azia.az
azia.az

Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır

30-12-2021, 00:31

Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır
Rəsmi Ankara Cənubi Qafqazda Rusiyanın hegemonluğu altında olan geopolitik situasiyanı tədricən dəyişə və regional qüvvələr nisbətini Türkiyənin xeyrinə çevirə bilər; Türkiyənin regiondakı maraqlarıyla hesablaşmaq məcburiyyətində olan Kreml Ermənistanın rəsmi Ankara ilə anlaşmaq planlarını pozmağa çalışır...
"ÖAzia.az"ın musavat.com-a istinadən məlumatına görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması hazırda erməni toplumunda ən ciddi müzakirələrə və mübahisələrə səbəb olan mövzulardan biridir. Bu məsələnin müsbət həllinə yönəlik cəhdləri dəstəkləyənlərlə yanaşı, kəskin şəkildə qarşı çıxarlar da var. Və bu səbəbdən də, Ermənistan cəmiyyətində Türkiyə ilə normal münasibətlər mövzusuna birmənalı yanaşma mövcud deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan hazırda Türkiyə ilə münasibətlərin normallaşdırılması və iki ölkə arasında sərhədlərin açılması istiqamətində xüsusi canfəşanlıq edir. Paşinyan hakimiyyəti bu mövqeyini blokada şəraitində olan və sosial-iqtisadi böhranla üzləşmiş Ermənistanın buna ciddi şəkildə ehtiyacının olması ilə arqumentləşdirməyə çalışır. Və bu arqumentlər Ermənistan cəmiyyətinin Qərblə inteqrasiya tərəfdarı olan təbəqələri üçün kifayət qədər cəlbedici görünür.


Maraqlıdır ki, Türkiyə ilə normal münasibətlərə müqavimət göstərən müxalif çevrələr, xüsusilə də, Qarabağ klanı da məhz rəsmi İrəvanın arqumentlərini tamamilə fərqli istiqamətdən şərh edir. Onların iddiasına görə, Türkiyə ilə münasibətlərin normallaşdırılması erməni siyasi-ideoloji anlayışlarına ziddir və Ermənistana ciddi təhlükələr vəd edir. Qarabağ klanı hesab edir ki, sərhədlər açıqlacağı təqdirdə, Türkiyə maliyyə-iqtisadi resursları ilə Ermənistanı çox qısa zaman içərisində özündən asılı vəziyyətə salacaq. Və bu halda, Ermənistan dövlətçiliyinin mövcudluğu formal xarakter daşımağa başlayacaq.



Ancaq bütün bunlara baxmayaraq, prosesə artıq start verilib. Bu dəfə hər iki ölkənin öz hədəflərinə çatma ehtimalı kifayət qədər yüksəkdir. Çünki, həm Türkiyə, həm də Ermənistan münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar prosesində iştirak edəcək xüsusi nümayəndələri artıq təyin ediblər. Halbuki, Ermənistan cəmiyyətində bu prosesdə iştirak edəcək diplomatların səviyyəsindən müəyyən narahatlıq da var.

Ermənistanın müxalif siyasi dairələrində hesab edirlər ki, rəsmi İrəvanı danışıqlar prosesində təmsil edəcək vitse-spiker Ruben Rubinyan Türkiyə diplomatı Sərdar Kılıc ilə bərabər səviyyəli müzakirələr apara bilməz. Çünki S.Kılıc böyük diplomatik təcrübəyə malik olmaqla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafına daxildir. Bu faktor Ermənistana Türkiyə qarşısında güzəştli mövqe tutmaq məcburiyyətini elə əvvəlcədən təmin edir.

Təbii ki, Paşinyan hakimiyyəti bu mövqeni qətiyyən bölüşmür. Əksinə, Türkiyə ilə danışıqların mümkün qədər sürətlənməsində birbaşa maraqlı olduğunu da açıq-aşkar biruzə verir. Hətta Ermənistan baş naziri Nikol Paşinyan hər imkanda danışıqların uğurlu istiqamətlər alacağı təqdirdə, Türkiyə prezidenti R.T.Ərdoğan ilə birbaşa görüşməyə hazır olduğunu da vurğulayır.

Erməni baş nazirin bu mövqeyi Kremlə yaxın Rusiya siyasi dairələrində N.Paşinyanın Türkiyə lideri ilə təkbətək təmaslara can atması kimi yozulur. Hesab olunur ki, baş nazir N.Paşinyan Rusiyadan qopub, Türkiyəyə sığınmağa, ardıncasa, Ermənistanı Qərbə “qaçırtmağa” çalışır. Və bu ehtimallar Rusiyada bəzi siyasi çevrələri narahat etməklə yanaşı, ciddi narahatlıq da doğurur.



Rusiya siyasi dairələrində narahatlığı artıran əsas məqamlardan biri də ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar ABŞ tərəfindən xüsusi canfəşanlıqla dəstəklənir. Hesab olunur ki, Ağ Ev bu məsələ ətrafında rəsmi Ankara ilə özəl anlaşma əldə etmiş ola bilər. Bu halda, ABŞ-ın növbəti mərhələdə Türkiyə ilə iqtisadi-ticari və siyasi-diplomatik münasibətlər quracaq Ermənistanı Rusiyadan qopara bilməsi baxımından, daha güclü mexanizmlər qazana biləcəyi də qətiyyən istisna deyil.

Halbuki, rəsmi İrəvan Türkiyə ilə bağlı prosesi Rusiyanın vasitəçiliyi ilə yürütmək niyyətini bəyan etməklə, Kremlin narahatlığını azaltmağı da qətiyyən unutmur. Hətta rəsmi İrəvan Türkiyə və Ermənistan nümayəndələrinin məhz Rusiyada görüşməsini də təklif edib. Yəni, Paşinyan hakimiyyəti bu məsələdə birmənalı şəkildə Kremlin maraqlarını və ümumiyyətlə, Rusiya faktorunu ön planda tutmağa çalışır.

Ancaq Kremlin tam arxayın olması üçün bütün bunlar yetərli görünmür. Çünki Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanı narahat edən daha fərqli faktorlar da mövcuddur. Xüsusilə də, Kreml Cənubi Qafqazda türk-erməni düşmənçiliyinin normal anlaşma mərhələsinə keçirilməsində o qədər də maraqlı deyil.

Hər halda, belə bir mərhələnin başlayacağı təqdirdə, Rusiyanın həm Türkiyəyə, həm də Ermənistana təsir mexanizmlərindən ən önəmlisinin öz əhəmiyyətini itirəcəyini Kremldə də başa düşürlər. Ermənistanın həmişə Rusiyanın şəriksiz patronajlığı altında qalmasına üstünlük verirlər. Rusiyanın maraqlarına daha uyğun olan mövcud geopolitik düzənin toxunulmazlığını daha vacib hesab edirlər.



Onu da qeyd edək ki, rəsmi Ankaranın son açıqlamaları da Rusiyada müəyyən narahatlıq doğurmaqdadır. Belə ki, Türkiyə hakimiyyətinin təmsilçisi İbrahim Kalın Cənubi Qafqazda türk-erməni düşmənşiliyinin sona çatmaq üzrə olduğunu vurğulayıb. O, bildirib ki, erməni diasporu da daxil olmaqla, Türkiyənin beynəlxalq rəqibləri yaxın gələcəkdə bu faktordan rəsmi Ankaraya qarşı istifadə etmək şanslarını tamamilə itirəcəklər.

Göründüyü kimi, rəsmi Ankara Ermənistanla normallaşma prosesinə start verməklə, Türkiyənin Cənubi Qafqazdakı önəmli problemlərindən birini həll etməyi hədəfləyir. Hər halda, həm Azərbaycanla, həm də Türkiyə ilə normal münasibətlər quracağı təqdirdə, Ermənistan regional proseslərdə birmənalı şəkildə Rusiyanın maraqlarının təmsilçisi rolunda çıxış etmək məcburiyyətində qalmayacaq. Əksinə, Ermənistan üçün Rusiyadan daha çox, Azərbaycan və Türkiyə ilə olan iqtisadi-ticari xarakterli ortaq maraqlar daha ön plana çıxacaq. Nəticədə bu ortaq maraqlar rəsmi İrəvanın siyasi-diplomatik mövqeyinə də dolayısı ilə təsir göstərmiş olacaq.

Bütün bunlar onu göstərir ki, rəsmi Ankara Cənubi Qafqazda Rusiyanın hegemonluğu altında olan geopolitik situasiyanı tədricən dəyişmək niyyətindədir. Rəsmi Ankara regional təsir məkanının əhatə dairəsini Rusiya ilə bölüşdürmək niyyətində kifayət qədər israrlıdır. Əslində, Azərbaycan və Türkiyənin ortaq ideyası olan “3+3” əməkdaşlıq platforması da rəsmi Ankaraya əlavə geopolitik hərəkət məkanı aça bilər.

Məsələ ondadır ki, hələlik Rusiyanın da maraqlarına cavab verən “3+3” platforması yaxın gələcəkdə daha çox Türkiyənin siyasi iradəsi altına düşə bilər. Birincisi, regionun ən güclü ölkəsi Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Yəni, istənilən məsələdə rəsmi Ankaranı dəstəkləməyə üstünlük verəcək. Və bu, olduqca böyük əhəmiyyət daşıyır.

İkincisi, Rusiyanın strateji müttəfiqi Ermənistan son regional savaşın mütləq məğlub tərəfidir. Rəsmi İrəvanın mövqeyi artıq geopolitik oyunçular üçün hər hansı ciddi əhəmiyyət daşımır. İranın regionda hələlik qüvvələr nisbətinin necə dəyişəcəyini müşahidə etmək məcburiyyətində olduğunu nəzərə aldıqda, geopolitik üstünlük tədricən Türkiyə-Azərbaycan ittifaqının əlində cəmləşməkdədir.



Üçüncüsü, rəsmi Ankara yaxın gələcəkdə Gürcüstanın “3+3” platformasında iştirakına nail olmağa cəhd göstərir. Müşahidələrə əsasən, Rusiya ilə kəskin ziddiyyətləri olan Gürcüstanın Ağ Ev prinsipial razılıq verəcəyi təqdirdə, bu platformada təmsil olunmağa meyl göstərdiyini düşünmək mümkündür. Və bu halda, rəsmi Ankara “3+3” platforması çərçivəsində Rusiyanın təsir dairəsini ciddi şəkildə məhdudlaşdırmış olacaq.

Nəhayət, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, rəsmi İrəvanın iqtisadi-ticari maraqlarının daha çox təmin edildiyi tərəfi dəstələməli olacağını da ehtimal etmək mümkündür. Yəni, Rusiyanın strateji müttəfiqi olsa da, Kremldən ciddi şəkildə narazı olan rəsmi İrəvanın tərəf dəyişdirə biləcəyi qətiyyən istisna deyil. Və belə vəziyyətin İranın mövqeyinə də təsir göstərəcəyini inkar etmək çətindir.

Təbii ki, bütün bunları Kremldə də hesablamağı bacarırlar. Ona görə də, Rusiya siyasi dairələri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini dəstəklədiklərini və vasitəçiliyə hazır olduqlarını bəyan edirlər. Eyni zamanda, danışıqlar prosesini əngəlləyə biləcək və Ermənistandakı radikal Qarabağ klanının mövqeyi ilə uyuşan iddiaları gündəmə gətirirlər.

Məsələ ondadır ki, Rusiya siyasi dairələri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində hər hansı ilkin şərtlərin irəli sürülməsini yolverilməz hesab edirlər. Halbuki, Kremldə bunun mümkün olmadığını da anlayırlar. Türkiyənin olduqca ciddi şərt-tələbləri var və Ermənistan onları yerinə yetirməli olacaq. Əks halda, danışıqlar prosesinə və eləcə də, Rusiyanın vasitəçiliyinə də ehtiyac qalmazdı.
Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır
Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır
Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır
Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır
Türkiyə və Rusiyanın regional nüfuz savaşı: Kreml Ermənistanın blokadada qalmasına çalışır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi