Gələcəyin müəllimləri necə yetişdirilməlidir?
Cəmiyyətdə yüksək nüfuza malik şəxsiyyətlərdən biri də müəllimdir. Belə ki, hər bir müəllimin gələcəkdə peşəkar kadrların yetişdirilməsində, eləcə də bir şəxsiyyət kimi formalaşmasında müstəsna rolu vardır.
Bu gün yüzlərlə gənc gələcəkdə müəllim olmaq xəyalını qururlar. Bunun üçün də ilk növbədə həmin tələbələrə gələcəkdə yaxşı bir müəllim kimi yetişdirilməsində ali təhsil müəssisələrin üzərinə böyük öhdəlik düşür.
Bəs, görəsən, yaxşı bir müəllim yetişdirmək üçün hansı amillər zəruridir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, təsadüfü deyil ki, bu gün nəticəyönlü modellərin yaradılmasına xüsusi diqqət yetirilir:
“Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər. Onlar özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli, təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.
Göründüyü kimi bir məfhum olaraq, təhsil praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusu anlamına gəlir. Bu vəzifələrin reallaşması üçün ilk növbədə ali təhsil müəssisələrinin üzərinə böyük öhdəlik düşür.
İnkişaf etmiş bir sıra ölkələrin təcrübəsi göstərir ki, gələcək müəllimlərlə peşəkarlıq və səriştəlilik keyfiyyətləri üzrə sistemli işlərin aparılması onların gələcəkdə peşəkar pedaqoq kimi formalaşmasına müsbət təsir göstərir.
Peşəkarlıq səviyyəsinin yüksəldilməsi onun bir-biri ilə bağlı olan bir sıra bacarıqlara malik olması ilə səciyyələnir ki, bunların da içərisində pedaqoji-psixoloji biliklərə, didaktik bacarıqlara yiyələnmək və nəzəriyyə ilə təcrübəni əlaqələndirmək, pedaqoji prosesdə müxtəlif metod, texnologiya və vasitələrdən istifadə edə bilmək, təhsilverənin bilik, bacarıq, vərdiş və qazandığı təcrübəni gözlənilən nəticəyə çevirə bilmək kimi səriştələr ön plana çəkilir. Heç də təsadüfü deyil ki, bu gün nəticəyönlü modellərin yaradılmasına xüsusi diqqət yetirilir”.
Ekspert qeyd edib ki, tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir:
“Xüsusilə təlim-tərbiyə prosesinin yeni qaydalara uyğun təşkili şəraitində belə, bu prosesin səmərəliliyi məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır.
Dar mənada müəllim, geniş mənada pedaqoq kimi assosiasiya olunur. Pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilir ki, məhz pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir.
Tərbiyə, təhsil və təlim prosesləri spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə – şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir ki, bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Çox təəsüflər olsun ki, bu günümüzdə dünya təhsilinə öz layiqli töhfələrini verən pedaqogikanın nəhənglərindən sayılan - A. Makarenko, K. Uşinski, Y. Komenski, V. Suxomlinski, İ. Pestalossi, dünya miqyaslı postmodernistlər - Con Dyui, Hovard Qardner, Maykl Oukşot, Con Qudled, Martin Haydeqqer, Xuan Orteqa və bir çox digər görkəmli təhsil nəzəriyyəçilərini nəinki, pedaqoji universitet tələbələri, hətta bir çox təcrübəli müəllimlər belə lazımınca tanımır”.
N.İsrafilov söyləyib ki, bu gün müəllimin əməyinə fəxri adlar, müəllim üçün tarif dərəcələri və sertifikasıyanın nəticələrinə əsasən qiymət verir və onların peşəkarlığının hansı səviyyədə olduğunu müəyyənləşdiririk:
““Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda nəzərdə tutulmuş əmək funksiyasına görə müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan, təlim strategiyalarından istifadə edir. Tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin dövlət standartları səviyyəsində mənimsəməsini təmin edir.
Şagirdlərin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Metodbirləşmələrin fəaliyyətində və həyata keçirilən digər metodik işlərin təşkilində iştirak edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.
Bu gün biz müəllimin əməyinə fəxri adlar, müəllim üçün tarif dərəcələri və sertifikasıyanın nəticələrinə əsasən qiymət verir və onların peşəkarlığının hansı səviyyədə olduğunu qiymətləndiririk. Lakin, “Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın bütün bu şərtlərini tam şəkildə ödəyənlər varmı? Serifikasiyada ən yüksək bal yığanların, "Əməkdar müəllim" və digər fəxri ad alanların hamısını peşəkar adlandırmaq olarmı...? Mənə görə müəllimlik, sevərək seçdiyin peşəyə ürəkdən bağlılıqdır. Bu bağlılıq yoxdursa, hər hansı bir pedaqogika, metodika və ya metodologiya da gücsüzdür".