Mən həyatımı riskə ataraq akula məmurlarla kəllə-kəlləyə gəlirəm...
"Bu ölkənin əsas müxalifət partiyası bizik, əsas müxalifət lideri də mənəm"
Mən həmişə demişəm ki, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı satqın adamlardı. Xədicə İsmayılın Qərb diplomatları ilə görüşdə bu şəxslərin hökumətə işləməsi haqda dedikləri məni təcübləndirmədi.
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, adlarını çəkdiyi şəxslər heç vaxt real müxalifət olmayıblar:
“Bu şəxslər xalqın dar günündə qaçıblar, onları real müxalifət hesab etmirəm. Xədicə xanımın indi dediklərini mən neçə illərdir deyirəm. Mən danışdığım bütün məsələləri ciddi mənbələrdən araşdırma edərək deyirəm. Bu gün hay-küylə müxalifətçilik etmək olmaz. Xaricə kimi donos verib qrant almaq müxalifətçilik deyil. Bu insanların heç biri vətən üçün çalışmırlar. Prezidentə qarşı təzyiq edənlər hər zaman bu şəxslərdən istifadə ediblər. Sizə bir məsələ deyim. 2013-cü ildə Cəmil Həsənliyə prezidentin ailəsi haqda yalançı faktları kim ötürmüşdü? Təbii ki, qardaşım İlham Əliyevi istəməyən satqın məmurlar etmişdi bunu. Əli Kərimliyə qarşı cinayət işi açılıb, amma satqın məmurlar imkan vermir ki, Əli Kərimli həbs olunsun. İsa Qəmbər Milli Şuranı dağıtmaq üçün 2 milyon manat pul alıb aradan çıxdı. Bu müxalifət liderləri ölkənin bu ağır iqtisadi dövründə nə vaxt çıxıb xalqa yol göstəriblər? Hansı mənim qədər ölkədəki özbaşınalıqları tənqid edib? Mən Hafiz Hacıyev həyatımı riskə ataraq akula məmurlarla kəllə-kəlləyə gəlirəm, təkbaşına onları ifşa edirəm. Onlar isə 23 ildir səsləndirdikləri “dejurnu” bəyanatlarını sələndirirlər. Ona görə də bu ölkənin əsas müxalifət partiyası bizik, əsas müxalifət lideri də mənəm. Qoy bu şəxslər yolumuzdan çəkilib əl-əyağıma dolaşmasınlar mənim.”