Bakı Ali Neft Məktəbində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti görüş
Bakı Ali Neft Məktəbində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti görüş
Bakı Ali Neft Məktəbində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə növbəti görüş
Bakı Ali Neft Məktəbində (BANM) Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti görüşü keçirilib.
Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə bölüşdürülməsi və bu nəticələr barədə müvafiq müzakirələrin aparılmasıdır. Tədbirdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycanın 19 universitetinin rektor və prorektorları, Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov və layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının, Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Akkreditasiya Təşkilatının məsul nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb. Rektor universitetlər arasında təcrübələrin bölüşdürülməsi, birgə müzakirələrin aparılması və ümumilikdə ali təhsilin inkişafı baxımından layihənin əhəmiyyəti və vacibliyindən bəhs edib. Elmar Qasımov layihənin koordinatoru olan Bakı Biznes Universitetinə və layihə müəlliflərinə təşəkkür edərək tədbirin gedişatına uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxış edərək təhsil naziri adından tədbir iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib. Nicat Məmmədli sözügedən layihənin universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və nəhayət, Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcəyini vurğulayıb.
Sonra Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək Rektorlar Konfransı barədə beynəlxalq təcrübəni bölüşüb və layihənin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Pərviz Bağırov, həmçinin Erasmus proqramının növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri barədə ətraflı məlumat verib. Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov isə öz çıxışında layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barədə məlumat verib. Eşqin Bayramov layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqdimat edib.
Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknyte - Petreikiene Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların nəticələrini statistik göstəricilərlə nümayiş etdirib. O, nəticələrə əsasən Azərbaycan universitetlərində mövcud vəziyyəti iştirakçıların diqqətinə çatdırıb. Daha sonra Mykolas Romeris Universitetinin prorektoru Professor Regina Valutyte Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, Konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi barədə danışıb.
Yekunda layihənin koordinatoru olan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov çıxış edərək “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsinin bütün tərəfdaşlarına minnətdarlığını bildirib və layihənin işinə müvəffəqiyyətlər arzulayıb.