Anasının göz yaşlarına sığınaraq böyüyən qızlar!
Aydın Canıyev
Elina üçün etiraf...
1985-ci il. Mayın 7-si. 10-cu sinifdə oxuyurdum. Paralel sinifdə paralel kənddən olan qızı sevirdim. Elə o vaxtlar da psix səviyyəsində qısqanc idim. Qıza demişdim ki, filan oğlanla oturmasın - əslində o oğlan elə qız kimi həyalı oğlan idi: allah rəhmət eləsin. Sonralar Bakıda onunla bir otaqda qaldım, tovuzlu Ənvər Abdullayevlə dostlaşdırdı məni.
Sinif nümayəndəsi olduğumdan jurnalı sinif rəhbərinə vermək adıyla icazə alıb, getdim onların sinfinə. Baxdım ki, qız oturmasını istəmədiyim həmin oğlanla oturub. Sinif rəhbərim Mahir müəllim məni görsə də heç nə demədi. Tənəffüs olan kimi, oğlanı çağırdım. Əməlli bir şillə. Səs direktora çatdı. Rəhmətlik Məhərrəm müəllim dərin getmədi, amma əməllicə qorxutdu. Amma və lakin... mənim təpəm atmışdı. Dərs bitməmiş gəldim evə. Qızgil bizim küçəmizdən keçib evlərinə - qonşu kəndə gedirdilər. Dəstəylə gələn qızı görüb evimizin həndəvərində yaxalamaq istəyəndə atam çıxdı qabağıma - beynimin çevik işləməsinə həmişə həsəd aparmışam. Atam soruşdu ki, hara belə? Dedim Həsən babaya dəyməyə gedirəm. Həsən babam onda ömrünün son günlərini yaşayırdı və atam da babamgildən gəldiyi üçün vəziyyəti nəzərə alıb dedi ki, get. Və mən... qızların sakitcə bizim qabağımızdan keçməyiylə fürsəti əldən qaçırmış oldum, ancaq atam icazə verən kimi qızların əks istiqamətində hərəkət etməyə məcbur oldum. Atamın gözündən itənəcən addımladım və qəfil.... bibimgilin həyətinə girdim, onların çəpərindən qonşularının həyətinə tullandım, ordan da "İstisu-Lənkəran" yoluna çıxdım. Artıq yolu yarı eləmiş, Lənkəran-Lerik yoluna çıxmış qızlara çatmağın bir yolu vardı: maşın tutmaq. Maşın nə gəzirdi o illərdə. Amma bəzən Allah da cinayət törətməyə şərait yaradır, yardımçı olur. Bu dəmdə "İstisu-Lənkəran" avtobusu gəldi!!!
Hər gün səhər tezdən bazara süd satmağa getdiyimdən avtobus sürücüləri məni tanıyırdı - dayanacaq olmasa da, əl qaldırmağıma görə saxladı. Gəlib qızları keçdim. Yenə də dayanacaq olmayan yerdə avtobusu saxlatdım, düşdüm. İndi qızların dəstəsiylə üz-üzə gəlirəm. Heç kim ağlına gətirmir ki, mən neyləyəcəm, neyləyə biləcəm!
Mən qızı nəinki döydüm, hətta paltarlarını cırdım və... heç nə olmamış kimi evə gəldim.
Sinif yoldaşları və həmkəndli qızları onu dövrələyərək qalan yolu evlərinə çatdırmışdılar.
Həmin gün qardaşı... maşın almışdı. Qız hamıdan gizlətmişdi, təkcə anası bilmişdi. Və səhər məni bazarda axtarmışdı - bildiyimdən getməmişdim.
Səhəri babam rəhmətə getdi - taleyin ironiyasına bax ki, mən babamın ölümünə minnətdar idim!
Növbəti günlər - 8-9 mayda dərs olmadı.
Mən babamın yas məclisində pul yazırdım!
Direktorumuzla qızın atası yanaşı oturmuşdu. Direktor məsələni bilirdi. Və mənə... heç nə demədi!
Ayın 10-da bazara getdim. Qızın anası məni yaxaladı. Dedim ki, sevirəm! Demişdim ki, filankəslə oturmasın! Baxdı, baxdı, hətta söymədi də!
Məktəbdə isə direktor dedi ki, şikayət etsələr, qanın getdi, mən özüm səni babanın ölümünə bağışlayıram, onun ölümü sənin qanının arasına girdi!
Şikayət etmədilər!
Mən elə həmin il jurnalistikaya qəbul olundum.
Qız sonra ayrısına ərə getdi.
Döydüyüm oğlanla dost oldum.
Hər zaman o qıza və o ailəyə minnətdar oldum.
Halbuki... çox rahat həbs etdirə bilərdilər!
Hər yaşın öz cəzası, öz cinayətləri var!
Elina, Sənin üçün bu etirafı ona görə etdim ki, hətta sovet dövründə oğlanlar qızları döyüb, saçlarını yolub, zarafat da edib, lağa da qoyublar, amma heç biri intihar edib dünyanı lərzəyə gətirməyib.
Bu intihar bu gün bütöv bir nəslin xarakterini məhv edəcək, eləcə də gələcək nəsillərin.
O oğlan(lar)dan ayrı cür də qisas almaq olardı! Mənim sevdiyimin məndən qisas aldığı kimi - şagird olanda məni sevən, mən jurnalist olanda isə mənə yox, sadə bir kəndli oğlana ərə gedən qız kimi, özü ali təhsilli olsa da!!! O qızdan sonra mən heç bir qadını sevə bilmədim! Hamıya "sevirəm" desəm də - saylarını itirmişəm ki, nə qədərinə "sevirəm" demişəm :( :( :( Bundan böyük cəzamı, qisasmı olur???
Və... Elina, bu gün həm də Sənə etiraf edirəm iki qız atası kimi: qızlarım üç məktəb dəyişib, hər dəfə də fikirləşirdim ki, allah məni cəzalandıracaq. Bəlkə də qızlarımı sinif yoldaşları döydülər, bəlkə "atanız sizi atıb",- deyə tənə etdilər, bəlkə də "ananız boşanıb" qaxıncı etdilər, bəlkə də...
Amma qızlarım ikisi də analarının göz yaşlarına sığınaraq böyüdülər, ikisi də universitet bitirdilər, magistratura oxudular və... mənə necə, hansı əziyyətlə böyüdüklərini demədilər - mənim və analarının boşananda nəzərə almadığımız məhrumiyyətlərin əzabını çəkərək! Və mənim də, analarının da, "siz bizim xilasımızsınız, yaxşı və tərbiyəli böyüməklə, mütləq də ali təhsil almaqla" istəyimizə əməl etdilər!!!
Qızlarım bunu etdilər - həm atasını, həm də anasını safa çıxarmaq üçün: o zərif və cüssəsiz vücudlarından milyon dəfə böyük sıxıntıların altında inləyə-inləyə, kirayələrdən, köçhaköçlərdən, yoxsulluqdan və məhrumiyyətlərdən keçərək!!!
Öz haqlarını insanlıq naminə sinif yoldaşlarına, tay-tuşlarına bağışlayaraq! Onları incidənlərin qəddarlığına həyatda özlərinin daha üstün olmaqlarını nümayiş etdirməklə!
Elina, bu intihar Azərbaycan təhsilindən, Azərbaycan müəllimlərindən qədərindən çox böyük qisas idi!
Bu intihar uşaqların və yeniyetmələrin uşaqlığını və yeniyetməliyini məhv etməyə yönəlik qisas idi!
Bu intihar yaltaqlığı son 25 ildə milli xarakterə çevirən hakimiyyətə haçansa onunla döyüşə biləcək oğulların birdəfəlik məhvi və bundan sonra tam gözüqıpıq etməyə şans verən intihar idi, fərqindəsənmi, Qızım?
Atana deyə bilməzdinmi gəlsin məktəbə?
Anana deyə bilməzdinmi gəlsin, mənə qaynanalığı nəsib olmayan o qadın kimi yaxalasın Səni incidəni?
Olardı!
Etmədin! Ən doğrusunu, ən yaxşısını qoyub, ən pisini seçdin!
İndi ən yaxşı cəzanı verəcəklər hər kəsə - rahat uyu, Qızım, verəcəklər o cəzanı, amma bu həm də ən pisin təntənəsi olacaq, daha pisin meydanı yaranacaq!
Daha qız ataları hər gün qızları məktəbdən qayıdanacan səksəkədə olacaq, canlarından vicvicə əskilməyəcək, şəkərə tutulacaqlar stressdən, xərçəng olacaqlar boğazlarındakı qəhərdən, infarkt olacaqlar...
Nə yaman qəddar imişsən, Qızım!?
Sabah sənin üçün, namusun üçün, torpağın üçün düşmən qabağına sinəsini verəcək o uşaqları düşünmədinmi heç?
İndi hərə bir söz deyəcək, Özün olsaydın, deyəcəkdin Səni Hüseyn incidib, Lalə incidib, Sevinc incidib, indi üzə çıxmayacaq, amma və lakin... ölkə üzrə Sənin tay-tuşların incidiləcək!!!
Bu ölkə üçün 5 alan tərbiyəli uşaqlar oxuyub yaltaq olurlar, döyüşən, qəhrəmanlıq edən elə o "iki" alan "tərbiyəsiz" uşaqlardır!
İndi Səni incidən uşaqları tərbiyləndirsələr belə, xeyri olmayacaq, çünki... Sən onların Səndən üzr istəməyini, Sənin üçün vuruşacaqlarını görməyəcəksən!
Bizə yazığın gəlmədi, gəlmədi, özünə niyə zülm elədin, Qızım?
Fərqindəsənmi, Sən heç bizə şans saxlamadın ki, Sənə sübut edək ki, Səni döyən, incidən, aşağılayan insanlarla bərabər, bu ölkədə həm də Sənin üçün ölümə gedəcək oğullar var, Sənin üçün balası qədər yanan atalar, analar, qardaşlar-bacılar var!
Adam belə edərmi, Qızım?
Adam düşünməzmi ki, bu ölkədə təkcə ötən il 18 min boşanma olub - bilirsənmi, Sənin etdiyin 18 min ailənin uşaqlarında necə xof yaratdı?
Sən atalara-analara, müəllimlərə, məktəblərə, dövlətə etimadsızlığın ən bariz nümunəsisən, mənim Mələk Qızım...
Olmazdı! Heç olmazdı! Azərbaycanın bu günündə heç olmazdı!
Sənin yoxluğun bir neçə nəfərin cəzalandırılması olacaq, amma varlığın, mübarizən və qələbən... xalqın olacaqdı.
15 yaşına qədər dünyasını dəyişənlər cənnətlikdir, - deyirlər - Cənnət Mələyi, intihar etməyinə baxmayaraq, behiştin mübarək. Amma nəzərə al ki, bu... bizi cəhənnəm oduna atmağının qarşılığıdır!
Aydın Canıyev