“Əli İnsanov sakit və nikbindir”
Vəkili sabiq nazirin məhkəmədən ədalət gözləmədiyini deyir; qərbi azərbaycanlılar isə İnsanov barədə danışmaqdan qaçırlar
Azadlığa çıxmasına 57 qalmış yeni cinayətlərdə suçlanaraq barəsində cinayət işi başlanan və 13 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülən sabiq səhiyyə naziri Əli İnsanovdan xəbər var. Belə ki, vəkili Toğrul Babayev onunla təcridxanada görüşüb.
Görüş barədə vəkil “Yeni Müsavat”a açıqlamasında bunları deyib: “Əli İnsanov deyir ki, burada su pulla verilir. Təcridxana çox isti olur. Sərinkeş yoxdur. Digər dustaqlara necə münasibət varsa, Əli İnsanova da elədir. Bizim əlavə cinayət maddələrinin irəli sürülməsi ilə bağlı apelyasiya şikayəti vermək hüququmuz var idi. Amma məsələ burasındadır ki, Əli İnsanovla bağlı qərar həbs qətimkan tədbirinin seçilməsi deyil. Bu etapla əlaqədar seçilib. Onun barəsində oktyabrın 20-ə qədər hökm qərarı var idi. Bununla əlaqədar etap barədə qərar seçdilər, oktyabrın 23-ə qədər. Qərardan şikayət vermədik. Çünki məhkəmə etap barədə qərar verdi, saxlanılması barədə yox. Oktyabrın 23-ə qədər istintaqın bitəcəyi barədə fikir söyləmək çətindir. Bunu ən yaxşı prokuror bilir. Əli İnsanov bütün ittihamları rədd edir. Hesab edir ki, onu həbsdə saxlamaq üçün belə düşünülmüş ssenaridən istifadə edirlər. Heç bir məntiqə uyğun gəlmir ki, 11 il cəza çəkən şəxs azadlığa çıxmasına 57 gün qalmış Penitensiar Xidmətin əməkdaşına bir akta görə hücum etsin. Akt cırılıbsa, təzədən yenisi ilə əvəzlənsin. İnandırıcı ola bilməz ki, aktla bağlı əməkdaşa hücum eləsin, onu itələsin, başı divara dəysin. Əli İnsanov bu ittihamların heç birini qəbul etmir. Guya Əli İnsanovun xəsarət yetirdiyi əməkdaşı - Anar Məmmədovu tanımırıq, yalnız onu bilirik ki, Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin işçisidir, zabitdir. Hüquqlarını müdafiə etdiyim şəxs qarşıda keçiriləcək məhkəmədən ədalətli heç nə gözləmir. Son dərəcə sakit və nikbindir. Səhhəti də normaldır. Bizim əvvəldən əlavə cinayət işinin açılacağı barədə ehtimallarımız var idi.
Xatırlayırsınızsa, iyun ayında belə bir xəbər mətbuatda yayılmışdı ki, İnsanova qarşı belə bir cinayət işi qaldırılıb. Bu məlumatları təkzib etmişdik. Əli İnsanovla bağlı bu barədə söhbətimiz olanda demişdik ki, son dərəcə ehtiyatlılığı qorumaq lazımdır. O bizə demişdi ki, nə qədər ehtiyatlı olsam da, hər hansı bir əməkdaş, şəxs üzümə durub hansısa hadisəni törətdiyimi deyə bilər, çünki bura qapalı yerdir. Onun 70 yaşı var, alim adamdır. Cəza çəkdiyi 11 illik müddətdə həbsxanada heç bir qanun pozuntusuna yol verməyib. O ki qaldı kiməsə hücum eləsin, xəsarət yetirsin”.
Qeyd edək ki, sabiq nazirlə bağlı istər hakimiyyət yetkililəri, istərsə də, İnsanovun doğulduğu qərbi Azərbaycan kökənli şəxslər fikir bildirməyə çəkinirlər. Çoxsaylı tanınmış Qərbi azərbaycanlıdan İnsanov barədə fikir almağa çalışsaq da, birmənalı şəkildə danışmaqdam imtina etdilər. Hətta İnsanovla bağlı yazılarda adlarının çəkilməsini istəmədiklərini vurğuladılar... (musavat.com)