qərar qəbuletmədə maraqlı görünürdüsə, layihədən sonra bu göstərici 63 faizə yüksəldi. Hökumətin özü də maraqlı olmalıdır ki, prosesdə ölkə vətəndaşı, media qurumları, ictimai təşkilatlar iştirak edə bilsinlər. Ölkə qanunvericiliyinə görə, dövlət büdcəsi haqqında məlumatlar bütün detalları ilə ictimaiyyətə açıqlanmalıdır. Bizdə isə bu tələbə əməl olunmur. Nəticədə əksər dövlət qurumlarında qapalılıq yaranır. Bu şərait nəzarəti həyata keçirən qurumları da prosesdən soyudur: aşkarlanan nöqsanları açıqlamağa qoymurlar, yaxud fəaliyyətində ciddi qüsur tapılan şəxs vəzifəsində qalmağa davam edir”.

Ekspert bildirir ki, dövlət maliyyə nəzarətinin bir istiqaməti də tenderlərlə bağlı olsa da, bu sahədə də ciddi problemlər mövcuddur: “Tenderlər barədə çox qısa və məhdud məlumatlar açıqlanır. Tenderləri bir çox tender elanından 2-3 gün əvvəl yaradılmış, nizamnamə fondu 10 manat olan şirkətlər udur. Bu, nonsensdir. Tenderi udan şirkətin hansı parametrlərinə görə seçildiyi açıqlanmır. Bir sözlə, bu gün dövlət satınalmaları sahəsində çox ciddi nöqsanlar var. Tenderlərin nəticələrinin yerləşdirildiyi portalda xeyli sayda satınalmalar barədə məlumatlar əksini tapmır. Bunların qarşısını almaq üçün satınalmaların açıq hərraclarda keçirilməsi təcrübəsindən istifadə olunmalıdır. Türkiyədə bu təcrübədən istifadə olunur”.

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi