azia.az
azia.az

“ Laçın məsələsini Zəngəzursuz da tam şəkildə həll edəcəyik…”

9-08-2022, 08:19


"O da var ki, eyni sənədə əsasən Laçın yolu öhdəliyi Azərbaycan üçün 5 illikdir. Fəqət, yenə də 10 noyabr sənədinə uyğun olaraq Zəngəzur dəhlizini Ermənistan bizə müddətsiz verməlidir..."
“ Laçın məsələsini Zəngəzursuz da tam şəkildə həll edəcəyik…”
Azərbaycan ordusunun Qarabağdakı növbəti uğurlu əməliyyatından sonra Paşinyan birdən-birə dedi ki, rəsmən bəyan edirəm; azərbaycanlılar Ermənistanın istənilən nöqtəsindən bu ölkənin qanunlarının icrası, yəni gömrük haqqı-filan ödəmək şərti ilə, keçib Naxçıvana gedə bilər. Bəlkə Ermənistan baş naziri bununla demək istəyir ki, Ermənistan vətəndaşı olan ermənilərin də Laçından eyni şərtlərlə keçməsinə razıyıq?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:

“Məntiqi davam etsək, belə, yəni sualda dediyiniz kimi çıxır... Amma əslinə qalsa, Zəngəzur dəhlizi mövzusu yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla əlaqəsinin qurulmasını ehtiva etmir. Burada eyni zamanda tarixi ədalətin bərpası məsələsi var. Yəni bu baxımdan bizdə bəzən belə fikirlər səslənir ki, Zəngəzur məsələsi vasitəsi ilə Laçın məsələsini də həll edək. Ancaq Laçın məsələsi faktiki olaraq həll olunub, Qarabağ məsələsi həll olunub. Sadəcə, həmin məsələlərin hansısa bir müddətdə, mərhələdə tam şəkildə həll edilməsi hələ də müəyyən siyasi fəallığı gözləyir. Bəlkə də hərbi-siyasi fəallığı... Amma məsələ nəticə etibarilə artıq bəllidir. Ona görə də Laçın məsələsini Zəngəzur məsələsi ilə əlaqələndirməyin tərəfdarı deyiləm. Onsuz da biz Laçın məsələsini Zəngəzursuz da tam şəkildə həll edəcəyik. Ancaq 10 noyabr razılaşmasına görə ermənilərin öhdəliyi var ki, Zəngəzurdan bizə dəhliz versinlər və onu verməlidirlər”.

“O da var ki, eyni sənədə əsasən Laçın yolu öhdəliyi Azərbaycan üçün 5 illikdir. Fəqət, yenə də 10 noyabr sənədinə uyğun olaraq Zəngəzur dəhlizini Ermənistan bizə müddətsiz verməlidir. Rusiya sərhəd qoşunları isə bu dəhlizdə 10 noyabr bəyanatına əsasən yox, 1992-ci ildə Ermənistanla Rusiya arasında imzalanmış sənədə əsasən dayanmalıdırlar. Bəzi tənqidçilər bu məsələni də nəzərə almırlar. Ona görə yenə də təkrar edirəm, Laçınla Zəngəzurun əlaqələndirilməsinin tərəfdarı deyiləm”- deyə sabiq baş diplomat vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi