Bakıya elektriklə işləyən avtobuslar gətirilir
Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.
Lent.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib. Bu yaxınlarda Berlində Almaniyanın "Eurabus" şirkətinin rəhbərliyi ilə həmin modellərin çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb: "Memorandum bir ay-ay yarım ərzində elektrobusların ilk modelinin çatdırılmasını nəzərdə tutur və burada aprobasiyadan keçiriləcək. Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli və bir sıra texniki məsələləri dəqiqləşdirməliyik".
Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, buna görə də ən optimal variantı tapmaq zəruridir: "Gəncə Avtomobil Zavodu min ədəd belə avtobus buraxmağa hazırdır. Lakin hər şey tələbat və sifarişlərdən asılı olacaq. Bu avtobuslar tamamilə ekoloji təmizdir".
X.Fətiyev qeyd edib ki, gələcəkdə ixrac edilməsi üçün bu nou-hauların qonşu ölkələrdə irəliləyişi də əsas məqsədlərdən biridir.