azia.az
azia.az

Mikayıl Cabbarov: Xaricdə təhsil proqramı ləğv olunmayacaq

21-04-2016, 10:14

 Mikayıl Cabbarov: Xaricdə təhsil proqramı ləğv olunmayacaq Bilirsiz ki, bu, 2007-ci ildən Azərbaycan prezidentinin təşəbbüsü ilə həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təhsil sistemində olan ən uğurlu proqramlardandır. Bu proqramın həyata keçirildiyi müddətdə 3500-dən çox Azərbaycan vətəndaşı, gənc soydaşlarımız dünyanın ən nüfuzlu ali məktəblərində, müəssisələrində təhsil almaq imkanı əldə ediblər.
Bu barədə "Caspian European Club”ın təşkil etdiyi biznes-forum çərçivəsində jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı verdiyi açıqlamada qeyd edib.
Nazirin sözlərinə görə, proqramın adından da bəlli olduğu kimi, 2015-ci ildə onun başa çatdırılması nəzərdə tutulurdu.
"Təbii olaraq, burada proqram qarşısında qoyulan əsas məqsədlərin bəziləri yerinə yetirilmiş kimi qəbul olunur. Bu, ilk növbədə, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatı üçün kadr hazırlığının qısa müddətdə həyata keçirilməsi idi”, - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, proqram tətbiq olunduğu dövrdə xaricə göndərilənlərin əksəriyyəti bakalavrlar idisə, yeni hazırlanacaq proqramda bir sıra dəyişikliklər olacaq.
Belə ki, xaricdə təhsillə bağlı yeni proqram ölkənin ali təhsil sektorunun, ölkə universitetlərinin səviyyəsinin, o cümlədən onların rəqabətqabiliyyətliliyinin artırılması və beləliklə də, təhsilin səviyyəsinin yüksəldilməsinə xidmət etməsi istiqamətində hazırlanacaq.
"Gələcəkdə tətbiq ediləcək əsas yanaşma və təkliflərdən biri ondan ibarətdir ki, proqramın fokusu 2 istiqamətdə dəyişdirilsin. Birincisi, bakalavrlardan daha çox phD və magistr səviyyəsində artıq müəyyən nailiyyətlərə imza atmış, ali təhsil və ya iqtisadiyyat, sosial həyatın müxtəlif sahələrində fəaliyyət göstərən namizədlərə daha çox üstünlük verilsin.
Bakalavrlar yalnız nadir hallarda seçilə bilər. Bu, o zaman baş verə bilər ki, seçilən ixtisas Azərbaycanın ali təhsil müəssisələrində tədris olunmur”.
Mikayıl Cabbarov qeyd edib ki, son 8 ildə Azərbaycanın ali təhsil sistemində də böyük dəyişikliklər baş verib:
"Ölkədə bir sıra xarici təhsil müəssisələrinin filialları açılıb. Bizim özəl və dövlət ali təhsil müəssisələrinin tərkibində yerli və xarici mütəxəssislər, professorlar tədrisə cəlb edilib.
Bir sözlə, biz 2016-cı ildə proqramın başladığı 2007-ci illə müqayisədə fərqli bir konsepsiya, fərqli bir mənzərəni görürük”.
Nazirin sözlərinə görə, ikinci nəzərdə tutulan yenilik və istiqamət xaricdən professorların və müəllimlərin cəlb edilməsi vasitəsilə ölkənin ali təhsil müəssisələri, aparıcı universitetlərində təhsilin səviyyəsinin yüksəldilməsidir.
"Beləliklə, dünya səviyyəli təhsil imkanlarından yalnız xaricə göndərilən soydaşlarımız deyil, həm də ölkədə təhsil alan gənclərimiz faydalana biləcəklər.
Gördüyünüz kimi, burda bizim strateji məqsədimiz öz milli təhsil sitemimizin gücünə və ənənələrinə əsaslanaraq, onu sürətli şəkildə müasirləşdirmək və bizim universitetləri qısa müddətdə mümkün qədər rəqabətli etməkdir.
Təhsilin beynəlmiləlləşməsi təbii bir prosesdir. İstənilən aparıcı təhsil müəssisələrinin fəaliyətinə nəzər salsanız görərsiniz ki, həm xarici tələbələrin, həm xarici professor və müəllimlərin fəaliyyəti qəbul edilmiş praktika bir yanaşmadır. Və təbii ki, bizim milli təhsil sistemi bu prosesdən kənarda qalmamalıdır”, - deyə Mikayıl Cabbarov fikrini tamamlayıb.
Nazir vurğulayıb ki, söhbət proqramın ləğvindən deyil, onun daha müfəssəl planlaşdırılmış və düşünülmüş şəkildə istifadəsindən gedir:
"Təbii olaraq, bu dəyişikliklər kosmetik xarakter daşımır, bu, strateji dəyişikliklərdir. Məhz bu səbəbdən dəyişikliklər hökumətin bir sıra qolları və qurumları ilə razılaşdırılmalar və son yekun sənədin hazırlanmasını tələb edir”, - deyə M.Cabbarov bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi