Putinin Azərbaycana ARAİK TƏZYİQİ... - NƏ BAŞ VERİR?
“Rusiyanın sülhməramlıları bu fəaliyyətini davam etdikcə Azərbaycan ortaya məsələ qoymalıdır. Bu məsələ də, o olmalıdır ki, “Rusiya sülhməramlısı” adlandırılan hərbi kontingenti Qarabağdan çıxsın. Mən başqa seçim görmürəm”. Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu separatçıların lideri Araik Arutunyanın son bəyanatını PİA.az-a şərh edərkən qeyd edib.
Şənbə günü separatçıların lideri Araik Arutunyan bildirib ki, Rusiya Müdafiə Nazirliyi ilə birlikdə “Qarabağ”da yeni təhlükəsizlik sistemi formalaşdırılır. Separatçıların liderinin sözlərinə görə, “Arsax” müstəqil dövlət quruculuğu prosesini dayandırmadan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi uğrunda mübarizəni davam etdirir.
Separatçıların bu kimi bəyanatlarını necə dəyərləndirmək olar və Rusiya sülhməramlılarının separatçılarla iş birliyi içində olaraq onların təhlükəsizlik sistemi formalaşdırması üçtərəfli bəyanatın və missiyanın mahiyyətinə nə qədər uyğundur?
Sülhməramlıların növbəti oyununu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Bu gün yeni təhlükəsizlik sisteminin formalaşdırılması kimi bəyanatın səsləndirilməsinin nə Araik Arutunyanın nəzarət etdiyi icmanın resursları ilə, nə də Ermənistanın dəstəyi ilə mümkün olmadığını düşünən siyasi-şərhçi fikrini bununla əsaslandırıb ki, Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında artıq kifayət qədər dərin uçurum görünür:
“Bu gün Qarabağın dağlıq hissəsində, istərsə sülhməramlılarının nəzarəti olan hissədə, istərsə də Ermənistanın özündə baş verənlər sinxron fəaliyyətdir. Yəni uzlaşdırılmış fəaliyyətdir və eyni mərkəzdən idarə olunur. Mərkəz də bu günkü gündə ən azı iki məqsəd güdür:
1. Azərbaycana qarşı təxribatlar törətmək;
2. Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq.
Şübhəsiz ki, əgər Dağlıq Qarabağ adlanan ərazidə və yaxud Qarabağın dağlıq hissəsində məskunlaşmış erməniləri təmsil etdiklərini deyən həmin o qondarma qurum, hansıkı, üçtərəfli bəyanatdan sonra onlar öz fəaliyyətlərini dayandırmalı idi, hətta orada yerli idarəetmə belə məntiqlə “Rusiya sülhməramlıları” deyilən hərbi kontingentə keçməli idi. Bütün proseslər göstərir ki, bunların hamısının arxasında “sülhməramlılar” durur. Əgər belə olmasaydı Araik Arutunyanın bu bəyanatına Rusiya tərəfi reaksiya verməli idi. Əvvəl Rusiya tərəfi bu cür addımlara qarşı hansısa reaksiya verirdi. Amma indi heç nə etmirlər.
Bu iş birliyi müəyyən qədər maskalanırdısa, indi açıq şəkildə göstərilir. Məqsəd də Azərbaycana təzyiq etməkdir. Məqsəd bu gün Azərbaycanı nələrdənsə, çəkindirməkdir. Onlar Azərbaycanı hansısa şərtləri qəbul etməyə şövq edirlər. Yəni bunların hamısı təzyiq vasitələridir. Amma biz bunun tək təzyiq vasitəsi olduğunu düşünməklə özümüzü aldatmamalıyıq. Çünki daha ciddi təhdidlər ola bilər.
Etiraf etməliyik ki, sülh yoxdur, amma atəşkəs var. Azərbaycan-Ermənistan sərhəddində hərbi qarşıdurmanın alovlandırılması, Ermənistanın, Azərbaycanın daxilində sabitliyin pozulması üçün əməliyyatların həyata keçirilməsinə görə Rusiyanın bütün resursları var. Buna görə də düşünürəm ki, onların hər bir qeyri-qanuni addımına Azərbaycan tərəfi adekvat reaksiya verməlidir. Bu reaksiya da effektiv olmalıdır.
Harada lazım olsa, orada diplomatik stildə cavab vermək, lazım olan halda siyasi bəyanatlarla, lazım olanda isə, hərbi kontingentlə cavab verməliyik. Bu gün yeni təhlükəsizlik sisteminin formalaşdırılması kimi, bəyanatın səsləndirilməsi nə Araik Arutunyanın nəzarət etdiyi icmanın resursları ilə, nə də Ermənistanın dəstəyi ilə mümkün deyil. Çünki Ermənistan rəhbərliyi ilə Qarabağ separatçıları arasında artıq kifayət qədər dərin uçurum görünür.
Bu Rusiyanın fəaliyyətdir. Azərbaycan tərəfi də artıq bunu nəzərə almalı və buna açıq, adekvat reaksiya verməlidir. Azərbaycan hər şeyi öz adı ilə səsləndirməlidir. Qalan bütün hallarda bu proses davam edəcək. Rusiyanın sülhməramlıları bu fəaliyyətini davam etdikcə, Azərbaycan ortaya məsələ qoymalıdır. Bu məsələ də, o olmalıdır ki, “Rusiya sülhməramlısı” adlandırılan hərbi kontingenti Qarabağdan çıxsın. Mən başqa seçim görmürəm”.
Mənbə:My Webpage