azia.az
azia.az

Pensiya yaşı azaldılır? - "Təxminən 7 il..."

5-07-2022, 11:39

Pensiya yaşı azaldılır? - "Təxminən 7 il..."
Azərbaycanda 1 iyul 2022 – 30 iyun 2023 tarixinə qədər kişilərin pensiya yaşı 65 il, qadınların pensiya yaşı isə 63 il müəyyən edilib.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.


Bir müddət əvvəl Milli Məclisin deputatı Fəzail Ağamalı ölkədə yaş həddinin çox olduğunu qeyd edərək, qadınlar üçün pensiya yaşının 50, kişilər üçün isə 60 yaş edilməsini təklif edib.

Ölkədə uzunömürlülük səviyyəsinin də az olmasını nəzərə alsaq pensiya yaşı niyə azaldılmır?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı “Margin.az”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında pensiya yaşının azaldılmasının, göründüyünün və hökumətinin dediyinin əksinə olaraq çox ciddi bir ictimai tələb olduğunu bildirib:

“Eyni zamanda statistik göstəricilər də müəyyən çağırışlar yaradır. Əhalinin orta yaş həddi 2020-ci ildən etibarən yenidən azalmağa başlayıb. Təbii ki, bunda pandemiyanın da təsirləri var. Amma Azərbaycanda orta yaş dövrü göstəricisi bir çox ölkələrlə müqayisədə aşağıdır. Pensiya yaşı həddini müəyyənləşdirərkən digər ölkələrlə müqayisə aparırıq. Bu isə Azərbaycanda gözlənilən pensiya dövrünün əhəmiyyətli dərəcədə az olmasını şərtləndirir. Azərbaycanda pensiya dövrü təxminən 7 ilə yaxındır. Bu, aşağı göstəricidir. Hazırda dünya ortalaması 13.5-14 il arasındadır. Belə bir şəraitdə pensiya yaşı azaldılmalıdır”.

Ekspertin sözlərinə görə, hökumət mümkün qədər çalışır ki, DSMF-nin gəlirləri xərclərini ödəsin: “Yaxud bu istiqamətdə dövlət büdcəsinin üzərinə düşən transfert yükü qismən az olsun. Bu, 2016-cı ildən sonra hökumətin mövqeyidir. 2017-ci ildən əmək pensiyaları haqqında qanunda dəyişikliklər zamanı da bu məsələ əsas prioritet olub. Sonrakı prosseslərdə də, ictimai narazılıqlara baxmayaraq, hökumət öz mövqeyini dəyişməyib. Böyük ehtimalla bu məsələ dəyişməyəcək”.

Rəşad Həsənov yaş həddi azalacaqsa əhalinin strukturunda pensiyaçıların sayı daha çox olacağını vurğulayıb: “Bu göstəriciyə görə də Azərbaycan ən aşağı səviyyədədir. Ölkə əhalisinin təxminən 12.5%-i pensiyaçıdır. Hətta qonşu Gürcüstanla (20%) müqayisədə də bu, çox aşağı göstəricidir. Hökumətin yaş həddini aşağı salması daha böyük qurumlara pensiya ödəməsi, daha çox xərc yaranması, DSMF-nin büdcəsini balanslaşdırmaq üçün büdcədən daha çox transfert ayrılması deməkdir”.

Ekspert bildirib ki, Yaponiya və Honq-Konqda gözlənilən orta pensiya dövrü 20 ildir (Azərbaycanla müqayisədə 2.5 dəfə çox): “Ən aşağı göstərici Azərbaycana məxsusdur. Başqa sözlə, bir yapon pensiya çıxdıqdan sonra 20 il yaşayır və bu müddət ərzində yaşayışı pensiya mexanizmi vasitəsi ilə müdafiə olunur, bir azərbaycanlı isə pensiya çıxdıqdan sonra 8 il yaşaya bilir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi