SEPAH niyə yenidən Azərbaycana “diş qıcadı” – Pərdəarxası oyun
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Twitter” səhifəsində video paylaşılıb. Orada İranın beynəlxalq sərhədləri dəyişdirmək məqsədli istənilən plana sərt cavab verəcəyi bildirilib. Videoda ötən il İranın Ali dini rəhbərinin İkinci Qarabağ müharibəsindən bəhs edən çıxışından sitat gətirilib: “Beynəlxalq sərhədlərə riayət edilməlidir. Yəni münaqişə tərəfləri ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz etməməli və terrorçular da sərhədlərimizin yaxınlığında yerləşdirilməməlidir”.
Videoda SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlim zamanı verdiyi açıqlama da yer alıb: “Biz bölgənin bütün ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və sərhədlərdə hər hansı dəyişikliyi qəbul etmir, bunu İranın qırmızı xətti hesab edirik”.
SEPAH-ın Azərbaycanı hədələyən, ölkəmizin ərazi bütövlüyünə təhdid sayılan açıqlama ilə çıxış etməsi hiddətlə qarşılanıb. Qonşu dövlətin təhdid ritorikası müxtəlif amillərlə, o cümlədən Brüssel görüşü sonrası İranın təşvişi kimi səciyyələndirilir. DİA.AZ xəbər verir ki, ABŞ-da yaşayan Cənubi azərbaycanlı siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalı AYNA-ya müsahibəsində baş verən proseslərdən danışıb.
- SEPAH-ın adından sosial şəbəkələrdə video yayıldı və həmin videoda İranın Ermənistanın sərhədlərinin dəyişdirilməsi ilə barışmayacağı bəyan olundu. Nə baş verdi ki, İran yenidən təhdid ritorikasına əl atdı?
- Baxmayaraq ki, İran əhalisinin yarıya qədəri digər xalqlardan, əsasən də azərbaycanlılardan ibarətdir, bu rejim daim fars təfəkkürü ilə çıxış edib. Yəni, on milyonlarla vətəndaşının maraqlarını həmişə qurban verib. İranla Azərbaycanın İran-Turan davası İran tərəfindən bitməyib. SEPAH-ın verdiyi bəyanat bir daha göstərdi ki, İran Azərbaycana qarşı təzyiqlərini davam etdirir. Düzdür, onlar elan edirlər ki, guya bizi dost dövlət sayırlar. Lakin hər fürsətdə zərbə vurmağa, ərazi bütövlüyümüzü təhdid etməyə çalışırlar. SEPAH-ın Ermənistan sərhədlərinin dəyişməsindən narahat olmalarına dair açıqlaması sadəcə bir bəhanədir. Onları əsas qayğılandıran Azərbaycanın beynəlxalq miqyasda artan rolu, qardaş Türkiyə ilə birlikdə geosiyasi önəminin artmasıdır.
Xüsusilə Azərbaycanın İsraillə münasibətlərindən ehtiyat edirlər və bütün təzyiqlərin kökündə də məhz bu amil dayanır. Həmin video-sujetdə Xameneyinin adından bəyanat da yer alır və orada farsçıların dini rəhbəri qeyd edir ki, sionistlərin, yəni İsrailin İran sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəklər. Adı islam dövləti olsa da, əslində farsçı rejim Azərbaycanın nüfuzlu dövlətlərlə, o cümlədən İsraillə əməkdaşlığını həzm etmir. Unutmaq lazım deyil ki, İran hər zaman Azərbaycana qarşı düşmənçilik edib, edir və bundan sonra da edəcək. Bu səbəbdən biz hər zaman onunla münasibətdə tədbirli davranmalıyıq.
- Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda İranın enerji istehsalçısı olaraq mövqelərini gücləndirəcəyi iddia olunur. Bu xüsusda ölkəmizə qarşı cənubdan hər hansı təhlükə gözlənilirmi?
- ABŞ, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, o cümlədən neft-qaz sənayesinə embarqolar Moskvanın ziyanına olsa da, bu, o demək deyil ki, İran və bu kimi Qərbə düşmən ölkələrin dünya miqyasında rolu artıracaq. Təbii ki, alternativ enerji mənbələri axtarışı Qərbi İranla da müəyyən əməkdaşlığa sövq edə bilər, lakin bu, ciddi və əhəmiyyətli səviyyədə olmayacaq. Nəzərə almaq lazımdır ki, İran bu gün hasil etdiyi neftini dünya bazarında satışa çıxarır, ABŞ da buna göz yumur. Bundan artıq neft istehsal etməyə isə gücü yoxdur. Yenidən hasilatı artırmaq üçün Tehran hərəkətə keçərsə, buna azı bir il zaman lazımdır. Qərbə isə bu gün neft lazımdır və onlar İranı bir il gözləməyəcəklər. O ki qaldı qaza, İranın mavi yanacaq hasil etmək üçün texnologiyası çox zəifdir. Bu baxımdan onlar daxili tələbatı çətinliklə ödəyirlər. Çox az miqdarda mavi yanacağı isə İraqa və Türkiyəyə ixrac edirlər.
Rusiyaya təzyiqlər fonunda İran diqqətdən kənarda qalır və bu, fars rejimi üçün müsbət məqamdır. Lakin mənfi tərəfi də odur ki, nüvə anlaşmaları da bu əsnada arxa plana keçir. Yaxın müddətdə İranla nüvə anlaşmasının imzalanması gözlənilmir. Onun geri çəkilməsi, SEPAH-ın heç olmasa bir qolunu terrorçu təşkilat kimi tanıması halında bu müqavilənin imzalanması baş verə bilər ki, Tehranın isə belə bir niyyəti görünmür. Həm Rusiyaya təzyiqlər, həm də qeyd etdiyim bu səbəblərdən nüvə müqaviləsinin imzalanması təxirə düşəcək. İrandan Azərbaycana təzyiqlərə gəldikdə isə, buna hər zaman hazır olmalıyıq. Çünki qeyd etdiyim kimi, onlar hər zaman bizə düşmən kimi yanaşıblar.
- İddialar var ki, Berlin görüşündən sonra İran təşviş keçirir və hər vəchlə Qərbin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa çalışır...
- Azərbaycan və Ermənistan rəhbərlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşməsi müsbət məqamdır. Hesab edirəm ki, münaqişəni Rusiyanın təsirindən çıxarmaq, konkret sülhə nail olmaq baxımdan belə görüşlərin əhəmiyyəti yüksəkdir. Qərbin həm Azərbaycanı, həm də Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmaq cəhdlərini təqdir etmək lazımdır. Rusiya heç zaman Azərbaycanın dostu olmayıb və hər zaman Ermənistana dəstək verib. Lakin bir məqamı da unutmaq lazım deyil ki, Qərb dövlətləri də Azərbaycana can yandırmır. Torpaqlarımızın işğal altında olduğu 30 il ərzində gördük ki, benyəlxalq birlik baş verən işğal faktına göz yumub.
Mövcud şəraitdə onların hərəkətə keçməsi, təşəbbüsü ələ almaq cəhdləri isə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən qaynaqlanır. Azərbaycan ilə Türkiyə birlikdə balanslaşdırılmış xarici siyasət yürüdür və bu, çox düzgün mövqedir. Reallıq ondan ibarətdir ki, Qarabağ münaqişəsində əsas təsir dairələri Rusiya və Türkiyədir. Qərb isə onların hər ikisini kənarda saxlamaq niyyəti güdür. Hesab etmirəm ki, bu görüşdən ciddi nəticələr gözlənilir. O ki qaldı İranın buna mane olmaq cəhdlərinə, onun buna gücü yoxdur. İran bu məsələdə müşahidəçidir və belə qalmaqda davam edəcək.
- ABŞ və Qərbin Rusiyaya qarşı mübarizəsi azadlıq istəyən digər xalqların, o cümlədən Güney Azərbaycan əhalisinin oyanışına təsir edə bilərmi?
- Güney Azərbaycandakı təşkilatların vahid cəbhədə birləşməsi, öz hüquqlarını müdafiə etmək istiqamətində apardığı mübarizə həmişə davam edib. Təbii ki, müasir dünyanın Rusiyanın işğalçılıq siyasətinə qarşı sərt mübarizəsi Cənubdan olan soydaşlarımızın da fəallaşmasına səbəb olacaq. Rusiya amilinin Güney Azərbaycan məsələsinə təsiri qaçılmazdır. Bu məqamda haşiyəyə çıxaraq bildirim ki, biz bunu güneylilərin yox, Türk dünyasının mübarizəsi kimi qiymətləndirməliyik. Şimali Azərbaycanın, yəni Azərbaycan Respublikasının güclənməsi güneylilər üçün çox vacibdir. Azərbaycan gücləndikcə, inkişaf etdikcə, qüdrətləndikcə, bu, bizim də qarşımızda böyuk imkanlar açır.
Məhz bunun nəticəsində biz azadlıq mübarizəmizi keyfiyyətcə yeni mərhələyə daşıya bilərik. Hesab edirəm ki, Rusiyanın zəifləməsi, başının özünə qarışması, dünyada bu cür rejimlərə qarşı mübarizənin sərtləşməsi həm Cənubda yaşayan soydaşlarımız, həm də Azərbaycan Respublikası üçün bir fürsətdir ki, ardıcıl mübarizə aparsınlar və daha da inkişaf etsinlər. Bizim Güney Hərəkatının gələcəyi strateji və taktiki hədəflərdən, dinc mübarizə yolu ilə mübarizənin səviyyəsindən asılıdır. Bu yolda isə qətiyyən geri çəkilmək niyyətimiz yoxdur. Mübarizə olub, var və bundan sonra da olacaq.
- Rusiyadan söz düşmüşkən, Böyük Britaniya və Avstriya liderlərinin Kiyevə səfəri Qərbin artıq “açıq kartlarla” oynadığını söyləməyə əsas verirmi? Bu barədə nə deyə bilərsiniz?
- Britaniya, Avstriya və Litva liderlərinin Kiyevə səfərləri Qərbin Ukraynaya açıq dəstəyinin təzahürüdür. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra ABŞ və Qərb ortaya prinsipial mövqe qoyub. Həm Ukraynaya maliyyə və silah dəstəyi verir, həm də Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Bu günə qədər onların arasında “soyuq müharibə” gedirdisə, artıq münasibətlər daha gərgin mərhələdədir. Rusiya strateji baxımdan çox səhv qərar verdi və əbədi olaraq Ukrayna xalqını özünə düşmən etdi. Halbuki bu xalqlar arasında qohumluq əlaqələri mövcud idi. Bunu qorumaqdansa təcavüz siyasəti Rusiyanı Ukraynadan daha da kənar saldı. Qərb də anlayır ki, Rusiyanın qarşısı alınmasa, Cənubi Qafqaz və Mərkəzi Asiyaya dönəcək. Yəni işğalçılıq siyasətini davam etdirəcək. Qərar qətidir və Rusiyanı geri oturtmaq istiqamətində səylər davam edəcək. Hətta Ukrayna bir qism ərazisini itirsə belə, yekunda Rusiya məğlub olacaq. Artıq Kremlin özündə də dərin peşmançılıq elementləri müşahidə olunur.
Mənbə:My Webpage