"Azərbaycan "Fateh" raketi ilə vurula bilər, çünki..." - Sabiq nazirlə MÜSAHİBƏ
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov gündəmdəki hadisələr, İran-Ermənistan rəsmilərinin görüşləri ilə bağlı Gundem.az-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
-İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Ermənistanda səfərdə olarkən bildirdi ki, regionda geosiyasi vəziyyəti dəyişmək cəhdləri qəbuledilməzdir. Bununla o, nə demək istəyir?
-Regionda geosiyasi vəziyyətin dəyişməsi kiminsə istəyindən asılı deyil. Bunun üçün böyük proseslər baş verməlidir. Hiss olunur ki, burada geosiyasi vəziyyətin dəyişməsi İran siyasi elitası üçün arzuolunmazdır. Amma İran geosiyasi dəyişikliklərin qarşısını ala bilməz. Biz görürük ki, burada dəyişikliklər gedir. Rusiyanın zəifləməsi, Türkiyə-Azərbaycan tandemi göz qabağındadır. Ermənistan kimi İran da Türkiyə-Azərbaycan tandeminin güclənməsindən narahatdır.
-İran ordusu – SEPAH növbəti dəfə Azərbaycanı hədələyib. Qurumun rəsmi Teleqram kanalında qeyd olunub ki, İsraillə münasibətləri yaxşı olan Azərbaycan “Fateh” raketi ilə vurula bilər. Azərbaycanın Qərblə əməkdaşlığı İranda niyə narahatlıq doğurmalıır?
-Qərb qüvvələri İranın digər cinahlarında da mövcuddur. Fars körfəzi, İraq və digər cinahlarda ABŞ-ın qüvvələri var. Amma İran niyə məhz Azərbaycanı qabardır? Mən bunu əsassız sayıram və təbliğat olduğunu düşünürəm. İran Qərbin bölgədə mövcudluğundan narahatdırsa, ilk növbədə Fars körfəzinə, İraqa fikir versin. Bundan öncə Əfqanıstanda da NATO qoşunları vardı, amma İran bununa bağlı hansısa addım atmadı. Odur ki, SEPAH nümayəndələrinin Azərbaycanla bağlı açıqlamalarını ciddi hesab etmirəm.
-Məlumat yayılıb ki, Rusiya Azərbaycanla sərhəddə - Tovuz rayonun yaxınlığında hərbi baza tikir. Sizcə, Rusiyanın sərhədimizin yaxınlığında hərbi baza tikməsi hansı zərurətdən irəli gəlir?
-Doğrusu, orada baş verənlərin məntiqini tuta bilmirəm. Rusiyanın Tovuzla üzbəüz mövqedə hərbi baza tikməsinin heç bir mənası yoxdur. İstisna etmirəm ki, bu ermənilərin təxribat xarakterli şayiələridir. Onların əsas məqsədi Türkiyə-Azərbaycan tandemini zəiflətmək, Rusiya ilə münasibətlərimizi korlamaqdır. Hesab edirlər ki, Rusiya Azərbaycanla münasibətləri pisləşdirsə, Ermənistanın fantaziyalarına dəstək verəcək.
-Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət öncə bildirdi ki, Azərbaycan yeni müharibəyə hazırlaşır. Bu yanaşma nə dərəcədə ağılabatandır?
-Paşinyan bəzi hallarda həqiqəti söyləyir. Onlar açıq şəkildə bəyan ediblər ki, köhnə siyasəti təzə şəraitdə davam etdirəcəklər. 1918-ci ildən başlayaraq onların Azərbaycana qarşı ərazi iddiaları və anneksiya cəhdləri olub. Əvvəllər bunu hərbi yolla həyata keçirirdilər, indi istəyirlər ki, bunu yeni şəraitdə davam etdirsinlər. 10 noyabr bəyanatının tələblərindən boyun qaçırmaq istəyirlər. Təbii ki, onların Azərbaycana qarşı ərazi iddiaları davam edərsə, Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq buna cavab verəcək. Azərbaycan Prezidenti də bəyan edib ki, əgər ermənilər bir daha ərazi iddiası irəli sürərsə, təxribata əl atarsa, "dəmir yumruq" yerindədir. Hesab edirəm ki, Paşinyan vəziyyəti yaxşı başa düşür. O, düz deyir, Azərbaycan hər an müharibəyə hazırdır.
-Ermənilər Laçın şəhərindən kənar çəkilən yeni yolla bağlı narahat olublar. Yeni yolun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Laçın şəhərindən kənar yolun çəkilməsi 10 noyabr bəyanatında nəzərdə tutulub. Ermənilərin narahatlığı başqadır. Bilirsiniz ki, 10 noyabr bəyanatında Naxçıvanı Azərbaycanla birləşdirən yeni yolun çəkilməsi nəzərdə tutulmuşdu. Amma Ermənistan buna mane oldu. Öhdəliklərini pozdular, yolun çəkilməsini istəmədilər. Dedilər ki, əgər yol çəkiləcəksə, orada sərhəd və gömrük postu qurulacaq və s. Azərbaycan da Laçındakı yeni yolda – Ermənistanla sərhəddə sərhəd və gömrük postları qurur. Erməniləri narahat edən məsələ budur.
-Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasi uzun vaxt aparacaq. Bu prosesi siz necə görürsünüz? Hansı xəritələr əsasında sərhədlər müəyyən edilməlidir?
-Bəli, bu çox mürəkkəb məsələdir. İki ölkə arasında sərhədlər çəkilərkən müxtəlif xəritələrdən istifadə oluna bilər. Yəni bir xəritəyə istinad olunmayacaq. Ermənilər istəyir ki, SSRİ dövründəki xəritə əsas götürülsün. Onlar Qarabağ istisna olunmaqla, Azərbaycan sərhədlərini tanımağa hazırdırlar. Bu şəraitdə prosesin sürətləndirilməsi bizə maraqlı deyil. Zəngəzur bölgəsində aid 1920-ci ilin xəritəsini əsas götürə bilərik. Həmin xəritə ilə Zəngəzurun Azərbaycana qaytarılmasını təmin edə bilərik. Digər ərazilər üzrə sərhədlər isə başqa xəritələrə əsasən müəyyən edilə bilər.
-Azərbaycanla Ermənistan arasında ərazi dəyişikliyi prosesi baş tuta bilərmi?
- Mən buna inanmıram. Biz hansı əraziləri Ermənistanla dəyişiri? Xankəndi də, Zəngəzur da Azərbaycan əraziləridir. Öz ərazilərimizi niyə dəyişirik ki…Bunun məntiqini qəbul edə bilmirəm. Hər iki ərazi bizimdir.
-Qarabağdakı rus sülhməramlılar öz fəaliyyətləri barədə kimə hesabat verirlər? Onların fəaliyyətinə hansı dövlət nəzarət edir?
-Bu məsələ hər zaman bizi narahat edir. Onların fəaliyyəti şəffaf olmalıdır və Azərbaycan ictimaiyyəti bilməlidir ki, Qarabağdakı ruslar nə işlə məşğuldurlar. Rus sülhməramlılar Qarabağdakı erməniləri Azərbaycanla sülhə hazırlamalı idilər. Onlar tərksilah edilməli, revanşistlər zərərsizləşdirilməli, dialoq mühiti yaradılmalı idi. Biz bu istiqamətdə real addımların atıldığını görmürük.