Yeni nazirin qohum-əqrəba siyasəti — Təhsil Nazirliyində nə baş verir?
Belə bir deyim var-ölmüşəm bir ağlayanım yoxdur. Nədənsə təhsil sistemi, bu sahəyə bilavasitə məsul olan nazirliyin fəaliyyəti haqqında düşünərkən bu məsəl yadıma düşür. Müxtəlif maraqların əsiri olan, təcrübə laborotoriyasına çevrilən, hər gələnin bir qulp qoyduğu təhsilimiz həqiqətən də ağlamalı durumdadır. Bir zamanlar təhsili yarımcan vəziyyətə gətirən Misir Mərdanovdan sonra nazir kürsüsündə əyləşənlər ona həyat vermək əvəzinə süni nəfəs aparatından belə ayırdılar.
M.Cabbarovdan sonra “islahatçı qanadın” nümayəndələri kimi nazirliyə gətirilən kadrlar bu sahəyə yabançı olduqları üçün apardıqları ekspermentlərin acı nəticələrini pedaqoji ictimaiyyət hələ də yaşamaqdadır.
Bayıldan o yana təhsil alan Emin Əmrullayevin islahatları Facebook-da canlı yayımdan o tərəfə keçmədi
Emin Əmrullayevin Təhsil İnstitutundan Təhsil nazirliyinə gəlişindən sonra bu sahədə inqilabi dəyişikliklərin olacağına bir çoxlarında inam yarandı. Axı necə olsa da, o həm də 5 il nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri olmuşdu… Lakin cənab Əmrullayevin islahatları Facebook-da canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırmaqdan o yana keçmədi. Nazir olmasının 1 ilinin tamam olmasına 1 ay qalmasına baxmayaraq heç bir nəzərə çarpacaq dəyişikliyə imza atılmayıb. Bəzi kadr dəyişikliklərini nəzərə almasaq, Emin müəllim zəif bir komanda ilə çempionatın sonunu gözləyən məşqçi kimi günlərini sayır. Nazirimiz günlərini saymaqda olsun, biz də təhsilin bəzi problemlərini bir daha sadalayaq ki, bəlkə bəziləri yuxudan ayıla.
Nazirliyin kadr islahatları; «dostunun dostunun dostu» səviyyəsində aparılır
Öncə başlayaq aparılan kadr “islahatlarından”. Emin Əmrullayevin nazirliyə və ümumiyyətlə təhsil sektoruna gətirdiyi şəxslərin seçimində peşəkarlıq ümumiyyətlə rol oynamır. Burada dostluq, qohumluq, tapşırılma ən böyük peşəkarlıq hesab olunur. Müavini Məhəbbət Vəliyevanı nazirlikdən uzaqlaşdırdıqdan sonra BŞTİ-nə onun yetirməsi hesab olunan Mehriban Vəliyevanı gətirməsi nazirin hansı kriteriyalarla işlədiyinin bariz nümunəsidir.
Həmçinin BŞTİ-nə müdir müavini gətirilən Xəyalə Əhmədzadənin təyinatında nəzərə alınan “peşəkarlıq” nazirin dostunun dostunun bacısı olmağın yaratdığı prestijdir.Yaxud Təhsil İnstitutundan nazirliyə gətirilən Fuad Qarayevin təyinatında «peşəkar münasibətləri»nin hansı dərəcədə rol oynadığını yəqin ki, cənab nazir daha yaxşı bilir.
Yeni direktorlar “bal tutan barmağın yalayar” prinsipi ilə işləyirlər
Nazirliyin ümumi təhsil sektorunun müdiri Fuad Babayev daha çox paytaxtın məktəblərində “imtahan keçirərək” öz yaxınlarını rəhbər vəzifələrə gətirməklə məşğuldur. Təkcə onu qeyd etmək kifayətdir ki, direktor işlədiyi müddətdə müavini olmuş iki şəxs F.Babayevin “imtahan”ından yüksək bal toplayaraq direktor təyin olunublar. Bu bal toplama necə baş verirsə, sonradan direktorlar “bal tutan barmağın yalayar” prinsipi ilə işləyirlər.
Rubrika.Az saytına verilən məlumatlara görə, Bakı şəhər Təhsil İdarəsinin Ümumi təhsil sektorunda “saf-çürük” edilən şəxslər direktor təyin oluna bilərlər. Burada heç bir islahatdan, imtahandan söhbət gedə bilməz. Çünki F.Babayev qəbul edilən islahat proqramlarını, qərarları çoxdan tarixin arxivinə göndərib. F.Babayev adı bizə hələ vaxtilə 95 saylı ümumtəhsil məktəbdən tanışdır. Adı müəllimə və müəllimliyə yaraşmayan əxlaqsız əməllərdə keçən F.Babayev haqqında hazırda jurnalist araşdırmaları aparırıq və tezliklə oxucularımızın diqqətinə çatdıracağıq.
“Umu-küsü” qaydaları ilə idarə olunan Mətbuat xidməti – “Heç küsməyin yeridirmi?”
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun fəaliyyəti isə əməlli-başlı dəstgahdır. Nazirlərindən geri qalmamaq üçün ABŞ-ın Corc Vaşinqton Universitetində təhsil və tədqiqat aparan sektor müdiri Cəsarət Valehov ictimaiyyətlə əlaqələri öz əhval-ruhiyyəsinə uyğun olaraq qurur. Məsələn tərəfimdən nazirliyə ünvanlanan müraciətlərə cənab Valehov məndən küsdüyü üçün heç bir cavab vermir. Bəli-bəli, səhv eşitmədiniz, küsdüyü üçün. Müraciətlərimizə niyə cavab verilmədiyini soruşan nazirliyin digər bir rəsmisinə müşavir E.Nəsibov cənabına C.Valehov məhz məndən küsdüyü üçün belə etdiyini bildirib. İndi görün təhsilimizin inkişafına məsul olan bir nazirlik necə “umu-küsü” qaydaları ilə idarə olunur. Adamın o boyda C.Vaşinqton Universitetindən əxz etdiyi dəyər küsməkdir. Bundan ötrü bir il okeanın o tayında stajirovka keçməyə nə ehtiyac vardı ki? Təəssüf hissi ilə bildiririk ki, BŞTİ-nin Mətbuat xidməti də həmin ənənəni davam etdirir. Fərq ondadır ki, telefon əlaqələri saxladıqda BŞTİ-nin Mətbuat xidmətində müraciətlərimizə cavabla bağlı ümidlərimiz yaranır.
Təhsil sistemində hökm sürən ənənəvi problemlərin heç biri həll olunmayıb. Birinci siniflərə qəbul zamanı paytaxt məktəblərində hökm sürən özbaşınalıq və süründürməçilik, eləcə də “görüm-baxım” sistemi daha da geniş miqyas alıb. Prestijli məktəblərə şagird qəbulu ali məktəblərə qəbuldan çətin olub. Təsadüfi deyil ki, bütün bunların məhz nazirlikdən kordinasiya olunduğu bildirilir. Verilən məlumatlara görə, bu “qazanclı” sahəyə xüsusi diqqət göstərilir. Baxmayaraq ki, şagird qəbulu və yerdəyişməsində hökm sürən total qanunsuzluqlar barəsində narazılıqlar pik həddə çatıb, vəziyyət nəinki düzəlmir, gündən-günə daha da nəzarətdən çıxır.
Bu yazıda Təhsil nazirliyində hökm sürən ab-havanın çox cüzi bir hissəsini diqqətinizə çatdırdıq. E.Əmrullayevin nazir təyinatına sevinənlərin məhv olan arzularının ilinin çıxmasına bir ay qalıb. Amma nazirlikdə köhnə qruplaşmalar, intriqalar hökm sürməkdədir. M.Cabbarovun təhsil sisteminə növbəti namizədi və təqdimatı da özünü doğrultmadı. Görünür, cənab Cabbarov artıq bu sahəyə lazımi diqqət yetirə bilmir və yaxud onun «lyubimçiki» kimi tanınan E.Əmrullayevdən ona informasiyaları düzgün çatdırmırlar. Əks halda dövlət qarşısında yüksək etimad sahibi olan Mikayıl müəllim öz təqdimatının nöqsanlarına belə susqunluq göstərməzdi.
Altay Həsənova MÜRACİƏT
Birinci Vitse-prezidentin katibliyinin rəisi hörmətli Altay Həsənov da zənnimizcə məsələyə daha çox diqqət ayırmalıdır. Bu barədə lazımi instansiyalara daha dolğun məlumat vermək, baş verənlərə “dur” demək lazımdır. Ən azından təhsil sistemi həm də hamımızın övladlarının gələcəyi deməkdir. Bu gün baş verənlərə göstərdiyimiz biganəlik sabahkı peşmançılığımıza səbəb olacaq. Sonrakı peşmançılıq isə hələ heç kimə fayda verməyib!(aztoday.az)