Tahir Mirkişili:”İlk planlarımızdan biri Sumqayıt şəhərində İsveçrə təcrübəsi əsasında peşə məktləblərinin açılmasına nail olmaqdır”
İsveçrədə səfərdə olan Milli Məclisin nümayəndə heyəti bir sıra görüşlər keçirib. Millət vəkilləri İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, bu ölkədə yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, orada çalışan və təhsil alan soydaşlarımızla görüşlər keçirib. Millət vəkilləri görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparıblar.
Milli Məclisin nümayəndə heyətinin tərkibində səfərdə olan millət vəkili Tahir Mirkişili Azərbaycanla İsveçrə arasında yaranmış iqtisadi və siyasi əlaqələrə toxunub: “İsveçrə dünyada heç bir ölkədə oxşarı olmayan unikal idarəetmə quruluşuna malikdir. İqtisadi, sosial və mədəni cəhətdən yüksək inkişaf səviyyəsinə malik bu ölkə ilə Azərbaycanın çox yaxşı iqtisadi və siyasi əlaqələri var. Təsadüfi deyiı ki, Azərbaycanın qeyri-neft sektoruna 80-dən artıq İsveçrə şirkəti sərmayə qoymuşdur. Sənayenin, aqrar məhsullar emalının yüksək texnologiyalarına malik bu ölkə ilə əlaqələrin intensivləşdirilməsi ölkəmizin də qeyri-neft sektorunun texnoloji inkişafına səbəb olacaqdır.”
Millət vəkili bildirib ki, İsveçrə həm də inkişaf etmiş peşə təhsli ilə tanınır: “Dünyanın əksər ölkəsi məhz bu təcrübənin İsveçrədən öyrənilməsini vacib sayırlar. İqtisadiyyat ilə təhsilin ən ideal inteqrasiyası məhz burda həyata keçirilib. İlk fikirlərimizdən biri Azərbaycanda qeyri-neft sektorunun inkişaf potensialının yüksək olduğu Sumqayıt şəhərində İsveçrə təcrübəsi əsasında, İsveçrə peşə məktəblərini cəlb etməklə yeni peşə məktləblərinin açılmasına nail olmaqdır. Sevindirici haldır ki, Təhsil Nazirliyinin də bu istiqamətdə xüsysi planları mövcuddur.”
Tahir Mirkişili qeyd edib ki, Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkə arasında səmimi dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynamaqdadır: “İsveçrə parlamentində cəmi 18 ölkə ilə dostluq qrupu yaradılmışdır ki, bunun da biri Azərbaycandır. Azərbaycan parlamentində yaradılmış dostluq qrupu üzvlərinin sayına görə ikinci böyük dostluq qrupudur. İsveçrədəki dostluq qrupunun üzvlərinin səmimi və dostcasına Azərbaycana aid məsələlərə yanaşmaları bizim üçün mühüm əhəmiyyət kəsb edir. İsveçrədə dövlət rəsmiləri ilə görüşlərdə sübut olundu ki, artıq bütün dünya Azərbaycana qarşı törədilən ədalətsizlikləri görür, bir an öncə ölkəmizin bu ədalətsizliklərdən qurtuması planlarını anlayışla qəbul edirlər. Bu bizim diplomatiyamızın uğurudur. Bu ölkə Prezidentinin ardıcıl siyasətinin nəticələridir. Görüşlərdən belə bir mühüm qənaətə gəlmək olar ki, Aropa ölkələrinin Azərbaycana çox böyük marağı var və artıq onlar da arzu edirlər ki, Azərbaycanın Dağlıq Qarabağ problemi həll olsun, Azərbaycan rahat nəfəs alsın və yalnız inkişaf etsin.”