Bu sözləri AzVision.az -a rusiyalı ekspert Sergey Markov deyib. O bildirib ki, beynəlxalq vasitəçilər də Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının tərəfdarıdırlar. Bununla belə, problemlər də var.
- Paşinyan üçün əsas problem odur ki, Qarabağı heç bir şərt olmadan Azərbaycanın tərkib hissəsi kimi tanıyarsa, o zaman erməni icması qorxaraq, oradan köçə bilər. Bu qorxunun birinci səbəbi Ermənistanda aparılan dəhşətli anti-Azərbaycan təbliğatıdır. Qarabağ erməniləri də onun təsiri altındadırlar. İkinci səbəb Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiyi dəhşətli hərbi cinayətlər nəticəsində qohumları həlak olmuş azərbaycanlıların qisas alacağı ilə bağlıdır,- Markov deyib.
O hesab edir ki, Azərbaycanın təhlükəsizlik qüvvələri Qarabağın qalan hissəsini nəzarətə götürənə qədər ermənilərin oradan köçü baş verərsə, Paşinyan çox çətin vəziyyətdə qalacaq: “ Qəzəbli kütlə onu devirə, yaxud revanşist qüvvələrin təşkil etdiyi terror hücumuna məruz qalaraq, məhv edilə bilər. Ona görə də, Paşinyan qorxur və Bakı-Xankəndi dialoquna təminat tələb edir, Qarabağ ermənilərinin siyasi subyektivliyindən danışır. Azərbaycan isə sonuncu ilə qəti şəkildə razılaşmır. Paşinyan Qarabağ ermənilərinə muxtariyyət tələb edir və istəyir ki, bu muxtariyyətin qarantı Azərbaycan Konstitusiyası yox, beynəlxalq təşkilatlar olsun. O, Fransanın rolunun böyük olduğu Avropa İttifaqının qarant olmasını istəyir. Tarixi təcrübəsi olan Azərbaycan bununla qətiyyən razılaşmır, deyir ki, Qarabağ erməniləri muxtariyyət alarsa, bir müddət sonra bu muxtariyyətdən sui-istifadə edəcəklər”.
Markov hesab edir ki, Paşinyan əsas bəyanatlarını Avropa platformalarında - Praqa və Reykyavikdə verib. Çünki Azərbaycanla yekun sülh müqaviləsini Avropa platformasında imzalamaq istəyir.
“Paşinyan Aİ-nin Rusiyanı danışıqlar prosesindən kənarlaşdırmasını istəyir. Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı yüksəkdir. İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacaq və sənəddə Qarabağın erməni icması ilə bağlı heç nə olmayacaq. Ola bilsin ki, paralel olaraq Qarabağın erməni icmasının hüquqlarının müdafiəsi mexanizmini təsvir edən başqa sənəd də hazırlansın. Bu onunla bağlıdır ki, Azərbaycan da Qarabağın erməni icmasının müəyyən hissəsinin öz ərazisində qalmasını istərdi”, - Markov bildirib.
Tariyel Həsənov