“Biz heç nədə gecikməmişik” - Səməd Seyidov
“Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”
APA-nın məlumatına görə, bunu “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib.
O xatırladıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: “Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var! Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik”.
S. Seyidovun fikrincə, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır: “Amma bu gün reallıqdan çıxış edərək bildirim ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız bir halda beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi məsələləri tamamilə neytrallaşdırıb ədalət axtarmaq çox çətin və mürəkkəb bir məsələdir”.