azia.az
azia.az

Qubada icra başçısı problemi... - NARAZILIQ VAR...

18-11-2016, 14:27

Qubada icra başçısı problemi... - NARAZILIQ VAR...Qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır

27 yanvar 2015-ci il tarixdən etibarən Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunan Yaşar Məmmədovun fəaliyyəti adıçəkilən rayonun sakinlərinin, o cümlədən sahibkarların, iş adamlarının narazılığına səbəb olur. Belə ki, qubalıların əksəriyyətinin işsizlikdən əziyyət çəkdiyini, sosial problemlər məngənəsində qaldıqlarını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, icra başçısı əhalinin problemlərilə maraqlanmaq əvəzinə şəxsi maraqlarını təmin etmək barədə düşünür. Beləliklə, Yaşar Məmmədovun 2010-2015-ci illərdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı postunda təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, həmin dövrdə yol verdiyi nöqsanları bu gün Qubada təkrarlamaqdadır: «Quba rayonunda əhalinin sosial durumu gün keçdikcə daha da pisləşir. Deyilənlərə görə, rayon hazırda üç məmurun əsarəti altındadır. Onlardan biri icra başçısı Yaşar Məmmədov, digərləri isə onun birinci müavini Yusif Abidov və maliyyə şöbəsinin müdiri Ruslan Hacıyevdir. Qeyd olunur ki, adıçəkilən şəxslər dövlət büdcəsindən Qubaya ayrılan vəsaitlərin bir hissəsinin təyinatdankənar istiqamətlərə sərf olunmasına rəvac verir və bu yolla xeyli gəlir götürürlər. Nəzərinizə çatdırım ki, Yusif Abidov bir neçə müddət rayonun təhsil şöbəsinə rəhbərlik edib. Lakin onun bu postdakı fəaliyyəti elə də uğurlu alınmayıb. Belə ki, o vəzifədə olduğu müddətdə adı çox vaxt pul yığımlarında, direktor və müəllimlərin incidilməsində hallandırılıb. Ruslan Hacıyevi isə bir neçə vəzifə dəyişib. Bu yaxınlara qədər icra hakiminin müavini vəzifəsində işləyirdi. Amma hansısa səbəblərə görə işdən kənarlaşdırıldı. Atasının var-dövləti və tanışları sayəsində maliyyə şöbəsinə müdir keçdi. Onun atası İsgəndər Hacıyev Xaçmaz Asfalt Zavodunun direktorudur. Deyilənlərə görə, Ruslan Hacıyev maliyyə şöbəsinə müdir keçdikdən sonra Qubada büdcədən maliyyələşən təşkilatların əksəriyyətində ciddi kəsirlər üzə çıxmağa başlayıb». Bu arada, son zamanlar sadə vətəndaşların, əsasən də Quba rayon sakinlərinin icra başçısı Yaşar Məmmədovun fəaliyyətindən, onun yol verdiyi nöqsanlardan aidiyyəti qurumlara, eyni zamanda müxtəlif kütləvi informasiya vasitələrinə şikayət xarakterli müraciətlər ünvanladıqlarını bildirən məlumatlı şəxs qeyd edir ki, onlardan biri də Ucar rayonu, 20 Yanvar küçəsi, döngə 15, ev 17-də qeydiyyatda olan Xəyal Müşfiq oğlu Qüddəsərovdur. Belə ki, Quba Rayon İcra Hakimiyyətinin başçısının ona qarşı etdiyi qanunsuzluğa görə 3 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başladığını deyən şikayətçinin sözlərinə görə, Yaşar Məmmədov Ucar rayonunda icra başçısı vəzifəsində olan zaman onun göstərişi ilə Ucar rayon bələdiyyəsi tərindən 3 sot ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılıb: «Dövlət rüsumu olaraq 1200 manat «Beynəlxalq Bank»a ödədim qəbzi aldım. Bundan başqa, alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar. Həmin 3200 manat pulu icra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm. Bunu təsdiq edən sübutlarımız var. Bələdiyyə sədri mənə 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verdi. Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım. Mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı satqı aktı tam saxtadır. 2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər. Bu torpaq isə dövlətin balansındadır. Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam. Hər dəfə «düzələr-düzələr» deyərək məni başlarından etdilər. İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir. 4700 manat pulumu alıb saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir. Bu cinayətdə keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəisi Rafiq Hacıyevin də rolu var. Çünki o da bilərəkdən saxta akta imza edib öz möhrünü vurub. Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində işləyən zaman öz sürücüsü Vüqar Əliyevin, qohumu bələdiyyə sədri Səhrab Kamilovun və torpaq şöbəsini müdiri Rafiq Hacıyevin əli ilə çoxlu sayda Ucar rayon sakinlərinə belə saxta sənədlərlə torpaqlar satıb insanları aldadıblar. Bu 4 nəfərin yeri törətdikləri cinayət əməllərinə görə həbsxana olmalıdır. İndi evsizəm, həyat yoldaşım atasının evində, mən isə küçələrdə qalıram. Himayəmdə iki azyaşlı uşağım var. Bu vəzifəli şəxslər tərəfindən aldanmasaydım indi yavaş-yavaş torpağımın üzərində bir otaqlı ev tikib yaşayardım, küçələrdə qalmazdım». Quba Rayon İcra Hakimiyyətinin başçısının əməllərindən şikayətçi olan şəxslərdən biri isə Ucar rayonu, Qarabörk kənd sakini Kütah Məhəmmədəli qızı Əliyevadır. Belə ki, «Bir qrup vəzifəli şəxslər rüşvət alıb mənim sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən almaq istəyirlər» deyən şikayətçi iddia edir ki, bütün bunların başında Yaşar Məmmədov dayınır: «2014-cü ildə Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində olan zaman öz maddi marağına görə 60 mənzilli 4 mərtəbəli 3 böyük binanı saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satanda pulun çoxluğundan başları gicəllənib deyə bizim yerimizi də həmin şəxsə qanunsuz olaraq satıblar. Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib üzərində tikinti işləri aparan zaman müəyyən edildi ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşüb. 2014-cü ildən məhkəmələrdə çəkişirik ki, bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir. Bütün sənədlər, ekspert rəyləri bizim xeyrimizə gəlməsinə baxmayaraq, hakim İxtiyar Abışov açıq-aşkar deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə tapşırıq var ki, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır. Qeyd edim ki, 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mənə 64 kv.metr torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanunu torpağımın başqasına satılması cinayət əməlidir. Hansı ki, 3 möhtəşəm çoxmənzilli yeni tikilmiş yaşayış binasının saxtakarlıqla satılması ən ağır bir cinayətdir. Dəyəri 500 min manatdan çox olan həmin 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21 min manata qiymətləndirilib küllü miqdarda rüşvət alaraq Etibar Qasımova satıblar ki, bu cinayət faktıdır». Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, Yaşar Məmmədov Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində ciddi nöqsanlara, çoxsaylı neqativ hallara rəvac verib və hazırda bu tip əməllərini Qubada davam etdirir. Ümid edirik ki, müvafiq dövlət qurumları tez bir zamanda sözugedən məsələni araşdıracaq və Yaşar Məmmədov barəsində lazımı ölçü götürəcəklər.
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi