azia.az
azia.az

Brüssel görüşündə müsbət nəticə əldə olundumu?

7-04-2022, 15:15



Brüssel görüşündə müsbət nəticə əldə olundumu?
Brüssel görüşündə müsbət nəticə əldə olundumu?
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən ikinci Brüssel görüşünün nəticələrini çox şişirməyin əleyhinəyəm.
Bəli, aprelin sonuna qədər Azərbaycan-Ermənistan dövlət sərhədinin müəyyənləşdirilməsi(delimitasiya və demarkasiya)prosesi başlaya bilər.
Ona görə, "başlayacaq"demirəm ki,N. Paşinyan hökuməti hələ də müstəqil qərar verə biləcək siyasi iradəyə sahib deyil.
Hətta erməni iqtidarı Dağlıq Qarabağ məsələsində hər hansı müstəqil qərar verməyə cəhd etsə də,biz bu ölkədə nələrin baş verəcəyini aşagı-yuxarı təxmin edə bilirik.
Razıyam ki,ATƏT-in Minsk Qrupu haqqında hər hansı açıqlama yoxdur.Ancaq bu,o demək deyil ki, Ermənistan tərəfi bundan sonra Minsk Qrupu israrından vaz keçəcək.
Sadəcə, ATƏT-in Minsk Qrupu təşkil edən həmsədr ölkələr arasında indiki vəziyət hamıya məlumdur.
Digər tərəfdən, Avropa İttifaqı birtərəfli qaydada Dağlıq Qarabağ probleminin yekun həllini,sülh müqaviləsi imzalanması məsələsində həlledici rola malik deyil.Aİ ən yaxşı halda tövsiyyə xarakterli bəyanatlar səsləndirə bilər.
İkincisi, aydındır ki, Dağlıq Qarabağ konflikti Aİ üçün yenidir və təşkilat bu problemin anatomiyasına bələd deyil. İndiyə qədər Aİ-nin əsas hədəfi bu, olub ki, Cənubi Qafqazda status-kvo sabit qalsın, müharibə olmasın. Eyni zamanda, Dağlıq Qarabağ qambitini yaradan,lazım gələndə onu donduran, tərəflərə qarşı təzyiq vasitəsi kimi istifadə edən dövlət Rusiyadır. Kreml Qarabağ probleminin tarixi bazisini Qərb ölkələri ilə müqayisədə daha dərindən bilir.
Həm keçən ilin dekabrın 14-ündə,həm də dünən Brüsseldə baş tutan Əliyev-Paşinyan görüşündən sonra iki deklarasiya yayımlanıb. Hələ ki, bu deklarasiyalarda Xankəndi başda olmaqla,işgal altında olan Azərbaycan torpaqlarının statusu haqqında bir söz deyilmir. Aİ-in əsas hədəfi regionda kommunikasiya xəttlərinin açılması, normal qonşuluq münasibətlərinin təsis olunmasıdır.
Əslində, bu məsələdə yeni heç nə yoxdur. Həm 2020-ci il 10 noyabr, həm 2021-ci il 11 yanvar, həm də 26 noyabr görüşlərində də nəqliyyat dəhlizinin bərpası haqqında bəndlər var. Ancaq Ermənistan tərəfi hələ də Zəngəzur dəhlizinin açılmasını yubadır, hər vəchlə ATƏT-in Minsk Qrupunu problemin yekun həllinə cəlb etmək istəyir.
Brüssel görüşünun yeganə pozitiv tərəfi budur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tuta bilər və bundan sonra tərəflər arasında birbaşa təmas gerçəkləşə bilər.
Rəsmi Bakının əvvəlcədən Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistan qarşısında irəli sürdüyü 5 maddə əsas müzakirə mövzusu olacaq. Yəqin ki, Ermənistan tərəfi də öz əlavələrini təqdim etməyə çalışacaq. Həmin əlavələrdən biri "xalqların öz müqəddəratını təyin etmə"prinsipi olacaq. Rəsmi Bakı əsla bu məsələdə güzəştə getməməlidir. Çünki Dağlıq Qarabağ problemi böyük ölçüdə həll olunub, geridə isə bu ərazidə yaşayan ermənilərin Azərbaycanın yurisdiksiyası çərçivəsində yaşamagı qəbul etməsidir.
Güman edirəm ki, Əliyev-Paşinyan görüşünün növbəti ünvanı Rusiya olacaq.Və o da mümkündür ki, Rusiyada keçiriləcək növbəti görüşdən sonra bir sıra məqamları daha aydın təhlil etmək mümkün olacaq.
Son olaraq,onu da qeyd edim ki, Dağlıq Qarabağ yeganə problemlərdən biridir ki, Qərb və Rusiyanın geosiyası maraqları üst-üstə düşür.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi