azia.az
azia.az

Xankəndinin təhvil-təslim mərhələsi başlayır: Paşinyan “Vaqner”i Ermənistana niyə “gətirdi”

11-09-2023, 08:10

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən küsüb, ona görə də, Kreml sahibini regiondakı vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına daxil etməyib... Kreml isə Rusiyanın "təxribat emissarı"nın dili ilə Paşinyan hakimiyyətini təhdid edir, Ermənistanda mümkün hakimiyyət çevrilişinin açıq anonsunu verir və bu hədəfinə çatmaq üçün tələsdiyini də gizlədə bilmir...

Azərbaycan və Ermənistan arasında hərbi-siyasi gərginlik artıq olduqca təhlükəli görüntülər almağa başlayıb. Rəsmi İrəvanın hərbi təxribatları hər an genişmiqyaslı silahlı toqquşmalara yol aça bilər. Çünki mövcud situasiya indi artıq real savaş mərhələsinə keçmək üzrədir. Və hazırda yaranmış vəziyyətə görə isə hərbi təxribatları törədən Ermənistan məsuliyyət daşıyır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son davranışları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edir. Rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarından hələ imtina etmədiyini də dolayısı ilə təsdiqləyir. Hər halda, rəsmi İrəvanın Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistan ordusunun tör-töküntülərini hələ də bölgədən çıxartmaması, erməni separatçı-terrorçulara dəstək verməsi regionda sülhə və sabitliyə əsas təhlükədir. Ona görə də, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması, üzünmüddətli sabitliyə nail olunması üçün mütləq Ermənistan ordusunun qeyri-qanuni silahlı dəstələri ən qısa zamanda Azərbaycan ərazisindən çıxarılmalıdır. Və erməni separatçı-terrorçuların qondarma "qurumları" ləğv edilməlidir. 

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana və onun beynəlxalq himayədarlarına artıq bu barədə sərt xəbərdarlıq etmişdi. Nazirlik vurğulamışdı ki, qeyri-qanuni "qurum"un "prezident"inin planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması heç bir halda məqbul və qəbuledilən deyil.

Ancaq görünən odur ki, Paşinyan hakimiyyəti və erməni separatçı-terrorçular rəsmi Bakının xəbərdarlığının nə demək olduğunu anlamaqda hələ də çətinlik çəkirlər. Hər halda, Qarabağdakı erməni separatçı-terrorçulara 22 səslə yeni rəhbərin "seçilməsi" rəsmi Bakının bu bölgə ilə bağlı atacağı bütün addımlara legitimlik qazandırdı. Və bundan sonra Azərbaycan öz suveren hüquqlarını təmin etmək üçün ən radikal addımlar atmaqdan çəkinməyəcək.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, indiyə qədər Qarabağda reallaşdırılan hüquqi cinayətə münasibət bildirən beynəlxalq qurumlar və dövlətlər qondarma "seçki"ni tanımadıqlarını birmənalı şəkildə bəyan ediblər. Yəni, erməni separatçı-terrorçular beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərdiklərinin növbəti dəfə gündəmə gətirilməsinə səbəb vermiş oldular. Beynəlxalq hüquq normalarına uyğun olmayan qondarma "qurumlar" isə Azərbaycan ərazisində fəaliyyət göstərə bilməz. Və rəsmi Bakı cəmisi 22 cinayətkarın istəyi ilə Azərbaycan ərazisində erməni terrorçuların "boz zona"sının mövcudluğuna imkan verməz.

Böyük ehtimalla ən yaxın vaxtlarda erməni separatçı-terrorçular ilə bağlı məsələnin həlli Azərbaycan ordusuna həvalə olunacaq. Bu sahədə böyük təcrübəsi olan Azərbaycan ordusu isə çox qısa müddətdə, təxminən bir neçə saat ərzində Qarabağ regionunu erməni terrorizmindən təmizləyəcək. Və bu prosesin yaxın vaxtlarda başlaya biləcəyi isə artıq qətiyyən şübhə doğurmur. 

Bütün bunlar onu göstərir ki, Qarabağ regionunun gələcək taleyi ilə bağlı məsələ həllini tapmaq üzrədir. Tezliklə Xankəndinin öz həqiqi sahibinə - Azərbaycan dövlətinə geri təhvil-təslim mərhələsi başlayacaq. Və Qarabağ ərazisinin erməni separatçı-terrorçular üçün "boz zona" olduğu dövrün sona çatdığını indi yalnız sadəlövhlər anlamaya bilərlər.
Ancaq erməni radikal-revanşistlər, eləcə də onların arxasından boylanan Rusiya Qarabağ regionundan sonuncu dəfə öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışırlar. Kreml məhz bu regiondakı erməni terrorçulardan Ermənistanda dövlət çevrilişi məqsədi ilə yararlana biləcəyinə ümid bəsləyir. Və Rusiyaya qarşı xəyanət etmiş Paşinyan hakimiyyətinin devrilməsi Kreml üçün prinsipial hədəfə çevrilmiş kimi görünür.

Rusiyanın Qarabağa göndərdiyi "təxribat emissarı" Ruben Vardanyan son açıqlaması da bunu təsdiqləyir. Bu beynəlxalq cinayətkar bildirib ki, hazırda Ermənistanı idarə edənlər səriştəsizdirlər, nə etdiklərini başa düşmürlər, təcrübələri yoxdur və öyrənmək istəmirlər: "Bəli, mən bütün "sağlam qüvvələr"lə birləşməyə və Ermənistanda hakimiyyətin tezliklə dəyişdirilməsini dəstəkləməyə hazıram”.

Göründüyü kimi, Ruben Vardanyan açıq mətnlə Ermənistanda dövlət çevrilişinə çağırış edir. Əslində isə onun dedikləri məhz Kremlin direktivlərindən ibarətdir. Çünki bu cinayətkar Rusiyanın dəstəyi olmadan Qarabağa gələ bilməzdi və Ermənistanda da hakimiyyətə iddia etmək cəsarətinə düşməzdi. Kreml məhz "təxribat emissarı"nın dili ilə Paşinyan hakimiyyətini təhdid edir və Ermənistanda mümkün hakimiyyət çevrilişinin anonsunu verir. Və Kremlin Ruben Vardanyanı belə açıq şəkildə Paşinyan hakimiyyəti ilə savaş meydanına atması o deməkdir ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi planlarının reallaşdırılmasında artıq "düymə"yə basıb və hətta tələsir. 
Əslində, Paşinyan hakimiyyəti də yaxınlaşan təhlükənin nə qədər ciddi olduğunu artıq anlayır. Ona görə də, Rusiyaya qarşı ittihamları sərtləşdirməklə, Kremllə qarşıdurmanı dərinləşdirməklə ABŞ və Qərbin dəstəyini qazana biləcəyinə ümid bəsləyir. Və hazırda Rusiya propoqanda mexanizmlərinin məhz Paşinyan hakimiyyətini açıq hədəfə çıxartması da erməni baş nazirin maraqlarına cavab verir.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan ABŞ və Qərbi vəziyyətin ciddiliyinə inandırmağa çalışır. Hətta erməni baş nazir son günlər regionda yaranmış vəziyyəti müzakirə etdiyi dövlət liderlərinin sırasına Rusiya prezidenti Vladimir Putini daxil etməyib. Halbuki, 44 günlük savaş dövründə erməni baş nazir Ermənistanı xilas etmək ümidilə davamlı olaraq, Kreml sahibi ilə telefon əlaqəsi yaradırdı. İndi bu təcrübədən imtina edilməsi Paşinyan hakimiyyəti ilə Ermənistanın yeganə hərbi müttəfiqi Rusiya arasında iplərin qopmaq üzrə olduğunu göstərir.

Digər tərəfdən, hazırda Paşinyan hakimiyyətinə yaxın mətbuat qurumları Kremlin Ermənistanda dövlət çevrilişi etmək məqsədilə "Vaqner"in 12 min nəfərlik bir qrupunu göndərdiyini iddia edir. Halbuki, bu, o qədər də inandırıcı görünmür. Çünki Kremlin Ermənistanda hakimiyyət çevrilişi üçün "Vaqner"in dəstəyinə ehtiyacı yoxdur. Rusiya bu hədəfinə daha sadə variantlar üzərindən də çata bilər. Paşinyan hakimiyyətinin "Vaqner"in Ermənistana gətirilməsində əsas məqsədi böyük ehtimalla erməni toplumunda Rusiyaya və onun "5-kalon"una qarşı müqavimət prosesini dərinləşdirməkdən ibarətdir.

Elçin XALİDBƏYLİ,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi