azia.az
azia.az

“İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar” - AKTUAL

30-10-2020, 11:41


Oktyabrın 28-də Azərbaycanda rekord sayda -988 yeni yoluxma faktı qeydə alındı. Yaranan çətin vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülüb. Belə ki, ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərara dəyişikliklər edilib.

Operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 2020-ci il 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına da giriş-çıxış dayandırılıb.

Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Cəlilabad və Masallı rayonlarında da ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Eyni zamanda koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Göründüyü kimi, artıq rayonlarda da COVİD-19-a yoluxanların sayı artıb. Digər narahat doğuran məsələ isə virusa yoluxan şəxslərin məsuliyyətsizlik edərək çölə çıxmaları ilə bağlıdır. Buna nəzarət isə hazırda yox dərəcəsindədir. Nə etməli? Yenidən əvvəlki kimi sərt karantin rejiminə keçməli, yoxsa başqa tədbirlər görülməlidir? Məsələ ilə bağlı ekspertlərin rəyini aldıq.

“Sərt karantin tədbirləri görülməlidir”-professor Adil Qeybulla bildirib ki, artıq sərt qərarların verilməsi zamanıdır: “Açıq etiraf edək ki, çətin bir vəziyyət yaranıb. Biz nə bilirik ki, bayıra çıxan xəstə koronavirusdur, ya yox. Ancaq müayinə olunanların xəstə olduğu bilinir. Virusa yoluxanlar çölə çıxdıqda, xəstələrin sayı artır, həmin şəxslərin infeksiyaya yoluxduğu aşkara çıxana qədər xeyli adamı yoluxdurur. Vəziyyət də dramatikləşir. Bu baxımdan da düşünürəm ki, sərt karantin tədbirləri görməliyik. Bu da ondan ibarətdir ki, birinci növbədə karantin qaydalarını gözləməyən şəxslər mütləq cəzalandırılmalıdır. Onlardan karantin qaydalarına əməl edilməsi tələb edilməlidir. İkincisi, əgər bir şəxs koronavirusa yoluxduğunu bilə-bilə çıxıb gəzirsə, bu daha böyük məsuliyyət yaratmalıdır. Hesab edirəm ki, bu gün bizim ən böyük problemimiz elə insanların bu təsəvvürlərinin yanlış olmasıdır. Bunun hesabına da xeyli insan xəstələnib. Qarabağ ətrafında gedən savaşdan sonra rayonlarda da yoluxma artdı. Sanki bu emosional vəziyyət koronavirusu arxa plana keçirdi. Amma bir şey var ki, onu biz qətiyyən nəzərə almaya bilmərik. Çünki bu gün bizim iki düşmənimiz var: biri koronavirusdur, biri isə ermənilərdi. Hər ikisi ilə münasibətdə eyni intensivlikdə, eyni səviyyədə olmalıdır. Hər ikisinə vətəndaş məsuliyyəti ilə yanaşılmalıdır”.

Həkim rayonlarda virusun artmasının səbəblərindən də danışıb: “Rayonlarda yayılma səbəbi miqrasiya ilə bağlıdır. İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar. Bu gün virus rayonlara çox yayılıb. Bununla bağlı hökumət qurum yaradıb, Operativ Qərargah bununla məşğul olmalıdır. Son yoluxma sayı çox ciddi rəqəmdir”.

Deputat Zahid Oruc da məsələ ilə bağlı fikirlərini bölüşüb: “Yoluxma sayının bu qədər artması karantin tədbirlərinin yumşalmasından sonra insanların qaydaları gözləmədikləri səbəbindən oldu. Bir tərəfdən də biz müqəddəs müharibənin içərisindəyik. Bu da planlaşdırılmamış, ayrı-ayrı ərazilərdə insanların hərəkətliliyini, bir yerə toplanmasını, milli ənənələrimzidən irəli gələn bir sıra ictimai tədbirləri zəruri edir. Və o hallarda da koronavirusun yayılması üçün münbit zəmin yaranır. Məsələnin başqa bir önəmli tərəfi odur ki, təəssüf ki, bu tendensiya yalnız Azərbaycanda deyil, bir sıra digər dövlətlərdə daha kütləvidir. Dinamika qorxulu bir səviyyə almaqdadır. Çini çıxmaq şərtilə yerdə qalan dövlətlərin təcrübəsi sübut edir ki, onlar nəinki lokal bir ərazilər üçün, eləcə də dünyaya yayılmasında rol oynayır. Burada görünür ki, müvafiq qurumlarda işlər aparılır. Onun əsasında differensial yanaşma tətbiq olunub. Hər bir halda bu proses o qədər asan deyil. Çünki hər bir insanın üzərində xüsusi çiplər yerləşdirməklə nəzarət etmək də mümkün deyil ki, hansı ərazilər ”aparıcı" yer tutur və onlara qarşı bloklanma tədbiri görülsün. Ümumi təhlillər əsasında yəqin ki, səhiyyə ocaqlarında bu istiqamətində geniş işlər aparılır. Biz də sosial tədqiqatlar mərkəzində ilk dövrdə aparılan tədbirlərin cəmiyyət tərəfindən necə qiymətləndirilməsinin böyük tədqiqatını aparmışdıq. Onu da ictimaiyyətə təqdim elədik. Orada da ilk dövrlər ölkə rəhbərliyinin çox sərt tədbirləri, o cümlədən maliyyə, iqtisadi, sosial yöndə qərarları kifayət qədər yüksək qiymətləndirilmişdi. Təbii ki, pandemiya şəraitində yaşamaq asan deyil. Bu ənənəvi insan davranışları ilə əks mütənasibdir. Kim onu alqışla qarşılaya bilər ki?! Hamı istəyirdi ki, karantin rejimindən bir an öncə xilas olsun. Amma biz bir qapalı vəziyyətdən çıxıb, daha böyük bir təhlükənin üzərinə gedəcəyiksə, fərqində olmalıyıq ki, bu həyatımız bahasına ola bilər. Nəzərə almalıyıq ki, iki cəbhədə müharibə aparırıq. Bizim varlığımız, mövcudluğumuz digər ön cəbhəyə də təsir edir. Görürsünüz, Azərbaycanın informasiya məkanında Ermənistanda koronavirusla bağlı dinamikanı da komponent olaraq necə dəyərləndirirk. Deyirik ki, bu da onların toparlanmasına mane olur. Cəmiyyətdəki deqoradasiyanı təmin edir. İndi biz özümüz də buna səbəb olmamaq üçün addımlar atmalıyıq".
“İnsanlar virusu Abşeron yarımadasından rayonlara daşıyırlar” - AKTUAL
Deputat virusa yoluxan şəxslərin sağalmadan çölə çıxmalarına da münasibət bildirib: “Parlamentdə martın sonlarına yaxın artıq bir sıra sanksiyalar tətbiq edildi. Bir tərəfdən karantin qaydalarını pozan nəqliyyat vasitələrinə qarşı, eyni zamanda fərdi insanlara qarşı da tədbirlər görüldü. Amma bununla bərabər təcrübə göstərdi ki, bu müəyyən qədər effekt verir. Sonadək bunu tətbiq etmək olmur. Maska taxılması ilə bağlı məsələ bir sıra ölkələrdə ictimai həyatın ayrılmaz hissəsinə çevrilib. Ancaq başqa ölkələrdə bunu tətbiq etmək o qədər asan olmur. Çünki mental xüsusiyyətlər fərqlidir. Mən, əlbəttə, millətimiz haqqında yüksək fikirdəyəm. Məhz o səbəbdəndir ki, dünya başqa bir təhlükəni qarşıladığı zamanda azərbaycanlılar silahlı savaşda tarixi qələbələr qazanırlar. Ancaq bir tərəfdən də dediyiniz o sanksiyaların, normaların sərtləşdirilməsini cəmiyyət düzgün qarşılamayacaq. Ona görə elə təklif edə bilməyəcəm ki, fiziki şəxslər üçün cərimələri artıraq. Mənim yanaşmam ondan ibarətdir ki, biz qəbul etməliyik ki, Gürcüstanı daha geniş arealda xalqlara misal kimi göstərirdilər. Amma gördünüz ki, birdən-birə elə səviyyəyə çatdı ki, artıq antirekord kimi misal göstərirlər. Hər kəs başa düşməlidir ki, bu gün cəbhəyə, Orduya, Qarabağın azadlığına töhfə vermək istəyiriksə, özümüzü, ətrafımızı qorumalıyıq”.
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi