Təhsil naziri ilə dövlət qəzeti arasında müsahibə qalmaqalı
“Respublika”nın baş redaktoru “bu, mümkün deyil” deyir, nazirlik isə təkzib yayıb
Təhsil Nazirliyi ilə “Respublika” qəzeti arasında Azərbaycan jurnalistikası tarixində indiyə qədər görünməmiş qalmaqal baş verib. Oktyabrın 27-də səhər saat 08:33-də qəzetin saytında təhsil naziri Mikayıl Cabbarovun “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” başlıqlı müəllif yazısı dərc olunub.
40 min işarəlik nəhəng yazı nəşrin saytında yer alıb. Məqalə rəsmi üslubda yazılıb və Azərbaycanda təhsilin inkişafını nümayiş etdirən saysız-hesabsız statistik məlumatlarla zəngindir.
Lakin məqalə dərc edildikdən bir qədər sonra Təhsil Nazirliyinin rəsmi saytında Mikayıl Cabbarovun bu yazının müəllifi olmaması ilə bağlı təkzib yerləşdirilib.
“”Respublika" qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib. Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb", - məlumatda deyilir.
Məsələ ilə bağlı “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov qaynarinfo.az-a açıqlamasında bildirib ki, gərək mətbuat xidməti bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı: “Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”.
“Yeni Müsavat” isə irihəcmli yazı ilə tanış olaraq bir qənaətə gəlib ki, burada yazılanlar daha çox 2014-2015-ci ildə ölkənin təhsil durumu ilə bağlıdır. Yazıda bir dəfə də olsun 2016-cı illə bağlı hansısa məqam vurğulanmayıb, hər hansı rəqəm yer almayıb.
T.Əhmədov “Yeni Müsavat”a açıqlamasında isə bildirdi ki, bu məsələdə redaksiyanın heç bir günahı yoxdur: “Hər şey aydınlaşıb. Gün kimi aydındır. Sabahkı sayımızda isə bu barədə geniş izahat olacaq. İndi məsələnin detalları barədə danışmaq istəmirəm”.
Gün ərzində Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdlərimiz uğursuzluqla nəticələndi. Nazirliyin rəsmi saytında da bu mövzu ilə bağlı hər hansı açıqlama, əlavə izahata rast gəlmədik. Bu isə sözügedən mövzuda susqun tərəfin daha az haqlı olması ilə bağlı təəssürat formalaşdırır. Çünki mübahisə doğuran məsələ öz ciddiliyi ilə fərqlənirdi.
Adının çəkilməsini istəməyən media eksperti isə hesab edir ki, bu məsələdə sadəcə mətbuat xidmətinin fəaliyyəti ilə bağlı axsama özünü göstərib. Çox güman, müsahibələrin qarışması və ya mətbuat xidməti əməkdaşlarının yanlışlığı ucbatından belə bir mənzərə yaranıb.
Dövlət qəzetləri ilə rəsmi qurumların, xüsusən də nazirlik səviyyəsində əməkdaşlığın detallarına toxunan ekspert bu məsələdə qəzetlərin ehtiyatlı davrandığını dedi: “Nazirin adından yalan müsahibə yaymağa heç bir dövlət qəzeti cəsarət edə bilməz. Burada ciddi yanlışlıqdan söhbət gedir. Ya müsahibə yanlış göndərilib, ya da nazir son məqamda razılığını vermədən onu yayımlayıblar”.