Seyran Ohanyandan ermənilərə ÇAĞIRIŞ: “Rus “sapoq”larını YALAYIN” - ƏTRAFLI
“Papadan daha çox katolik olmaq. Bu ifadə həddindən artıq fanatizmi ifadə etmək üçün istifadə olunur. Kreml hökmdarlarının ayağını ölkəmizdən silsələr də, onların dabanlarını yalamağa öyrəşmiş Rusiyayönlü müxalifətimiz məhz “papadan artıq katolik” olmağasəy göstərir. Bu işlə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan daha çox məşğul olur”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində əks olunub.
KTMT Ermənistanın müdafiəsi ilə məşğul olmur. Bəs o zaman NATO-ya rəqib kimi çıxış edən belə bir bloka üzv olmaq Ermənistanın nəyinə lazımdır?
“Ohanyan baş nazir Nikol Paşinyanın ünvanına sərt tənqidlər yağdıraraq onu KTMT-də sabitliyi pozmaq cəhdində ittiham edib. Həm də ona görə ki, KTMT-nin İrəvan sammiti zamanı Nikol Vovayeviç Ermənistanın maraqlarına, onun təhlükəsizliyinə və ərazi bütövlüyünə məhəl qoymayan yekun bəyannaməni imzalamaqdan imtina edib. Ohanyanın fikrincə, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsi Ermənistana son dərəcə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu sənəd ya ümumiyyətlə sammitdə təqdim edilməməli, ya da imzalanmalı idi” – Arşakyan vurğulayıb.
“KTMT-nin təcrübəsi və ənənəsi var. Belə ki, təşkilata sədrlik edən ölkə onun üçün faydalı olan sənədləri qəbul etməli və imzalamalıdır. Sənədlər isə imzalanmayıb. Bu, o deməkdir ki, heç kim Ermənistan hakimiyyətini heç nəyə məcbur etmir” – Ohanyan bildirib.
Erməni analitik Tevos Arşakyanın fikrincə Ohanyanın çıxışı daha çox Kremldən gələn sifarişə, ya da ictimaiyyətin diqqətində qalmaq üçün edilən boş və mənasız danışığa bənzəyir: “Seyran Muşeqoviç! Paşinyan açıq şəkildə İrəvandan çox Bakıya meyl edən Putinə, Lukaşenkoya və Tokayevə necə təsir göstərə bildi? Bəli, KTMT-yə Ermənistan sədrlik edirdi. Amma Putin blokunun bütün ölkələri ev sahibi İrəvanın maraqlarına məhəl qoymadı. Bu zaman Paşinyan nə etməli idi? Ohanyanın KTMT üzvlərinin Ermənistan hakimiyyətini heç nəyə məcbur etməməsi ilə bağlı fikirləri tamamilə yersizdir. Çünki onlar nəinki Paşinyanı, bütün Ermənistanı və indiki müxalifəti heç bir məsələyə qatmırlar. Dolayısı ilə Ermənistanı veclərinə almırlar”.
Ohanyanın sözlərindən belə çıxır ki, KTMT Azərbaycan-Türkiyə tandeminə qarşı Ermənistanı qətiyyən dəstəkləməməlidir. Deyirlər ki, KTMT bizim regionda ancaq qlobal problemləri həll etmək üçün mövcuddur: “Məsələn, Ermənistanla Azərbaycan arasındakı münasibətlər, sərhəddəki vəziyyət, effektiv müdafiə xəttinin formalaşdırılması, mühəndis texnikası və səngər qazma kimi işlərlə məşğul olmamalıdır. Bununla Ermənistanın hərbi-siyasi rəhbərliyi məşğul olmalıdır. Bu, faktiki olaraq həyata keçirilmir”, – sabiq erməni nazir vurğulayıb.
“Ohanyan bizi axmaq hesab edir. O, uzun illər Ermənistanın Müdafiə Nazirliyinə rəhbərlik edib. Və bilməli idi ki, KTMT-nin əsas məqsədləri kollektiv əsasda üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqdır. Belə olan hallda KTMT-nin Ermənistanın müdafiəsi ilə məşğul olmamasını necə başa düşmək olar? Bəs o zaman NATO-ya rəqib kimi çıxış edən belə bir bloka üzv olmaq Ermənistanın nəyinə lazımdır? Əminəm ki, cəmiyyətdə reytinqi sıfıra bərabər olan KTMT-ni müdafiə etməyə tələsən Ohanyan sadəcə Kreml ağalarının sifarişini yerinə yetirir. Bu gün Ermənistandakı bütün rusiyapərəst zibillərin etdikləri budur. Ohanyan kimi bəziləri KTMT-nin fəaliyyətsizliyinə, digərləri isə Rusiyanın xəyanətinə haqq qazandırır. Amma əslində rusiyayönlü koloniyanın bütün bu cəhdləri faydasızdır. Çünki ermənilər hər şeyi çoxdan başa düşüb. Seyran Ohanyan, Robert Koçaryan və Serj Sarkisyan kimiləri isə rus çəkmələrini yalamaq və bütün Ermənistanı bu hərəkətə vadar etmək istəyirlər” – erməni analitik fikirlərini tamamlayıb.