azia.az
azia.az

Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün ”Liderlik Proqramı“ keçirilir

23-11-2023, 21:41


 

Cari ilin noyabr ayından etibarən ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində DVX-nin rəisinin müşavirləri və yuxarı rəhbər vəzifəli şəxsləri üçün 5 moduldan ibarət “Liderlik Proqramı” həyata keçirilir.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan kadr potensialının və insan resurslarının təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının artırılması, əmək fəaliyyətinin yeni çağırışlara uyğun təşkili və səriştələrin inkişafı üçün müxtəlif layihələrin və proqramların tətbiqi diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən “Dövlət Vergi Xidmətində çalışan əməkdaşların bilik və bacarıq potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən DVX-nin rəhbər vəzifəli şəxsləri ilə zəruri görüşlər təşkil edilib, müzakirələr aparılıb. Əldə olunmuş nəticələr əsasında rəhbər heyəti üzrə səriştə modeli hazırlanıb. İdarəetmə və liderlik bacarıqlarının təkmilləşdirilməsi və onların fərdi, eləcə də peşəkar inkişaflarının təmin edilməsi məqsədilə müxtəlif proqramların təşkili nəzərdə tutulub.

Həmin səriştə modelinin DVX-nin rəhbər vəzifəli şəxslərinə peşəkar və sistemli formada ötürülməsi məqsədilə cari ilin noyabr ayından etibarən ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində DVX-nin rəisinin müşavirləri və yuxarı rəhbər vəzifəli şəxsləri üçün 5 moduldan ibarət “Liderlik Proqramı” həyata keçirilir. 40 nəfər iştirakçısı olan bu proqram aşağıdakı mövzuları əhatə edir:

 - Liderlik bacarıqları; 

- Komandanın uğurla idarə edilməsi;

- Liderlik ünsiyyəti; 

- Strategiyanın planlaşdırılması və icrası;

- Dəyişikliklərin idarə edilməsi. 

Layihə çərçivəsində əməkdaşlarla təşkil edilmiş görüşlərdə nəticəyönümlü təsir üçün liderlik bacarıqlarının inkişafı, effektiv liderlik xüsusiyyətləri və keyfiyyətləri, fərdi liderliyin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, şəxsi xüsusiyyətlərin və dəyərlərin liderlik tərzinə təsiri, motivasiya amilləri, emosional zəka və ünsiyyət üslublarının müəyyən edilməsi kimi istiqamətlər üzrə ətraflı məlumat verilir. Bununla yanaşı, proqramda qətiyyətli lider olmaq üçün ünsiyyət bacarıqlarının inkişafı, liderliyin imkanları və çətinlikləri, komandaya effektiv rəhbərlik etmək və ruhlandırmaq üçün strategiyaların müəyyənləşdirilməsi, konstruktiv rəy vermək və almaq, strateji planlaşdırma bacarıqlarının təkmilləşdirilməsi, təşkilati dəyişiklik təşəbbüsləri və dəyişikliyi reallaşdıracaq insanları bir araya gətirərək proseslərin uğurla idarə olunması kimi mövzular da yer alır.

Proqram ADA Universitetinin və onun tərkibində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun heyəti, idarəetmə, liderlik, strategiya və kommunikasiya sahəsində geniş təcrübəyə malik kənar ekspertlərin moderatorluğu ilə reallaşdırılır. Moderatorlar sessiyalar müddətində öz təcrübələrini bölüşərək iş prosesində yaranan müxtəlif situasiyalara yanaşmalar barədə fikir mübadiləsi aparırlar. Dəvət olunmuş qonaq ekspertlər liderlik və strategiya sahəsində praktiki təcrübələrini proqram iştirakçıları ilə bölüşüblər. Proqram çərçivəsində işçi heyətlə münasibətlərin təşkili, stimullaşdırıcı alətlərin tətbiqi və rəhbərlərin bu sahədə mövqeyi müzakirə edilir. Proqram dekabrın 23-dək davam edəcək.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi