azia.az
azia.az

Azərbaycan Qazaxıstan qardaşlığının yeni hədəfləri

28-08-2022, 11:37

Azərbaycan Qazaxıstan qardaşlığının yeni hədəfləri
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri nəhəng tarixi hadisələrin baş verdiyi bir zamana təsadüf etdiyi üçün bütün dünyada diqqətlə izlənirdi. Bu səfər iki qardaş dövlətin münasibətlərinin daha da yaxınlaşması baxımından önəmli hadisə olduğu kimi, Azərbaycan və Qazaxıstanın dünyadakı mövqelərini gücləndirmək baxımından da mühüm hadisə idi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın ali mükafatı, “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət idi.

Qardaş dövlətlər olan Azərbaycan və Qazaxıstanın bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirməsi Bakı ilə Astanın strateji tərəfdaşlar, müttəfiqlər olduğunu təsdiqləyir. Çox əlamətdar haldır ki, ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun və qardaşlığımızın bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir.

Qeyd edək ki, Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

Qazaxıstan və Azərbayan Şərqlə Qərb arasında körpü olmağa iddialıdır. Bunun üçün də nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Son zamanlar Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər yüksələn xəttlə genişlənir. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. Bu çox ciddi artım deməkdir. Lakin bu son deyil. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Buna görə Prezident Kasım-Jomart Tokayevin Bakıya səfəri zamanı gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur.Qeyd olunmuşdur ki, investisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti mövcuddur. Bu istiqamətdə də səyləri birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyin vaxtı yetişib. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi tərəflərin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır.

Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələrin daha da inkişaf edəcəyini əminliklə söyləmək olar.

“Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır. Sənədin imzalaması mərasimi zamanı dövlət başçıları tərəfindən də qeyd edildiyi kimi bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Aydın şəkildə ifadə edilir ki, biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Çox önəmlidir ki, birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bunun da Orta Dəhlizin tərkib hissəsi olacağı nəzərdə tutulub.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu sənədlərin, xüsusilə də birgə Bəyannəmənin imzalanması bizim üzərimizə xüsusi məsuliyyət qoyur. “Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb”.

Dövlət başçıları ölkələrimizin iştirak etdiyi aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq etdiyini, daim bir-birini dəstəklədiyini və əməkdaşlığın gələcəkdə də davam edəcəyini qeyd ediblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı iki qardaş ölkənin yeni hədəflərinin müəyyən olunması baxımından böyük tarixi hadisədir.





Rəvan Nüsrətli

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi