azia.az
azia.az

Şuşa qeydləri... I hissə - Bakıdan Füzuliyə qədər...

29-12-2021, 21:33

Şuşa qeydləri... I hissə - Bakıdan Füzuliyə qədər...
Şuşa qeydləri... I hissə - Bakıdan Füzuliyə qədər...
SÖZARDI: Şuşaya... 30 ilə gedə bilmədiyimiz yolu bu dəfə 6 saata getdik. Açığı, səfər üçün niyyət, arzu sahibi olmadım, İordaniya mollaları kimi qanad açıb uçacağıma da inanmırdım, göylə uçub Cıdır düzünün ortasına düşəsi də deyildim, Bakıdan Şuşaya qədər gediləsi uzun bir yol vardı, təxminən 400 kilometrlik... Mənə bu günü qismət elədiyinə görə Allaha dua etməliydim? Qətiyyən! Din, kitab-mitab, elm-melm işləmir, keçmir o torpaqlarda... Güllələnmiş heykəllərin yaxınlığındakı divarlardan birinə beləcə yazılmışdı: “Belləsuvarlı Mehman - 052”. Adam öz doğulduğu rayonun adını düzgün yaza bilmir, amma Şuşanı azad edə bilmişdi. Nədir də bu kəramət, bu ehkam, bu güc, bu inam, hə!? Bütün kitab oxuyub, elm yazan qalstuklular da Mehmanın azad etdiyi torpaqda Allaha təzim etməklə məşğul idilər: İlahi, şükr sənə, bizə bu günü qismət elədin... Di Xuda böyükdür, eləmi? Hərf tanımayan bəndəsinin əli ilə elm yazanları diz çökdürür, baş əydirir. Hələ sevindiyindən Şuşanın torpağını başına-üzünə sürtən, təpəsindən töküb əndərən həmkarlarımı demirəm... Bəlkə də hərf tanımayan Mehmanı işə götürməzdik. Sağ ol, Mehman! Salam, Vətən müəllim!
HƏRƏKƏT BAŞLADI: Dəyərli həmkarlarla, dostlarla Bakıdan çıxdıq, avtobus kamandan qopan ox kimi “Azneft”dən ayrıldı. İlk dəfə idi Bakını belə əclafcasına və soyuqanlı şəkildə tərk etməyə tələsirdim. Sanki Şuşa üçün də tələsmirdim, niyə yalan danışım axı... Burnumda bir qoxu vardı, çəkirdi, aparırdı məni. Nə olduğunu bilmirdim. Füzuliyə yaxınlaşdıqca taqətdən düşürdüm, azalırdım, xırdalanırdım, burnumdakı o qoxu daha da sərtləşirdi. Hiss edirdim ki, nəyəsə çatıram. İnsanın təkcə qan, göz deyil, burun yaddaşı da olurmuş...
Aha, Füzulidə işğaldan azad olunan kəndlərin düz ortasından keçirik. Birinci polis məntəqəsi... Dayanırıq... Bir neçə dəqiqəlik pasport yoxlanışı... Siqaret çəkmək üçün avtobusdan düşürəm. Bakıdan Füzuliyə qədər burnumda yas tutan qoxunun da nə olduğunu indi anlamağa başlayıram. Şəhid komandirimin - Orxan Əkbərovun 13 il əvvəlki kitelinin və 1 il öncə Füzulidə torpağa tökülən qanının qoxusu... Mən romantik adam deyiləm, zəhləm gedir kövrəlməkdən, lənətə gəlmiş insanların Bakının tən ortasında bizə nümayiş etdirdiyi əclaflıqlardan "daşlaşan" adam kimi kövrəlməyə də qorxur, həya edirdim. Hələ bu qədər narahat olmamışdım, Füzulidə qarda, boranda durduğum postun, ac-susuz erməni ilə üzbəüz dayandığım döyüş məntəqəsinin ən yırtıcı, vahiməli, səfeh və dərbədər xatirələri dizlərimi bükürdü. 13 il əvvəl mən Füzulidə ən ağır döyüş postlarında xidmət etmişdim. Polkovnik-leytenant (həmin vaxt baş leytenant) Orxanı kəşfiyyat bölüyündən tanıyırdım. Vətən boyda bu adam 44 günlük müharibə zamanı oktyabrın 2-də ovuc boyda Füzulidə şəhid olmuşdu. Məni Bakıdan Füzuliyə qədər bu qoxu apardı. Sağ ol, Orxan!
Sağ olsun, avtobusun sürücüsü Elxan maraqlı adamdır, əslən Tovuz rayonundandır. Azərbaycan Texniki Universiteti bitirib, deputat Arzu Nağıyevin qohumudur. Elxan tanıdığım ən yaxşı, savadlı sürücü kimi yaddaşımda qaldı. Şuşanın dik və sərt döngələrindən ustalıqla keçdi. Sərt döngələr maşında problemlər yaratdı, amma Elxan zərrə qədər də olsun deyinmədi, narazılıq etmədi. Bakının günah qoxuyan küçələrində şütüyən taksi “Pirius”ların bəzi sürücüləri kimi qəzaya, kələyə meylli adam da deyildi. Bakıda 100 metr gedə bilmədiyimiz sürücülərdən fərqli olaraq, Elxanla 1000 kilometrlik yol gedib-gəldik.
Artıq ikinci polis məntəqəsini də keçmişdik. 100 kilometrdən artıq olan Füzuli-Şuşa marşrutu - Zəfər yolu kitab yaddaşımı təzələdi. Topxana meşəsinin yanında keçdik, 1988-ci ildə Topxana meşəsinin dağıdılması inter-etnik gərginliyə səbəb olmuşdu. Bu hadisə Qarabağla bağlı yeni ideoloji və inzibati əsaslar yaratmışdı. Yolun kənarında “İsa bulağı – 700” metr işarəsi qoyulmuşdu. Qarşıda Daşaltı vardı, xatirələri daş olan buradan keçəndə nədənsə Nəcməddin Sadıkovu xatırladım. Nə cinayətlər, nə alçaqlıqlar baş verib, ört-basdır edilib bu torpaqda, İlahi!?
Mənim pafosdan, saxta vətənpərvərlikdən də zəhləm gedir, Azərbaycanın hər tərəfi mənim üçün əzizdir, amma Vətənin hər yerində üzünü torpağa yapışdırıb öpmək olmur. İlk dəfə Orxanın şəhid olduğu torpağ öpmək istədim, o da olmadı. Şəhər mühiti bizi çox korlayıb, cansız torpağa qarşı da səmimi olmağı bacarmırıq.
ŞUŞAYA XOŞ GƏLDİN: Şuşanın girişinə gəldik. Polis məntəqəsi, bir neçə dəqiqəlik pasport yoxlanışı... Normal haldır. Sülhməramlılar da orada idi, amma onlar erməniləri qoruyur və hərəkətlərinə nəzarət edirdilər. Yəni bizi Şuşanın girişindəki postda öz əsgərlərimiz yoxlanışdan keçirdi, sülhməramlılar yox! Bunu ona görə deyirəm ki, bizimlə bərabər səfərdə olan həmkarlarımızın bir neçəsi “Şuşa xatirələri”ində qeyd edirdilər ki, guya sülhməramlılar yoxlayıb və onlar icazə verəndən sonra şəhərə daxil olmuşuq. Yoxdur belə bir şey!
Amma düşünürəm, sabah Şuşada ciddi təmi-tikinti işləri aparılsa, yük maşınları o yolla Şuşaya necə qalxacaq? Asfalt şüşə kimidir, çətinləşdirən dik və sərt döngələrdir. Elə ona görə də tunellər salınır və fasiləsiz işlər gedir. Qısa müddət sonra o sərt döngələrə alternativ yol olacaq.

ŞUŞAYA DAXİL OLDUQ: ...
Ardı var...
Samir Feyruzov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi