İlham Əliyevin Prezidenti seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür.
Xəbər verilir ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkənin inkişafında yeni mərhələ başlandı.
Prezident İlham Əliyev 23 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifahı daha da yaxşılaşıb.
Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və ulu öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.