Erməni deputatın paylaşımı gündəm oldu – Qazaxın 7 kəndi Azərbaycana qaytarılıb? + AÇIQLAMA
Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status gündəm yaradıb. Erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib.
Deputatın paylaşdığı məlumatda deyilir: “Babamın evinin həyətində dayanıb günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və Google-dan belə bir sürpriz var”.
Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazaxın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıb.
Mövzu barədə Sfera.az-a açıqlama verən politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyi Elçin Xalidbəyli bildirib ki, Ermənistan cəmiyyətində hazırda qorxu və xof hökm sürür.
Analitikin sözlərinə görə, əksər erməni siyasətçilər gələcəklə bağlı pessimistdirlər:
“Anlayırlar ki, Ermənistan Azərbaycan ərazilərini məhz Rusiyanın hərbi və siyasi dəstəyi ilə işğal edə bilmişdi. Son 30 il ərzində də Azərbaycan ərazilərini elə Rusiyanın dəstəyi ilə işğal altında saxlaya bilmişdilər.
Ətraflı
Ancaq bu müddət ərzində Azərbaycan dövləti inkişaf edib, müasir və güclü ordu qurub. Ermənistan isə yalnız Rusiyaya ümid bəsləyib, inkişafa doğru hər hansı addım atmayıb. Üstəlik, indi Rusiyanın dəstəyi də demək olar ki, yoxdur. Hətta olsa belə, Kremlin dəstəyi artıq Azərbaycanın hədəfləri qarşısında yetərli deyil. Yəni geopolitik vəziyyət də ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişib. Bütün bunlar 44 günlük II Qarabağ savaşı və “Qisas” antiterror əməliyyatının yekun nəticələri ilə təsdiqlənib”.
E.Xalidbəylinin fikrincə, Ermənistan cəmiyyətində də artıq tam əmindirlər ki, Azərbaycan özünə aid bütün əraziləri mütləq geri alacaq:
“Ermənsitan buna əngəl ola bilməyəcək. Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın Qazaxın kəndlərinin geri qaytarılması barədə iddiaları da məhz mövcud situasiyadan qaynaqlanır. Əslində, Qazaxın kəndlərinin Azərbaycana geri qaytarılacağı heç kimdə şübhə doğurmur. Hətta rəsmi İrəvanın Azərbaycanın bu barədə tələblərini dərhal yerinə yetirməyə hazır olduğu barədə də müəyyən məlumatlar mövcuddur. Ola bilsin ki, erməni deputat da Qazaxın kəndlərinin geri qaytarıldığını iddia edərkən, məhz bu məqamı – Paşinyan hakimiyyətinin belə bir öhdəlik götürməsini nəzərdə tutub.
Ancaq hələlik bu məsələnin rəsmiləşmədiyi hər kəsə məlumdur. Hazırda rəsmi Bakı Qazaxın kəndləri ilə bağlı israrlı və prinsipial mövqe tutur və bu məsələ sülh danışıqlar prosesinin gündəliyinə daxildir. Eyni zamanda, rəsmi Bakı tərəfindən Naxçıvanın Ermənistanın nəzarətində olan kəndinin də geri qaytarılması tələb olunur.
Məsələyə ümumi yanaşaraq, onu qeyd etmək olar ki, Ermənistan cəmiyyəti vaxtilə işğal edilmiş bütün ərazilərin Azərbaycana qaytarılacağına artıq qətiyyən şübhə eləmir. İndi ermənilər Azərbaycan ərazilərini işğal altında saxlamağın yolları barədə deyil, Ermənistanın mövcudluğunu qorumaq haqda düşünmək məcburiyyətindədirlər. Çünki yaxın gələcəkdə Ermənsitan üçün əsas gündəm mövzusu məhz Zəngəzur problem olacaq".