azia.az
azia.az

Tariximizə qarşı mədəni terror, yoxsa texniki xəta...

16-10-2017, 08:40

Etibar Əliyev: “Bu məsələdə məsuliyyət hissini gücləndirmək lazımdır”

“Oyal” şirkətinin ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərinin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib. Dəftərin üz qabığında Nizami Gəncəvi “Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır” sözləri qeyd edilib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahanə Sarı Publika.az-a açıqlamasında bu səhvin mexaniki yanlışlıq səbəbindən baş verdiyini bildirib: “Dəftərin üz qabığında Nizaminin Azərbaycan şairi olduğu və onun adını daşıyan muzeyin şəkli verilib. Dəftərin arxasında bu yanlışlıq əməkdaşlarımızdan birinin Vikipediyadan götürdüyü məlumatı diqqətsiz redaktəsi səbəbindən baş verib. Bu ixtisar sırf texniki olub və diqqətsizlik edilib. Artıq həmin dəftərlər satışdan çıxarılır. Gələcəkdə belə səhvlərin olmaması üçün bütün lazımi tədbirlər görüləcək”.

Bir neçə gün əvvəl isə 10-cu sinif üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə böyük Ermənistan”ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Təhsil Nazirliyi bununla bağlı açıqlama verib, aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırıldığını və dərsliyin yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verildiyini bildirib.

Bir çox təhsil ekspertləri isə ard-arda baş verən hər iki hadisəni Azərbaycan mədəniyyətinə terror kimi də qiymətləndirir. Bəziləri bunun sırf texniki səhv olduğunu və bu xəta aradan qaldırıldığı üçün artıq məsələnin bağlandığını vurğulayır.

Bu səhvlərə görə araşdırma aparılıb-aparılmamasına və kiminsə cəzalandırılacağına gəlincə isə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələnin artıq qapandığını dedi: “Dərslikdəki yanlışlıq düzəldilərək yenidən çap olunub və məktəblərə paylanılıb. Bu, sadəcə olaraq, texniki səhv idi. ”Oyal"ın istehsalı olan dəftərlərin üzərində Nizami Gəncəvi haqqındakı yanlışlığa gəlincə isə, bunun bizə bir dəxili yoxdur. “Oyal” özəl şirkətdir".

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirdi ki, bu məsələdə məsuliyyət hissini dərinləşdirmək lazımdır: “Şagirdlərin, eyni zamanda tələbələrin dünyagörüşünün, biliklərinin formalaşması ilə bağlı vəsaitlərin çapı böyük məsuliyyət tələb edir. Məsuliyyəti və təcrübəsi olmayan adamlar bu prosesə qoşulmamalıdır. Bir çox hallarda bu cür məsələlər sərbəst buraxılır və müəllifin təxəyyülünə ötürülür. Təəssüflər olsun ki, bunun da belə acı nəticələri olur. Xeyli vəsait xərclənəndən və xeyli ideoloji virusun yayılmasından sonra bu, texniki səhv kimi qiymətləndirilir. Əslində Təhsil Nazirliyinin nəzdində komissiya və ya müstəqil komissiya fəaliyyət göstərməlidir. Bu komissiya yekunda bütün milli mənəvi dəyərlərimizlə, eyni zamanda vətənimizlə bağlı olan materialları nəzərdən keçirməlidir. Təcrübəli şəxslərin cəmləndiyi bir qurumda yekun olaraq bu məsələlərə baxılmalıdır. Bütün bu proseslər göstərir ki, dərslik yazmaq məsələsi sadə məsələ deyil. Yəni bu, böyük məsuliyyət tələb edir. Hətta akademiklərin yazdığı dərsliklərdə belə çox ciddi səhvlərə yol verilir. Hesab edirəm ki, bu cür məsuliyyətsizlik yolverilməzdir və bunun qarşısı əvvəlcədən alınmalıdır. Bundan başqa, düşmən qüvvələr də istifadə edə bilər. Bizim istər ali məktəb dərsliklərini, istərsə də orta məktəb dərsliklərini izləyib, oradakı hansısa bir qüsuru öz xeyirlərinə yönəldən qüvvələr var ki, bu da bizim əleyhimizə işləyir. Bu məsələdə məsuliyyət hissini dərinləşdirmək lazımdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi