Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
2020-ci ildən etibarən Zəfər tarixi və Vətən müharibəsi ilə bağlı mövzular Azərbaycan dili dərsliklərində, Azərbaycan tarixi, çağırışaqədərki hazırlıq və həyat bilgisi fənlərinin kurikulumlarında əksini tapıb. 2021–2022-ci tədris ilindən isə IX siniflərdə “Zəfər tarixi” kursunun tədrisinə başlanılıb.
Xəbər verilir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) məlumat verilib.
Bildirilib ki, 2020-ci ildən etibarən Azərbaycan dili dərslikləri yeniləndikcə Zəfər tarixini əks etdirən bədii və informativ mətnlərə də yer verilir.
Məlumata görə, I–II siniflərin Azərbaycan dili dərsliklərində Vətən anlayışı, dövlət rəmzləri və milli dəyərlər, Zəfər Günü, Qarabağ atı, Bərdə xalçası, işğaldan azad edilmiş torpaqlara qayıdan insanların sevinci, milli bayramlar və adət-ənənələrlə bağlı mövzular əksini tapıb.
III–IV siniflərdə isə Azərbaycanın və Qarabağın tarixi, Qarabağın mədəni irsi, işğaldan azad edilmiş ərazilər, Azərbaycanın qəhrəmanları, Vətən müharibəsi və Zəfər tarixi ilə bağlı tarixi-informativ mətnlərə yer verilib.
İnstitutdan bildirilib ki, 2020-ci ilin dekabrında ARTİ tərəfindən həyata keçirilən “Qələbə dərsləri” layihəsi çərçivəsində “Həyat bilgisi” fənni üzrə də materiallar hazırlanıb.
“V–IX sinifləri əhatə edən materiallarda Vətənə sevgi və vətənpərvərlik, milli birlik və həmrəylik, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlik və qəhrəmanlıq anlayışları, vətəndaşlıq mövqeyi, dövlətçilik və milli-mənəvi dəyərlər kimi məzmun istiqamətləri əks olunub”.
Qeyd edilib ki, hazırlanan materiallar arasında “Vətən sağ olsun”, “Qara tut ağacı”, “8 rəqəmi və tariximiz”, “Qarabağın təbiətinə terror” və “Ağdam çörəkmuzeyi” adlı mətnlər də yer alıb.
ARTİ-dən Zəfər tarixi və Vətən müharibəsi ilə bağlı mövzuların fənn kurikulumlarına inteqrasiyası istiqamətində aparılan dəyişikliklər barədə də məlumat verilib.
Bildirilib ki, XI sinif üzrə Azərbaycan tarixi fənninin kurikulumunda tarixi hadisə, proses və təzahürlərin dövrün və məkanın xüsusiyyətlərinə uyğun qiymətləndirilməsi, tarixi inkişafın müxtəlif mərhələlərinin təhlili istiqamətində məzmun dəyişiklikləri aparılıb.
Eyni zamanda, XI sinif üzrə çağırışaqədərki hazırlıq fənninin “Milli müdafiə” məzmun xətti çərçivəsində milli güc ünsürləri, müasir dövlətin formalaşması, qəhrəmanlıq nümunələri, 44 günlük Vətən müharibəsi, “Dəmir yumruq” və antiterror əməliyyatı ilə bağlı məzmun əks olunub.
İnstitutun məlumatına əsasən, I–IV siniflər üzrə “Həyat bilgisi” fənninin kurikulumunda isə dövlətçilik, milli kimlik və dövlət rəmzləri ilə bağlı məzmun çərçivəsində Zəfər Günü və Bayraq Günü mövzularına yer verilib.
ARTİ-dən Zəfər tarixi ilə bağlı mövzuların dərsliklərə daxil edilməsi zamanı nəzərə alınan meyarlara da aydınlıq gətirilib.
“Dərsliklər hazırlanarkən yalnız qeyd olunan mövzularda deyil, ümumilikdə bütün mətnlərin, izahların və tapşırıqların şagirdlərin yaşına və anlama səviyyəsinə uyğunluğu konkret pedaqoji, psixoloji və didaktik meyarlar əsasında müəyyənləşdirilir”, - rəsmi məlumatda vurğulanıb.