Uşaqlara verilən adlar ONLARIN talelərində hansı rol oynayır -AÇIQLAMA
Hər il uşaqlara qoyulan adların siyahısı ictimaiyyətə təqdim edilir. Yer alan adlar sırasında fərqli, qəribə adlar müşahidə edilir.
Belə ki, Kurtkaya, Qəribə, Dominik, Almagül, Kira, Firdus, Firduzə, Baday, Tarif, Əsğər, Əskinaz, Baxş və s. kimi adlar da bu siyahıya daxildir.
Bəs, görəsən, adların insanın gələcək fəaliyyətinə, uğuruna, taleyinə hər hansı bir təsiri varmı? Bu nöqteyi-nəzərdən valideynlər hansı məqama diqqət yetirilməlidirlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Klinik psixoloq, spiritual “coach” Zeynəb İsmayılovanın sözlərinə görə adlar şəxsiyyətləri müəyyənləşdirir və ünsiyyətə kömək edir:
“Adlar mədəni kontekstlərdə mühüm rol oynayır və insanların bir-biri ilə münasibətlərini formalaşdırır, həmçinin insanın özünəməxsusluğunu və şəxsiyyətini ifadə etməyə imkan verir. Uşaqlara qoyulan adların mənasına, tələffüzünə və yayılmasına kimi amillərə diqqət yetirmək vacibdir. O, müsbət və mənalı olmalı, asan tələffüz edilməli, uşağın gələcəkdə sıxılmadan, rahatlıqla daşıya biləcəyi bir ad olmalıdır".
Psixoloq qeyd edib ki, uşağa vəfat etmiş şəxsin adının verilməsi şəxsi seçimdir:
“Uşağa ölən şəxsin adının qoyulması bəzi mədəniyyətlərdə adi bir adətdir və bu adlar çox vaxt xatirələri yaşatmaq və ya sevilən birini xatırlamaq üçün seçilir. Bununla belə, bu qərarı verərkən, ilk növbədə uşağın gələcəkdə öz adının mənasını, mənşəyini, mümkün emosional təsirlərini və şəxsiyyətini qurma prosesini başa düşməsini nəzərə almaq lazımdır. Uşağa vəfat etmiş şəxsin adının verilməsi şəxsi seçimdir, eyni zamanda ailənin dəyərləri, inancları və mədəni konteksti nəzərə alınmalıdır. Söhbət uşaqlara qoyulan adlardan açılmışkən, təbii ki, adların taleyə təsir edib- etməməsi barədə daha çox danışmaq olar. Bu inanc insanın adının onun həyatına, xarakterinə və gələcəyinə təyin etmək gücünə malik olduğunu göstərir.
Məsələn, bir insanın həyatında baş verən hadisələr və ya nailiyyətlər həmin şəxsin adının mənası və ya simvolizmi ilə şərh edilə bilər. Lakin bu inanclar çox vaxt metafizik və ya mənəvi inanclarla əlaqələndirilir.
Adlar çox vaxt ailə ənənələri, mədəni normalar və ya şəxsi üstünlüklər əsasında seçilir. Bu güman edir ki, bir adın bir insanın həyatına birbaşa təsir etməsi üçün adın daşıdığı simvolizm və ya məna şəxsə aktiv şəkildə təsir etməlidir. Ancaq bu cür qarşılıqlı təsirlər elmi cəhətdən sübut olunmayıb.
Yekun olaraq qeyd edə bilərəm ki, adların taleyə birbaşa təsir edib-etməməsi məsələsi daha çox şəxsi inanc və mədəniyyət normaları ilə bağlıdır. Hər kəsin bu mövzuda fərqli baxışları və inancları ola bilər. Ona görə də adların taleyə necə təsir etməsi məsələsi daha çox şəxsi inanclara və mədəni normalara əsaslanır. Lakin valideynlərə kiçik bir məsləhət vermək istəyərdim ki, övladlarına ad qoyarkən, həmin adın mənasını detalına qədər araşdırsınlar və mümkün qədər həyatda olmayan hər hansısa bir yaxının adını qoymasınlar”.
Z.İsmayılova uşaqlar üçün ad seçərkən bəzi vacib məqamları nəzərə almağı diqqətə çatdırıb:
“İlk növbədə adların mənalarını araşdırıb, uşağın həyatına müsbət töhfə verə biləcək mənaları olan adlar seçmək lazımdır. Adların asan tələffüz edilməsi vacibdir. Mürəkkəb və ya qeyri-adi adlar uşağını ünsiyyət qurmasında problemlər yarada bilər. Adın düzgün yazılışını və yazım mürəkkəbliyini nəzərə alınmalıdır. Sadə bir orfoqrafiya uşağın adı xatırlamasını və istifadə etməsini asanlaşdırır.
Müəyyən bir cəmiyyətdə mənası olan adların və ya sözlərin mümkün mənfi mənaları haqqında məlumat əldə etmək lazımdır. Əmin olun ki, uşağınızın adının kinayə edilə biləcək mənası yoxdur və ya insanlara mənfi enerji ötürmür”, - deyə fikrini tamamlayıb”.
Numeroloq Xəyal Məmmədov isə qeyd edib ki, doğularkən verilən adın qısa formada çağırılması yalnışdır:
“İnsanın adı onun enerjisində olan ikinci kateqoriya rəqəmlərə aiddir. Yəni insan adındakı hərflərin sayı bu insanın enerjisində ikinci kateqoriya rəqəmlər deməkdir.
Yəni hər kəsin heyatinda ona verilen adi mühüm rolu var. Ancaq doğularkən verilən adı gələcəkdə çağırarkən qısa formada etmək olmaz,yəni adları qısaltmaq düzgün deyil”.