azia.az
azia.az

Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - “Müharibədən gələndən iş axtarıram”

28-04-2022, 09:20

Qarabağ Qazisi ÇƏTİN DURUMDA... - “Müharibədən gələndən iş axtarıram”
“Hər dəfə iş üçün müraciət edən müharibə iştirakçılarının başına vururlar ki, 5-10 gün döyüşmüsüz, Məşğulluq Xidmətinin qapısından əl çəkmirsiz. Mən Məşğulluqdan 5-10 qoyun almaq üçün döyüşməmişəm. Mən döyüşdən qayıdandan sonra bütün normal adamlar kimi özümə iş axtarmaqla məşğulam və iş üçün dövlətə müraciət etmək də hüququmdur. Acından ölməmək üçün dövlətin sosial layihəsi olan Özünəməşğulluq proqramına qoşulmaq istəyirəm. Döyüşmüşük deyə dövlətə iş üçün müraciət etməyimiz ayıbdır?”.

Göyçayın 2-ci Ərəbcəbirli kənd sakini Amil Zülfüqarov belə deyir

“Müharibədən gələndən iş axtarıram”

Amil Zülfüqarovun 30 yaşı var. Meydan TV-yə danışır ki, İkinci Qarabağ Müharibəsindən qayıtdıqdan sonra özünə iş axtara-axtara qalıb. Nəhayət, bir müddət əvvəl Dövlət Məşğulluq Agentliyinin Göyçay Rayon Şöbəsinə müraciət edib, özünəməşğulluq proqramına qoşulmaq istəyib. Xırdabuynuzlu mal-qara üçün qeydiyyatdan keçərək növbəyə yazılıb. Ancaq deməsinə görə, o gün – bu gün, növbəsi hələ də yetişməyib:

“Qeydiyyatdan keçəndə demişdilər ki, 1 il ərzində əlaqə saxlanılacaq. Aylar keçsə də, itirib-axtaran olmadı. Gördüm ki, məndən sonra qeydiyyata düşənlər heyvanla təmin olunublar, getdim, maraqlandım. Dedilər, sistemdə xəta baş verib, köhnə qeydiyyat ləğv olunub, təzədən qeydiyyata düşüb daha 1 il gözləməlisən. Bu, onsuz da işsizlikdən əsəbləri tarıma çəkilmiş vətəndaşı sadəcə, ələ salmaqdır”.

“80 manat heç kommunal xərcləri ödəməyə yetmir”

Amil Zülfüqarov deyir, ailədə 6 nəfərdilər. Bacısı Bakıda ali məktəbdə təhsil alır. Onun xərclərini də ailə qarşılamalıdır:

“Atamsa 1992-ci ildə Birinci Qarabağ Müharibəsində iştirak edib, atəşkəs elan olunandan sonra da evə qayıtmayıb, 1996-cı ilədək cəbhə xəttində qulluq edib, ancaq bir neçə ildən sonra bunu təsdiqləyən sənədlər üçün müraciət etdikdə ona sənədlərin arxivdən tapılmadığını bildirdilər, bu səbəbdən də veteran statusu verilmədi”.

6 nəfərlik ailə Amil Zülfüqarovun veteran təqaüdünə göz dikib – bu isə elə də böyük məbləğ deyil – cəmi 80 manat… Deyir, heç kommunal xərcləri ödəməyə də yetərli deyil:

“Müharibədən əvvəl xeyli keçimiz vardı, keçi təsərrüfatımızla dolanırdıq. Müharibədən qayıdıb gördüm ki, ailəmiz imkansızlıqdan keçiləri satıb. Kəndlərdə gəlir əldə etmək, dolanmaq üçün heç bir ipucu yoxdur. İmkanı olanlar imkanlarını artırırlar, dövlətlərinin üstünə dövlət gəlir, mənim kimi imkansızlar da səhər açılandan axşama kimi “bir tikə çörəyi hardan, necə qazanım” düşünməkdən az qalır beyni dağılsın”.

Göyçayın Məşğulluq Xidmətindən Meydan TV-yə bildirilib ki, Amil Zülfüqarovun Xidmətə müraciətini araşdırıb nəticəsi barədə özünə məlumat verəcəklər:

“Özünəməşğulluq proqramına qoşumaq istəyənlərin sayı çox olduğuna görə hər bir müraciəti yadda saxlamaq mümkün deyil. Araşdırıb vətəndaşın özüylə əlaqə saxlayacağıq”.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi