azia.az
azia.az

İşsizlik, yeni böhran dalğası... - Ekspert həyacan TƏBİLİ ÇALDI

26-09-2022, 13:52



Dünya iqtisadiyyatında çox təhlükəli və uzun zaman fəsadları qala biləcək durum yaranıb.

Bunu  açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli payızda iqtisadi böhranın dərinləşəcəyi barədə proqnozları dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, təhlükəli vəziyyətin yaranması bir çox amillərlə bağlıdır:

“Həm pandemiya dövrünün iqtisadi olaraq doğru idarə olunmaması, həm Rusiyanın Ukraynaya hərbi təcavüzü, həm də qloballaşmanın arxa plana keçib fraqmental dünyanın yaranması, bütün bunlar ciddi şəkildə iqtisadi proseslərə təsir göstərdi. İndi ən böyük təhlükələrdən biri inflyasiyadır”.  

Ekspert inkişaf etmiş ölkələrdə inflyasiyanın ikirəqəmli həddə çatdığını vurğulayıb:

“Məhz inflyasiya ilə mübarizəyə görə Federal Ehtiyatlar Sistemi (FED) başda olmaqla, bütün aparıcı ölkələrin mərkəzi bankları faiz dərəcələrini artırmağa qərar verdilər. Uçot dərəcəsinin artırılmasına qərar verdilər ki, inflyasiyanı cilovlamaq mümkün olsun. İqtisadi nəzəriyyə görə, bu yoldan istifadə etmək olar. Yəni inflyasiyanı cilovlamaq üçün iqtisadi aktivliyi azaltmaq və faizləri yüksəltmək lazımdır. Amma bunun da çox ciddi fəsadları var. Faizlər və kreditlər bahalaşdıqca, ümumiyyətlə, pul vəsaitinə çıxış və iqtisadi aktivlik azalır. Nəticədə resessiya (iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi-red) yaranır. Bu da işsizlik və əlavə problemlər deməkdir”.

Natiq Cəfərli hesab edir ki, hazırkı durumda vəziyyətdən uğurlu çıxış yolu yoxdur:

“İndi mərkəzi banklar çox pislə pis arasında seçim etməyə məcburdur. Çox pis kimi inflyasiyanı qiymətləndirirlər. Çünki böyük ictimai narazılıq görürlər. Pis isə iqtisadi daralmadır. Yəni ortada yaxşı bir çıxış yolu yoxdur. Ona görə də dünyada ərzağa çıxış imkanları ilə  bağlı problemlərin davam etməsi gözlənilir. Dünya ölkələrinin, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələrinin iqtisadiyyatının daralması gözlənir. Bu isə bütün dünyaya dalğavari təsir göstərəcək. Hətta ilin sonunda Çində tarixin ən aşağı iqtisadi göstəricilərinin qeydə alınması gözlənilir. Ona görə də, dünyadakı geosiyasi vəziyyət düzəlməsə, hər şey normal beynəlxalq hüquq çərçivəsində olmasa,  təəssüf ki, dünya iqtisdiyyatını həm bu payız, həm qış aylarında, gələn ilin əvvəllərində çox ciddi resessiya gözləyir. Bu da dünyada növbəti böhran dalğasını özü ilə gətirəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi