"Üçüncü Dünya müharibəsinin içərisindəyik" - AÇIQLAMA
Yaxın Şərqdə başlanan HƏMAS-İsrail müharibəsi yeni bir Üçüncü Dünya müharibəsinin olacağına dair fikirlərin səsləndirilməsinə səbəb olub.
Son günlər ABŞ-İran arasında yaranan gərginlik gözdən yayınmır. Çinin İrana dəstəyi, Hizbullahın hər an döyüşə daxil ola biləcəyi qənaəti bu ehtimalları daha da artırır.
Maraqlıdır, yeni bir Dünya müharibəsi ola bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov qeyd etdi ki, hazırda biz Üçüncü Dünya müharibəsinin içərisindəyik.
Onun sözlərinə görə, həm Yaxın Şərqdə baş verən hadisələr, həm Rusiya-Ukrayna müharibəsinin dayanmamağı, davam etməsi, həm dünyanın digər coğrafiyalarındakı hərbi gərginliklərin yenidən alovlanma ehtimalları Üçüncü Dünya müharibəsinin kiçik bir nöqtəsində dayandığımızı söyləməyə əsas verir:
"Ümumiyyətlə həll edilməmiş konfliktlər hər zaman geniş çaplı hərbi eskalasiyalara səbəb ola bilir. Bu baxımdan da hətta İsraillə HƏMAS arasında, Fələstin arasında hansısa bir razılaşma, sülh, atəşkəs belə olsa, problemin dərin siyasi köklərinin həll edilməməsi bu məsələnin həll edilməməsinə və sonrakı dövrlərdə növbəti dəfə davam etməyinə səbəb ola bilər. O baxımdan mən hesab edirəm ki, hazırda bizim müşahidə etdiyimiz tendensiyalar dünyanın kifayət qədər təhlükəli bir areala daxil olduğunu göstərir".
Politoloq eyni zamanda, baş verə biləcək hadisələrin Azərbaycana təsirindən də danışdı:
"Azərbaycan əlbəttə ki, ən çətin dövrdə, yəni koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə öz torpaqlarını işğaldan azad etdi və sonuncu antiterror əməliyyatları ilə bütün ərazilərində suverenliyini bərpa etmiş oldu. Bu baxımdan hazırda hansısa dünya səviyyəli qlobal hadisələrin, Azərbaycanın bütövlükdə siyasi-hərbi imkanlarını təhdid etməyəcəyini düşünürəm. Çünki hazırda ölkəmiz elə bir xarici siyasət kursu formalaşdırıb ki, birbaşa bütün kənar münaqişələrdən yayınmaq üçün ölkəmizin kifayət qədər siyasi manevr imkanları var. Amma hər halda hazırkı gərginliklər iqtisadiyyat baxımından, qlobal iqtisadi münasibətlər baxımından çox ciddi çağırışları özündə ehtiva edir və bütün dünya üçün iqtisadi baxımdan ciddi təhdidlər formalaşdırır".
Həmidə İBRAHİMLİ