İrəvan müharibəyə hazırlaşır? - “Paşinyanı aradan götürməyə çalışırlar ki...”
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmağa davam edir.
Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Qeyd edək ki, Müdafiə Nazirliyi daha öncə də oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsinin müşahidə olunduğunu açıqlayıb. Həmçinin, Ermənistanın bəzi rəsmiləri və generalları tərəfindən müharibəyə hazılaşdıqlarına dair fikirlər səsləndirilib.
Son günlərdə ermənilər tərəfindən davamlı olaraq atəşkəsin pozulması onların müharibəyə hazırlaşdığını göstərir, yoxsa növbəti təxribat cəhdləridir?
Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanda revanşist əhval-ruhiyyə çox yüksəkdir:
“Orada revanşist qüvvələrin hakimiyyətə gəlmək cəhdi real görünmür, amma mütəmadi xarakter daşıyır. Görünən odur ki, onlar hazırlanan sülh müqaviləsinə imza atmamaq məqsədilə bütün təxribatlara əl atırlar. Hətta revanşistlər vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyan addımlar ataraq, Nikol Paşinyanı aradan götürmək fikrindədirlər. Həmçinin, Paşinyanın da ölkəyə tam nəzarət edə bilmədiyi müşahidə olunur. Bu da belə təxribatların törədilməsinə gətirib çıxarır”.
Politoloqun sözlərinə görə, İrəvan hakimiyyəti sülh müqaviləsini imzalmaqdan boyun qaçırmağa çalışır:
“Həm Paşinyan, həm də onun hərbi strukturları başa düşməlidir ki, Azərbaycanla müharibə aparmaq onların özlərinə ziyandır. Son baş verənlər fonunda rəsmi İrəvanın müharibəyə hazırlaşdığını düşünmürəm. Amma onların məqsədi sülh müqaviləsinə imza atmamaqdır. Onlar sadəcə olaraq Azərbaycanın şərtlərini inkar edir və vəziyyəti mürəkkəb formada saxlamağa çalışırlar”.