Hərbi cinayətkarlar FƏALLAŞDILAR: Sülh müqaviləsi imzalanmayacağı halda…
Ermənistanın keçmiş müdafiə naziri, Xocalı cəlladı Seyran Ohanyan və onun kimi digər hərbi cinayətkarlar təxribatçı çıxışları ilə ordunu ölkə rəhbərliyinə tabe olmamağa, 4 kəndin Azərbaycana qaytarılmasına mane olmağa çağırırlar.
Maraqlıdır, Ermənistan ordusunun bu kimi təxribatçı çağırışlara cavabı nə olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, S.Ohanyanın çağırışları Ermənistan ordusunda hakimiyyətə qarşı hər hansı effekt doğurmayacaq.
Politoloqun sözlərinə görə, “Qarabağ klanı”nın erməni cəmiyyətində ciddi nüfuzu, həmçinin mövcud hakimiyyət üçün hər hansı təsir gücü yoxdur: “Çünki hər kəs onların korrupsioner, oğru, quldur, cinayətkar adam olduqlarını bilir. Əgər onların kiçik də olsa, nüfuzu olsaydı indiyədək bir şey edərdilər. Məsələ belə yekunlaşacaq ki, baş nazir Nikol Paşinyan onları həbs etdirəcək. Bununla da dövlət çevrilişinə cəhdlər, qiyam ittihamı ilə azadlıqlıqdan məhrum ediləcəklər. Artıq erməni ordusunda rəhbərliklərin bir hissəsi dəyişilib. Orduda Ohanyan, keçmiş müdafiə naziri kimilərinin bazası və dayaqları daha yoxdur”.
Son vaxtlar artan təxribatlar fonunda Azərbaycanla Ermənistan arasında müharibə ehtimalına gəlincə, Ə.Oruclu vurğulayıb ki, sülh müqaviləsinin imzalanmadığı halda müharibə ehtimalı qalır: “Lakin hesab edirəm ki, mövcud situasiyada bu, yüksək deyil. Ona görə ki, öncəliklə müharibə tərəflərin özlərinə lazım deyil. İstər Azərbaycan, istərsə də Ermənistan üçün bu, belədir. Müharibə daha çox Rusiya, bəlkə də Fransaya lazımdır. Digər region ölkələri, o cümlədən İran da müharibə olmağını istəmir. Çünki, bu, onlara da sərf etmir. Amma hər bir halda risk mövcuddur”.