azia.az
azia.az

ƏDV hələ də ləğv olunmayıb, naşirlərin narazılığı artır

16-02-2022, 08:43


Qanunun yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, aydınlaşdırılmayan bir çox nüanslar var
2019-cu ilin əvvəlində Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV götürüldü. Elə həmin dönəmdə analoji addımın Azərbaycanda da tətbiq edilməsi təklif olundu. Ölkəmizdə kitablar üzərində ƏDV 18%-dir. Naşirlər daim bu məsələni gündəmdə saxlamağa çalışıblar. Nəhayət, ötən il dekabrın 3-də gözlənilən qərar verildi. Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi.
ƏDV hələ də ləğv olunmayıb, naşirlərin narazılığı artır
Dəyişikliklə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.

Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə Nazirlər Kabineti nəzərdə tutulur. Qanunun yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulsa da, hələ də aydınlaşdırılmayan bir çox nüanslar var. Qanuna görə, yalnız Nazirlər Kabineti tərəfindən tərtib olunacaq siyahıya düşən kitablar ƏDV-dən azad olunacaq. Bəs bu siyahı hansı kriteriyalarla tərtib olunacaq? Bundan əlavə, naşirlər yanvar ayı ərzində nəşr olunan və xaricdən gətirilən kitablara görə ƏDV ödəyiblər. Bəs qanunda nəzərdə tutulan dəyişikliklər nə zaman tətbiq olunmağa başlayacaq?

Şahbaz Xuduoğlu — Vikipediya

Şahbaz Xuduoğlu: “Bıçaq sümüyə dirənib”

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu “Yeni Müsavat”a bildirdi ki, qanunun hələ də işə düşməməsi naşirləri çətin duruma salıb: ““Qanun” nəşriyyatı hər gün bir kitab nəşr edir. Bu, təkcə, sloqan deyil, real faktdır. Bəzi kitabların çapını xarici ölkələrdə həyata keçiririk. Bundan başqa, bəzi kitabları xarici ölkələrdən alırıq. Bəzi nəşrlər üçün lazımi materialları da xaricdən alırıq. Başqa ölkələrdən nə gəlirsə, hamısına ƏDV tətbiq olunur. Kitab satışı ilə məşğul olan şirkətlər, dükanlar bıçaq sümüyə dirənmiş kimi fəaliyyət göstərirlər. Vergi sistemi elə qurulub ki, artıq hər kəs “ağ mühasibatlıq” rejimi ilə işləməyə başlayıb. Nəşriyyatlar çətin vəziyyətdədir. Ən pisi də odur ki, qanun yanvarın 1-dən qüvvəyə minməli olduğu halda, biz hələ də ƏDV ödəyirik. Digər bir məsələ yalnız Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıdakı kitabların ƏDV-dən azad olunması ilə bağlıdır. Hansı nəşrlərin ƏDV-dən azad olunacağı bilinmir. Bu siyahı hələ də müəyyən edilməyib".

Nigar Köçərli: "Bu, Azərbaycanın gömrük tarixində qara səhifədir"

Nigar Köçərli: “Yanvar ayında 20 min manat ödəmişik”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin müdiri Nigar Köçərli “Yeni Müsavat”a bildirdi ki, həm idxal olunan, həm də ölkədaxili nəşr olunan kitablara görə ƏDV ödənilir: “Yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişiklik edilib. Buna baxmayaraq, biz naşirlər hələ də ƏDV ödəyirik. Vergilər Nazirliyindən bizə bildirilib ki, nəşrlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra ƏDV ləğv olunacaq. Anormal vəziyyətdir, çünki siyahının təsdiq olunması üçün 3 ay zaman lazımdır. Bu isə o deməkdir ki, biz naşirlər bu müddətdə ƏDV ödəməyə məcburuq. Müştərilər prosesləri bilmədiyinə görə narazılıqlar olur. Hətta müştərilərdən biri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bizdən şikayət edib. Qanunda yazılıb ki, yanvarın 1-dən ƏDV ləğv olunur, lakin biz yanvar ayında astronomik məbləğ - 20 min manat ödəmişik. Nəşr olunan kitablara 18% ƏDV tətbiq olunur. Bundan əlavə, idxal olunan nəşrlərə görə əlavə 15% gömrük rüsumu ödənilir. Bununla bağlı Nazirlər Kabinetinə müraciət etmişik, lakin nəticə yoxdur. Naşirlər də narazıdır. Bundan başqa, o siyahının hansı kriteriyalarla tərtib olunacağına dair konkret cavab ala bilmirik. Bəlkə sonrakı mərhələdə daha bir neçə ay zaman lazım olacaq?”

Kitab bazarına hər gün minlərlə kitab daxil olur. Təkcə “Əli və Nino” nəşriyyatı bir ay ərzində 5-6 min manatlıq kitab nəşr edir. İdxal olunan kitabların ümumi məbləği ötən ilin dekabr ayında 50-60 min manat,yanvar ayında isə maksimum 5-6 min manat olub. Kitablar əsasən Rusiyadan, Türkiyədən, Böyük Britaniya, ABŞ, Fransa və Almaniyadan idxal olunur. Naşirlərin nəyə görə bu qədər təşviş keçirdiyi elə rəqəmlərdən də bəlli olur.

Nazirlər Kabinetindən isə “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki,"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. “Hazırda proses davam edir”, - deyə cavabda qeyd olunub.

Nigar HƏSƏNLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi