azia.az
azia.az

İstifadəçi giriş məlumatlarının qorunması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi zəruridir

19-04-2025, 12:30

 Son zamanlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (https://www.e-taxes. gov.az) daxil olmaq üçün vergi orqanı tərəfindən vergi ödəyicilərinə verilmiş istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir. 

Belə halların, o cümlədən İnternet Vergi İdarəsinə (https://www.e-taxes.gov.azhttps://new.e-taxes.gov.az) daxil olmaq üçün istifadəçi giriş məlumatları ilə bağlı sızma (ələ keçirilmə) hallarının qarşısının alınması məqsədilə vergi ödəyiciləri tərəfindən bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur. Bunlar aşağıdakılardır:

  1. Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyiciləri, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər, ailə kəndli təsərrüfatlarının başçıları tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadənin dayandırılması və daha yüksək informasiya təhlükəsizliyi imkanlarına malik gücləndirilmiş elektron imzanın (“Sima” imza, “Asan İmza” (mobil ID) və sair) əldə olunması;
  2. İstifadəçi parolunun mürəkkəb şifrəyə dəyişdirilməsi (ən azı 8 simvoldan ibarət, böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan @, #, !, % istifadə edilməklə) və eyni şifrənin fərqli hesablar üçün istifadə edilməməsi;
  3. “Fișinq” hücumlarından (internet fırıldaqçılığından) qorunmaq üçün naməlum e-poçt ünvanlarından və mesajlardakı internet ünvanları (linklər) üzərindən keçid (klik) edilməməsi, mövcud şifrələrin başqalarına etibar olunmaması, mənbəyi yoxlamadan heç bir faylın endirilməməsi (yüklənməməsi), bankların və ya sosial şəbəkələrin adından e-poçt və SMS ilə göndərilən mesajlarda göstərilən şifrələrin daxil edilməməsi, linklərin yoxlanılması;

Məsələn:

Doğru portal: https://www.e-taxes.gov.az;

“Fişinq” portalı: https://www. e-taxes-secure.gov.az.

  1. “VPN” və “Şifrəli Bağlantılar”dan faydalanmaq üçün Wi-Fi şəbəkəsində WPA3 və ya WPA2 təhlükəsizlik protokolunun aktivləşdirilməsi, xüsusilə ictimai Wi-Fi şəbəkələrdə (kafe, hava limanı) etibarlı VPN-dən, hər zaman HTTPS protokolu olan saytlardan istifadə edilməsi (http:// yox, https:// olmalıdır);
  2. Lisenziyalı “Antivirus” proqram təminatlarının və Firewall (icazəsiz girişi bloklamaq üçün qurğu və ya qurğular sistemi) tətbiq edilməsi (antivirus proqram təminatının quraşdırılması, Firewall-un aktiv edilməsi və avtomatik yenilənmələrin aktiv saxlanılması), kompüterdə naməlum proqramların və əlavələrin silinməsi;
  3. İnternet brauzerlərdə (məsələn Google Chrome) və cihazlarda portala avtomatik girişin (“remember me” funksiyasının) deaktiv edilməsi, portaldan istifadədən  sonra çıxış edilməsi (xüsusilə ictimai qaydada istifadə olunan kompüterlərdə), İnternet brauzerlərdə saxlanmış şifrələrin silinməsi və ya “şifrə menecerləri”ndən istifadə olunması;
  4. Proqram təminatının daim yenilənməsi (Android, iOS, Windows, macOS), naməlum mənbələrdən proqram təminatlarının endirilməməsi (yüklənməməsi);
  5. Məlumat sızması (oğurluğu) baş verdikdə bütün cihazlardan çıxış edilməsi (“Log out of all devices” funksiyasının aktiv edilməsi), aşağıdakı şəkildə istifadəçi giriş məlumatlarının dərhal dəyişdirilməsi və (və ya) Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi:
    1. İstifadəçi kodu, parolu və şifrənin dəyişdirilməsi
    2. Asan İmza İstifadəçi ID-sinin portal üzərindən dəyişdirilməsi
    3. Asan İmza İstifadəçi ID-sinin AsanDoc proqramı vasitəsi dəyişdirilməsi

Göstərilən qabaqlayıcı tədbirlər istifadəçi giriş məlumatlarınızın məxfiliyini qorumağa xidmət edəcək. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi