İntiharlar…
Saysız problemlərdən xilas yolu, yoxsa…?
Dünyada intiharların sitatistik göstəricisinə görə, Azərbaycanın payı cəmi 1 faizdir. Bu göstəricini nə dərəcədə reallığı əks etdirdiyi haqda hansısa fikir söyləməkdən uzağıq. Lakin əhalisinin 95 faizi müsəlman olan Azərbaycan üçün bu rəqəmin özü də kifayət qədər yüksək göstərici hesab olunmalıdır.
Qurani-Kərimə görə, günahsız insanı öldürənlər insanlığın öldürülməsi qədər günah qazanır. Günahsız insanları öldürülənlər barədə ayədə buyrulur. “Hər kəs bir mömün şəxsi öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlanır!”
Bəs intihar? Sözsüz ki, intihar edənləri də daha böyük əzab gözləyir və bu əməl daha böyük günah sayılır.
İslam dininə görə, insanın vücudu onun öz “malı” deyil. Bu, ona Allah tərəfindən müvəqqəti verilmiş əmanət sayılır. Buna görə, də İslam yalnız intihar etməyə deyil, hətta bədən üzvünün hər hansı bir hissəsinə dərin ehtiyac olmadan xətər yetirməyə belə icazə vermir. Və belə əməllər böyük günahlardan hesab olunur.
Qurani-Kərimin “Nisa” surəsinin 29-cu ayəsində “özünüzə qəsd etməyin” – deyə əmr olunur. Qeyd olunur ki, bir canı və bədəni Allah insana əmanət veribsə, ondan başqası, verilən əmanəti öldürməklə, əslində Allahı inkar etmiş olur. Çünki canı verən Allahdırsa, o can mütləq Allahın hökümü ilə də geri alınmalıdır.
Məlumat üçün vurğulayaq ki, bəzi psixoloqlar intihar olayını insanın psixikası ilə bağlayırlar. Bəziləri isə sosial məsələrdən daha çox qaynaqlandığını dilə gətrirlər.
Son vaxtlar gündəlik mətbuatdan oxuduğumuz məlumatlar da bizə onu deməyə əsas verir ki, Azərbaycanda intihar hallarının 90 faizi sosial problemlərlər, məsələn, insanların kredit borclarını geri qaytara bilməməsi ilə bağlıdır. Hansı ki, belə ölümləri həyata keçirmək üçün müxtəlif üsullara əl atırlar. Bu üsullarda ən çox yayılan özünü hühdürlükdən atmaq və ya benzinlə yandırmaqdır.
Əslində, “kredit böhranı” Azərbaycanda yeni deyil, çoxdan başlayıb. Azərbaycan neft pulları sel kimi axan vaxtlarda belə, insanlar kredit almağa meylli idilər. Lakin həmin vaxtlarda iş yerləri olduğundan günə-muzd işləyən fəhlələr belə, götürdükləri krediti vaxtında verə bilirdilər. Problem onda başladı ki, Azərbaycan manatı devalvasiyaya məruz qaldı və bundan sonra banklar krediti yalnız dollar şəklində verməyə başladılar. Üstəlik, dünyanın heç bir ölkəsində rast gəlinməyən faizə – 24-36 faizə. Nəticədə, belə kreditləri qaytara bilməyənlər son “çıxış yolu” kimi özünə qəsd etməyə məcbur olur.
Bütün bunlar isə Azərbaycanda vətəndaşların ağır sosial-iqtisadi vəziyyətdə olduğunu göstərir. Hələ bir neçə il öncə 2-ci qrup Qarabağ əlili Zaur Həsənovun özünü Azərbaycan Həmkarlar İttifaqının binası qarşısında yandırmasını çoxlarımız xatırlayırıq. İntihara səbəb Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyevin Qarabağ əlilinin işlətdiyi obyekti əlindən alınması və nəticədə bankdan götürdüyü krediti verə bilməməsi idi.
Gözləmək olardı ki, Z.Həsənovun ölümündən sonra hökumət intihara səbəb ola biləcək halları minumum həddə endirəcək. Lakin təəssüf ki, hökumət belə problemləri nəinki həll etdi, heç bununla maraqlanmadı da. Əslində, həmin dövrdə hökumət bu problemlərin həlli ilə maraqlansaydı, ölkəmizdə intiharların sayı ilə bağlı statistik göstərici sürətlə artmazdı.
Amma bu sahəyə diqqət ayırmayan hökumət rəsmiləri bir şeyi unudur ki, əgər insan öz canına qıyırsa, demək bir gün başqasının da canına qıya bilər. Ən qorxulusu da elə budur. Belə ki, gələcəkdə sosial problemlər məngənəsində boğulanlar əzab-əziyyətdən cana doyub, özü ilə yanaşı onlarla günahsız insanın da ölümünə səbəb ola biləcək əmələ yol verə bilər. Odur ki, nə qədər gec deyil, xüsusən də kredit böhranı ilə bağlı ciddi qərarlar qəbul edilməlidir!
Daşqın Nuriyev