Əliyev və Paşinyan görüşündə nələr olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti üçtərəfli görüşü avqustun 31-də Moskvada baş tuta bilər.
Maraqlıdır, görüşdən gözləntilər nələrdir? Ermənistan hansı şərtlərlə sülhə məcbur edilə bilər?
Məsələ ilə bağlı Gundem.az saytına danışan politoloq Natiq Miri bildirib ki, Moskva görüşü baş tutacaqsa, bu, Brüssel görüşü öncəsi Rusiyanın bilavasitə mesajıdır. Belə ki, 10 noyabr 2020-ci il sənədi Azərbaycan-Ermənistan münaqişəsi konteksində həll oluna biləcək yeganə yol xəritəsidir:
"Bu məsələdə yeganə vasitəçi də məhz Rusiyadır. Rusiyanın moderatorluğundan kənarda keçirilən istənilən bir görüş yenə də 10 noyabr sənədi konteksində baş verə biləcək bir siyasi hadisə ola bilər. Verilən ilk mesaj budur. Konkret hansısa nəticələrə gəldikdə isə bu bəllidir ki, Azərbaycan prezidenti birmənalı olaraq tələb edəcək ki, artıq kapitulyasiya sənədinin imzalanmasından 2 ilə yaxın zaman keçib və imzalanmış bu sənədə görə götürülmüş öhdəliklər icra olunmalıdır. İlk növbədə dördüncü maddə icra olunmalı, yəni qanunsuz erməni silahlı birləşmələri silahsızlaşdırılaraq Azərbaycan ərazilərini, Qarabağı tərk etməlidirlər. Tədricən bu ərazilərin və toplumun Azərbaycan cəmiyyətinə inteqrasiyasına başlanılmalıdır. Çünki bu proses başlamadan Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu qətiyyən iddia etmək olmaz. Bundan sonra Azərbaycanın tələb edəcəyi məsələ 10 noyabr sənədi konteksində Zəngəzur dəhlizinin dəhliz fəlsəfəsində həll olunması məsələsidir. Çünki bilirsiniz ki, Ermənistan bu məsələni hələ də sabotaj edir və müxtəlif anlamlar verməklə bu məsələdən boyun qaçırmaq istəyir. Düşünürəm ki, artıq Ermənistanın qaça biləcəyi yer yoxdur. İstər Rusiyanın moderatorluğu fonunda, istərsə də Brüsselin keçirdiyi tədbirdə, əgər dəhliz statusunda Zəngəzur kommunikasiya xətləri açılmırsa, bu zaman artıq Laçınla olan Ermənistan sərhədi bağlanacaq. Bununla da Laçın dəhlizi məsələsi aradan qaldırılacaq. Bu da Rusiya sülhməramlılarını pis vəziyyətdə qoyar. Çünki rus sülhməramlılarının dayandığı əsas hərbi məntəqələrin əksəriyyəti məhz bu yol çərçivəsi boyuncadır.
Ona görə də düşünürəm ki, Zəngəzur məsələsi çox kəskin, qətiyyətli şəkildə danışılacaq və Ermənistanın Baş Naziri Paşinyan üçün hər hansı bir seçim şansı olmayacaq. Bu məsələdə Rusiya da Azərbaycana anlayış göstərəcək. Çünki 2 il müddətində 10 noyabr sənədinin əksər müddəaları yerinə yetirilməyib. Hansı ki, bu məsələdə Rusiya prezidenti öz imzası ilə məsuliyyət daşıyır. Əlbəttə ki, bu sənəd icra olunmazsa, Rusiya dövlətinin və prezidentinin qeyri-ciddi imici ortaya çıxacaq. Bu da alternativlər ortaya qoyacaq ki, artıq bu məsələdən də Avropa Birliyi, ABŞ, bütövlükdə Qərb dünyası rahatlıqla istifadə edəcək. Yəni əslində bu gün Brüssel üçlü formatı da məhz Rusiyanın moderatorluğu ilə keçirilən formatda boşluq olduğu üçün keçirilib".
Politoloq onu da qeyd edib ki, Rusiya artıq anlayır ki, qətiyyətli Azərbaycanın siyasi iradəsi fonunda bundan sonra Paşinyanın istədiyi kimi məsələni zamana daşımaq mümkün olmayacaq:
"Ona görə də bu məsələlər konkret müzakirə olunacaq. Düşünürəm ki, hər hansı bir bəyannamənin qəbul olunub-olunmaması baxımından konkret zaman çərçivəsində ciddi şəkildə icraata yönəlik fəaliyyət tələb olunacaq. Olmadığı təqdirdə Azərbaycanın davranışı bəllidir. Növbəti hərbi əməliyyatlarla Ermənistan sülhə məcbur ediləcək. Bunun da fonunda sərhədlərin müəyyənləşməsi, bütün kommunikasiyaların formalaşması, eyni zamanda sülh müqaviləsinin imzalanması gərəkəcək. Əslində Azərbaycanın istədiyi sülh müqaviləsinin imzalanmasıdır ki, bunun da yolu sərhədlərin müəyyənləşdirilməsi konteksində bütün kommunikasiyaların açılması və Azərbaycanın bütün Azərbaycan ərazisində suveren haqqlarının bərpa olunmasından keçir.
İstər Moskva, istərsə də Brüssel görüşün Azərbaycanın tələbləri çərçivəsində müşayiət olunacaq. Düşünürəm ki, Paşinyan üçün seçim şansı yoxdur. Ayrıca bir məsələni vurğulamaq istəyirəm ki, bir məsələ davamlı olduğu halda uğurlu olur. Bu davamlı yol da hər zaman Ermənistana təzyiq mexanizmini gücləndirməkdən ibarətdir".