Deputat: “Rusiya ilə münasibətlərimiz bir az daha gərginləşir”
“Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya tərəfi və onun bəzi strukturları sanki Azərbaycanla münasibətlərin pozulmasını qarşılarına bir hədəf, məqsəd qoyublar. Bunun üçün əllərindən gələni edirlər”.
Azia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, baş verənlər münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: “Biz bunu Qroznı səmasında vurulan təyyarəmizdə də gördük, cinayət işinə xitam verilib. Bu günə kimi hansısa günahkar cəzalandırılmayıb. Bunun davamı olaraq digər şəhərlərdə də baş verən hadisələrlə bağlı eyni addımlar atılır. Son Yekaterinburq hadisəsi də bunu bir daha göstərir. Təəssüf ki, münasibətlərin normallaşması əvəzinə, bir az daha gərginləşir. Bunun da birmənalı olaraq əsas günahkarı, səbəbkarı məhz Rusiya tərəfidir. Biz Rusiya ilə münasibətlərin inkişafında, qorunmasında maraqlıyıq. Ancaq bunda Rusiya tərəfi də maraqlı olmalıdır. Təəssüf ki, Rusiya tərəfində bu marağı görmürük. Əksinə münasibətlərin gərginləşməsinə yönəlmiş addımların atıldığının şahidi oluruq. Bu da birmənalı olaraq yaxşı nəisə vəd etmir. Rusiya tərəfi bu cəhdlərə, təxribatlara son qoymalıdır. Kimsə fikirləşir ki, bu cür addımlar, təltiflər əlaqələrə müsbət töhfə verir. Xeyr! Hesab edirəm Azərbaycanla Rusiya münasibətlərinin korlanması Rusiyanın milli maraqlarına uyğun deyil. Rusiya tərəfi bunu nəzərə almalıdır”.
Qeyd: 2025-ci ilin iyun ayında isə Rusiyanın Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı əsassız olaraq saxlanılmışdı. Bu günlərdə Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılmasında iştirak etmiş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları mükafatlandırılıb. Mükafatlar Sverdlovsk vilayəti üzrə DİN Baş İdarəsinin genişləndirilmiş kollegiya iclası zamanı təqdim olunub. Tədbirdə Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk vilayəti üzrə polis baş idarəsinin rəisi Aleksandr Meşkov, regionun baş prokuroru Boris Krılov və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. Məlumata əsasən, əməliyyatçılarla yanaşı, iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşlarına da mükafat təqdim olunub.
Şəhanə Quliyeva