azia.az
azia.az

İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması

15-10-2019, 15:13


Dövlətin pulu 4-5 aylıq şirkətlərə belə etibar edilir...
İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması
Yenixeber.org: Azərbaycanda tenderlərlə bağlı həm ictimai rəy, həm də ekspertlərin mövqeyi birmənalı olmayıb və bu gün də yanaşmalar dəyişməz olaraq qalmaqdadır. Ən dəhşətlisi isə odur ki, bu mənzərənin sabah müsbət mənada dəyişəcəyi də inandırıcı görünmür.

Medianın da gündəmindən düşməyən bu problemlə bağlı millət vəkilləri də həyacan təbili çalır. Bir müddət əvvəl mövzu ilə bağlı mediaya danışan millət vəkili Vahid Əhmədov deyir ki, əslində, bu məsələ heç vaxt gündəmdən düşmür. Hətta tenderlərlə bağlı xüsusi qanun qəbul olunub, hökumət, Nazirlər Kabineti tərəfindən təsdiq edilib, amma buna məhəl qoyan dövlət qurumu yoxdur:

“Hamı istədiyi tenderi istənilən səviyyədə keçirir. Orada müəyyən narazılıqlara baxmayaraq, öz istədikləri adamlara tenderi uddururlar və həyata keçirirlər.

Fikir verin, həmişə ildə bir dəfə Hesablama Palatasının hesabatı bizə gəlir. Həmin hesabatda tenderlərlə əlaqəli çox ciddi iradlar var.

Ümumiyyətlə, satınalmalarla əlaqəli olaraq iradlar mövcuddur. Satınalmaların düzgün keçirilməsi, tenderlərin düzgün aparılması və.s bu kimi məsələlər. Əvvəllər satınalmaları həyata keçirən ayrıca bir orqan var idi. İndi isə hamısı İqtisadi İnkişaf Nazirliyinin tabeliyindədir, onlar həyata keçirirlər. Amma yenə də burada tam şəffaflıq təmin olunmur.

Düzdü, elan verirlər ki, orada-burada tender var. Amma sonradan məlum olur ki, tenderdə iştirak edib əsas qalib gələn tərəf tenderi aparan təşkilatın rəhbərinin ya qohumudur, ya onlara yaxın adamdır və.s. Bu artıq adi hala çevrilib”.

Yenixeber.org olaraq bu mövzuda yenidən yazmağımız da təsadüf deyil. Bir neçə gün əvvəl elektron mediada İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin bu ilin may-iyun aylarında yaradılmış şirkətləri keçirdiyi açıq tenderlərdə qalib olaraq tanıması ilə bağlı məlumatlar yayıldı.

Ekspertlərin də mövqeyinin yer aldığı yazıda diqqət çəkən və şübhələr doğuran faktor bu ilin may-iyun aylarında yaradılmış və gərəkən iş təcrübəsinə malik olmayan şirkətlərin qalib kimi elan olunmasıdır.





İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat Nazirliyinin qurumunun 4-5 aylıq şirkətləri tenderlərdə qalib elan etməsinə münasibət bildirərkən deyib ki, bu şirkətlər əgər bu il ərzində qeydiyyatdan keçiblərsə, ümumiyyətlə, tenderdə iştirak etməməlidirlər: “Bu, qanunun tələbidir, hansısa bir məmurun qoyduğu qayda deyil. Məsələn, tenderdə işttirak edən 5 şirkətin üçünün ən azı 3 illik təcrübəsi varsa, seçim o 3 şirkət arasından aparılmalıdır. Orada artıq qiymət, digər parametrlər arxa plana keçir. Çünki tenderin qalibi mütləq həmin sahədə ən azı 3 il təcrübəsi olan şirkət olmalıdır. Ki, işin keyfiyyəti ilə bağlı problem yaşanmasın. Azərbaycan tender haqqında qanun bəlkə də ən formal qanunlardan biridir. Çünki bu qanunun tələblərinə bir çox dövlət qurumları ümumiyyətlə fikir vermirlər, qanunun tələblərinə cavab verəcək addımlar atmırlar. Bu məsələdə də eyni vəziyyətlə üz-üzə gəlmişik. Qeydiyyatdan keçmək üçün Azərbaycan qanunvericiliyində minimum tələb 10 manatdır. Elə 10 manat ödəyib qeydiyyatdan keçiblər. Bu il ərzində qeydiyyatdan keçiblərsə, ümumiyyətlə, tenderdə iştirak etməməlidirlər”. (qaynarinfo)

Yeri gəlmişkən hər iki qurumun- İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin və tenderləri həyata keçirən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin-İqtisadiyyat Nazirliyinə tabe olmaları da ekspertin vurğuladığı şübhələri stimullaşdıran faktor sayıla bilər.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin bu ilin sentyabrında tenderin qalibi kimi müqavilə bağladığı şirkətin biri " Bahaonno" MMC, digəri isə "Albuker-AA" MMC-dir. Mərkəz " Bahaonno" MMC ilə seminarların təşkili və keçirilməsi üzrə xidmətlərin satın alınması üzrə 49100 AZN, "Albuker-AA" MMC ilə isə Mətbəə malları və xidmətlərinin satın alınması üzrə 48360.5 AZN məbləğdə müqavilə bağlayıb.

Yuxarıda qeyd etdiyimiz şübhəli detallar səbəbindən yenixeber.org olaraq mövzu ilə bağlı müəyyən araşdırmalara cəhd etdik. Bu məqsədlə də oktyabrın 8-də İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin direktoru cənab Səbuhi Mehdizadəyə online sorğu ünvanladıq. Təəssüf ki, bir həftədən artıq zaman ötməsinə baxmayaraq soğuya cavab ala bilmədik. (Telefonla suallarımıza cavab almaq cəhdlərimiz də nəticəsiz oldu. Red.)

Sorğumuzun cavabsız qalması da sözügedən maliyyə əməliyyatı ilə bağlı şübhələri stimullaşdıran daha bir faktdir. Deyilmi?

Araşdırmalarımızla müəyyənləşdirə bildik ki, " Bahaonno" MMC 20.06.2019 tarixdə 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçib və rəsmi ünvanı Bakı ş.Nizami rayonu Keşlə ŞTQ ev, Zakir, 9/13 olmaqla Cəfərov Xəyal Mehdi oğluna məxsusdur.

"Albuker-AA" MMC isə 17.05.2019 tarixdə 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçib və rəsmi ünvanı Bakı ş. Suraxanı rayonu Hövsan ŞTQ Cəbrayıl Xanməmmədov ev17, m.8 olmaqla Cəfərov Xəyal Mehti oğluna məxsusdur.

Həm " Bahaonno" MMC, həm də "Albuker-AA" MMC ilə bağlı google üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu(?) Yaradılışı 4-5 ay olmasına baxmayaraq heç də az olmayan məbləğlə tenderlər qalibi olmuş bir şirkətin ilin-günün bu vaxtında internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlinmir...

Bütün bunlara baxmayaraq İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi 100 000 (Yüzmin) manata yaxın dövlət vəsaitini bu şirkətlərə etibar edib...

Yenixeber.org-un Araşdırma Qrupu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi